“Siyası partiyalar haqqında” qanuna dəyişiklik edilsə də ona əlavələrin edilməsinə ehtiyac var. SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.Onun sözlərinə görə, ölkəmizdə fəaliyyət göstərən yalnız bir qrup partiya Mərkəzi Seçki Komissiyasına hesabat verir: “Bir qrup ümumiyyətlə, hesabatında heç nə göstərmir. Bir qrup isə hesabat verməkdən boyun qaçırır. Bu mexanizm qanunla tənzimlənməlidir”.S.Novruzov söyləyib ki, Milli Məclisdə QHT-lərlə bağlı qanunlara edilən əlavə və düzəlişlər beynəlxalq təşkilatlara düzgün formada çatdırılmalıdır: “Beynəlxalq təşkilatlar qəbul edilən qərarları müxalifət mənbəyindən, ölkəmizi istəməyənlər tərəfindən deyil, beynəlxalq təşkilatlarda ölkəmizi təmsil edənlərin dilindən düzgün şəkildə öyrənməlidirlər. Onlar düşünməməlidir ki, Azərbaycanda hansısa təşkilatın fəaliyyəti məhdudlaşdırılır”.Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət, ölkəmizdə olan sabitlik, iqtidar-xalq birliyi, Azərbaycan vətəndaşlarının ölkə başçısını dəstəkləməsi bir sıra qüvvələri narahat edir: “Bunun nəticəsidir ki, son vaxtlar ölkəmiz haqqında müxtəlif bəyanatlar verlir, xarici mətbuatda müxtəlif yazılar dərc edilir: “Bununla bağlı həm deputatlar, həm də ictimaiyyət nümayəndələri öz mövqelərini ortaya qoyublar. Bu qərəzçilik aradan qaldırılmalıdır. Artıq qərəzçilik beynəlxalq təşkilatlara da sirayət edib və bunun nəticəsində ölkəmizə qarşı ikili standarlıq nümayiş etdirilir”.“Elə ölkələr var ki, Avropa Şurasının, digər təşkilatların üzvüdür, lakin heç bir öhdəlik yerinə yetirmirlər. Belə olan halda, onlar haqqında heç bir iş görülmür. Son vaxtlar Avropa Şurasında istiqamət Azərbaycan və Türkiyəyə yönəlib. Bu da ölkəmizin düzgün, müstəqil siyasətinin bariz nümunəsidir. Azərbaycanın siyasəti əsasən Ulu Öndər tərəfindən qoyulan və hazırda da Ölkə başçısı tərəfindən uğurla həyata keçirilən balanslı siyasətdir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər bir sıra erməni lobbiçilərini və Azərbaycanda onlara dəstək verənləri narahat etməyə başlayır. Biz hər bir tövsiyəni dinləməyə hazırıq. Bu baxımdan hesab edirəm ki, bizim hər bir qurumda təmsil olunan millət vəkillərimiz həmin təşkilatlara çatdırmalıdırlar ki, Azərbaycan hər bir quruma öz dəyərləri ilə daxil olub. Hesab edirəm ki, Milli Məclis bununla bağlı müəyyən addımlar atmalıdır”- deyə, S.Novruzov əlavə edib.
sia.az