Yaxud Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb
Məlum olduğu kimi, Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək, 35-ci yerdə qərarlaşıb. Bununla da, beynəlxalq aləmin ən mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq, MDB-də liderliyini qoruyub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə və Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Qlobal rəqabət qabiliyyəti reytinqində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci, Ermənistan isə 73-cü sırada yer alıb.
Neftin qiymətinin dünya bazarında aşağı olduğu dövrdə Azərbaycanın rəqabət qabiliyyətinin yüksək olması və bunun dünyanın ən aparıcı iqtisadi forumu tərəfindən qiymətləndirilməsi təqdirəlayiqdir. Bu, əslində, Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatlara beynəlxalq qiymət kimi də xarakterizə edilməlidir. Nəticə etibarilə, bu, onu göstərir ki, post-neft dövründə aparılan islahatlar Azərbaycanın rəqabət qabiliyyətinin yüksəlməsinə gətirib çıxarıb. Dünya bazarında neftin qiymətinin aşağı olmasına və ölkəyə daxil olan neft gəlirlərinin azalmasına baxmayaraq, Azərbaycan rəqabətqabiliyyətli ölkə mövqeyini, nəinki qoruyub-saxlayıb, hətta gücləndirə bilib. Bu isə, ondan xəbər verir ki, Azərbaycanda artıq qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatlar həm ölkənin investisiya mühitinin daha da yaxşılaşmasına, ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsinə və mövcud infrastrukturdan və potensialdan iqtisadi diversifikasiya imkanları üçün istifadə edilməsinə gətirib çıxarıb.
Ekspertlərin fikrincə, dünyanın aparıcı beynəlxalq qurumlarından biri olan Dünya İqtisadi Forumunun hesabatında ölkəmizin mövqeyinin yaxşılaşması həm də Azərbaycanda investisiyanın cəlbi və ölkənin mövcud potensialının təqdim edilməsi baxımından vacibdir. Bu, Azərbaycana mövcud potensialını təqdim etməyə, xüsusilə də, qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsini davam etdirməyə imkan verir. Bu hesabatı həm də Azərbaycan iqtisadiyyatının xaricdə təqdimatında və ölkəmizin mövcud potensialının, eləcə də, iqtisadi imkanlarının təqdimatında, investisiyanın cəlb edilməsində vasitə kimi xarakterizə etmək olar. Çünki aparıcı şirkətlər investisiya qərarı verən zaman, məhz belə hesabatlarda ölkələrin mövqeyinə diqqət yetirirlər.
Təsadüfi deyildir ki, dünya ölkələri üçün dördüncü sənaye inqilabı innovasiya sahəsində çağırışlar ortaya qoysa da, Azərbaycan bu sahədə, əksinə, mövqelərini gücləndirib və 33-cü pilləyə yüksəlib. Xüsusilə, yüksək texnologiyalar sahəsində hökumət tədarükü elementi üzrə Azərbaycan 14-cü yerdə qərarlaşıb və Honq-Konq, Niderland, Norveç və Böyük Britaniya kimi ölkələri geridə qoyub. “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda, dünyada əsas narahatedici trendlərdən biri kimi, “dağıdıcı bərabərsizlik” qeyd edilsə də, Azərbaycan Cini əmsalının aşağı olmasına görə sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi qiymətləndirilir.
Əlbəttə, Azərbaycanın qazandığı bu nailiyyətlər sosial-iqtisadi inkişafın davam etdiyini göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin sistemli iqtisadi siyasət kursu öz müsbət nəticələrini verir. Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqində irəliləməsi, bilavasitə Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir. Xüsusilə, vurğulanmalıdır ki, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli Sərəncamından sonra bu sahədə ölkədə kompleks işlər davam etdirilib. Keçən qısa müddət ərzində sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitini yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi həyata keçirilib. Prezident İlham Əliyevin 2016-cı il dekabrın 6-da təsdiqlədiyi Strateji Yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri də, onu göstərir ki, sistemli iqtisadi siyasət kursu öz müsbət nəticələrini verməkdədir. “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın iki pillə irəliləməsi göstərir ki, digər mötəbər reytinqlərdə də ölkəmizin mövqeləri daha da güclənəcək.
Bir sözlə, dövlətimizin başçısı İlham Əliyev Azərbaycan iqtisadiyyatını inkişaf etdirir, bu sahəyə diqqəti daha da artırır ki, ölkəmiz gələcəkdə G20-nin sırasında olsun. Azərbaycanın qazandığı iqtisadi nailiyyətlər, xüsusilə də, Dünya İqtisadi Forumunun elan etdiyi son nəticələr, bir daha onu göstərir ki, bu, reallığa çevrilə bilər. Çünki Azərbaycanın G20 ölkələrinin sırasına daxil olması üçün geniş potensial imkanları var.
“Səs” Analitik Qrupu