PDF Oxu

Siyasət

  • 2 740

Regionlara səfərlərin uğurlu perspektivləri

Regionlara səfərlərin uğurlu perspektivləri

Prezident İlham Əliyevin Salyan və Neftçala səfərləri bu amili kifayət qədər ehtiva edir
Son illər artan iqtisadiyyat, gündən-günə abadlaşan, müasirləşən paytaxt və bölgələrimiz, yeniləşən infrastruktur Azərbaycanın reallıqlarıdır. Dövlət başçısı İlham Əliyevin regionlara müntəzəm səfərləri şəhər və kəndlərimizin ildən-ilə abadlaşmasına, sosial-iqtisadi inkişafın sürətləndirilməsinə, insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
“Azərbaycanın hərtərəfli yüksəlişi elə olmalıdır ki, təkcə ölkəmizin paytaxtı yox, bütün şəhərlər, bütün rayonlar inkişaf etsin.” Dövlət başçısı İlham Əliyevin vaxtilə söylədiyi proqram xarakterli bu tezis bugünün reallıqlarında öz əksini tapıb.
Azərbaycan Prezidenti İlham Əliyev əminliklə bildirir ki, bu gün Azərbaycan həm siyasi, həm iqtisadi cəhətdən müstəqil, azad, öz resurslarına güvənən ölkədir. İqtisadi potensialın gücləndirilməsinə yönəldilmiş addımlar, eyni zamanda, Azərbaycanın müstəqilliyini möhkəmləndirən amillərdir. Azərbaycanın hazırda istənilən böyük maliyyə resursları tələb edən layihələri öz gücü hesabına icra etmək imkanının olması da bugünkü uğurlara və inkişafa əsaslanır.

Düşünülmüş siyasətin uğurlu nəticələri

Bu baxımdan, dövlət başçısı İlham Əliyevin bölgələrə hər bir səfəri bir sıra obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalırsa, bu dinamikanın özü düşünülmüş siyasətin uğurlu nəticəsidir. Bu günlərdə Salyan və Neftçala rayonlarına səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşən Azərbaycan Prezidenti İlham Əliyev gələn ilin büdcəsinin daha böyük olacağını bildirib. Görüş zamanı ölkə Prezidenti ən çox diqqəti daha çox kənd təsərrüfatı və sənaye istehsalının inkişafına yönəltməyi vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı kənd təsərrüfatı ilə bağlı önəmli addımlar atıldığını söyləyib: “Salyan rayonunun həm sosial, həm iqtisadi inkişafı diqqət mərkəzindədir. Nəzərə alsaq ki, infrastruktur layihələrinin bir çoxu icra edilib, növbəti illərdə qalan layihələr də icra ediləcək. Biz diqqəti daha çox kənd təsərrüfatı və sənaye istehsalının inkişafına yönəltməliyik. Bu istiqamətdə də addımlar atılır. Qeyd etdiyim kimi, böyük fasilədən sonra Salyanda pambıqçılıq bərpa olundu və 7 min hektarda pambıq əkilib. Bu, böyük nailiyyətdir və sənaye istehsalının artırılması istiqamətində də addımlar atılmalıdır. Bu gün mən Neftçala şəhərində Sənaye Məhəlləsinin açılışında da iştirak etmişəm. Bizim bir çox şəhərlərimizdə, o cümlədən, Salyan şəhərində buna oxşar sənaye zonaları yaradılmalıdır. Müvafiq göstəriş verilib, gərək yerli icra orqanları yer ayırsınlar və dövlət tərəfindən bütün infrastruktur layihələri orada icra ediləcək və sahibkarlar üçün yaxşı şərait yaradılacaq. Çünki bundan sonrakı dövrdə sənayenin və kənd təsərrüfatının inkişafı ölkəmizin uzunmüddətli ümumi inkişafını təmin edəcək”.

“Əsas məqsədimiz
yerli istehsalı
gücləndirməkdir”

Azərbaycan Prezidenti İlham Əliyev Neftçala Sənaye Məhəlləsi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib ki, əsas məqsədimiz yerli istehsalı gücləndirməkdir: “İki il əvvəl Neftçalada Sənaye Məhəlləsinin yaradılması ilə bağlı mənim tərəfimdən müvafiq Sərəncam imzalanıb. İki il ərzində yaradılan bu gözəl sənaye şəhərciyi artıq istifadəyə verilir. Bu, onu göstərir ki, bizim qəbul etdiyimiz bütün qərarlar həyatda tezliklə, qısa müddət ərzində və yüksək səviyyədə öz əksini tapır. Bu sənaye məhəlləsinin fəaliyyəti həm rayonun iqtisadiyyatına, həm ölkə iqtisadiyyatına çox böyük təkan verəcək”.
Dövlət başçısı bu zonanın ən böyük müəssisəsinin avtomobil zavodu olduğunu da nəzərə çatdırıb: “Bu zavodun fəaliyyəti nəticəsində, biz avtomobil idxalından asılılığı müəyyən dərəcədə aradan götürəcəyik və eyni zamanda, ixrac üçün də imkanlar yaranacaq. Bu zavodun yaradılması İran-Azərbaycan tərəfdaşlığının təzahürüdür və çox şadam ki, Azərbaycanda - Neftçalada belə gözəl müəssisə yaradılıb. Mənə verilən məlumata görə, bütövlükdə Neftçala Sənaye Məhəlləsində 500-ə yaxın insan işlə təmin olunacaq. Bu, işsizliyin aradan qaldırılması istiqamətində növbəti addım sayıla bilər”.
Bütün bunlar, bir daha təsdiqləyir ki, demokratik, hüquqi dövlət quruculuğu yolunu tutan Azərbaycan dövləti hərtərəfli inkişafı təmin etmək üçün zəruri addımların atılmasında, vətəndaş rəylərini əsas tutan islahatların insanların sosial müdafiəsinin iqtisadi inkişafın tempinə uyğun tənzimlənməsində, tələblə təklifin tarazlaşdırılmasında maraqlıdır və bu istiqamətdə ciddi səylər göstərir.
Göründüyü kimi, ölkəmizdə sosial həyatın daha da yaxşılaşmasında, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında aparılan dövlət siyasətinin mühüm rolu var. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, o cümlədən, bölgələrin yerli və ənənəvi istehsal gücündən istifadə, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, sahibkarların fəaliyyətinin daha da stimullaşdırılması istiqamətində atılan addımlar, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi bu gün bölgələrin simasının birmənalı şəkildə dəyişməsinə yol açıb.
Bütövlükdə, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır və əldə edilən nailiyyətlər bunu bir daha təsdiqləyir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər