Prezident İlham Əliyev Qobustan və Şamaxı rayonlarına səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Qobustan rayonuna səfərə gəlib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin Qobustan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov abidənin ucaldığı Heydər Əliyev parkında əhalinin istirahəti üçün görülən işlər barədə məlumat verdi. Burada rayon sakinlərinin və qonaqların istirahəti üçün hərtərəfli şərait var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Qobustan rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 55-101-ci kilometrlik hissəsini əhatə edən Cəngi-Bədəlli yolunun açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun Cəngi-Bədəlli hissəsi layihəyə uyğun olaraq dörd zolağa genişləndirilib. Yolun ümumi uzunluğu 46 kilometr, eni isə 27,5 metrdir. Yol birinci texniki dərəcəyə aiddir. Layihə çərçivəsində yolboyu 16 yeraltı və 6 yerüstü piyada keçidi tikilib. Bu isə həm avtomobillərin hərəkətinin normal tənzimlənməsində, həm də piyadaların təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Layihəyə əsasən yolboyu Ceyrankeçməz çayı üzərində birinin uzunluğu 47,5, digərinin uzunluğu 54 metr olan iki körpü inşa edilib. Hər iki körpünün eni 30 metrdir. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.
Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustanda yeni tikilmiş 100 yerlik uşaq bağçasının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı uşaq bağçası binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycanda uşaqlara diqqət və onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsasını ulu öndər Heydər Əliyev qoyub. Həmin siyasəti dövlətimizin başçısı İlham Əliyev uğurla davam etdirərək, bu istiqamətdə çox mühüm sənədlər imzalayıb, layihələrin həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib. Gələcəyimiz olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyüməsi üçün bu gün dövlət tərəfindən bütün zəruri tədbirlər görülür. Qobustan şəhər 100 yerlik uşaq bağçasının inşası da bu baxımdan böyük əhəmiyyət daşıyır. Bu müəssisədəki otaqlarda balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün imkanlar yaradılıb. Bundan başqa, burada uşaqların asudə vaxtlarının səmərəli təşkili və mənalı istirahətləri üçün də hərtərəfli şərait mövcuddur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də “Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin yekunlaşması ilə bağlı təşkil olunan mərasimdə iştirak edib.
Son dövrlərdə ölkəmizdə sosial sahədə həyata keçirilən siyasətin tərkib hissəsi kimi əhalinin dayanıqlı və təmiz içməli su ilə təminatı, həmçinin kanalizasiya şəbəkələrinin yenilənməsi istiqamətində icra edilən layihələrin də həcmi artır. Bu baxımdan “Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi də mühüm əhəmiyyət daşıyır. Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində həyata keçirilib. Layihə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qobustan şəhərində 11700 nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində rayonun Təsi, Bədəlli, Sədəfli, Dərəkənd, Cəmcəmli, Ərəbqədim və Göydərə kəndlərinə suyun verilməsi təmin edilib. İcrasına 2015-ci ildə başlanan layihə çərçivəsində rayonun Təsi kəndinin yaxınlığında ümumi məhsuldarlığı saniyədə 87 litr olan 6 subartezian quyusu qazılıb, Daşarası və Nərimankənd kəndlərinin ərazisində 2 su anbarı inşa edilib. Eyni zamanda, 14,4 kilometr uzunluğunda magistral kəmər çəkilib, mürəkkəb relyef şəraiti nəzərə alınmaqla suyun şəhərə çatdırılması üçün üçpilləli nasos sistemi quraşdırılıb. Əhaliyə verilən içməli suyun keyfiyyət göstəricilərinin uzunmüddətli dövr üçün standartlara uyğunluğunu təmin etmək məqsədilə su mənbəyində məhsuldarlığı sutkada 3800 kubmetr olan əks osmos tipli təmizləyici qurğunun inşası yekunlaşmaq üzrədir. “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qobustan şəhəri ilə yanaşı, Qusar, Naftalan, Xaçmaz və Xızı şəhərlərinin də içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri həyata keçirilir. Qusar və Naftalan şəhərlərində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi yekunlaşıb. Hazırda Xaçmaz və Xızıda içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan dövlətimizin başçısı mərasimdə çıxış edərək bildirib ki, Qobustan şəhərinin içməli su problemi artıq öz həllini tapıb:
“Bu, çox əlamətdar hadisədir, tarixi hadisədir. Çünki içməli su problemi həmişə burada insanları çox ciddi narahat edirdi. İndi isə bu problem birdəfəlik həll olunub. Artıq şəhər sakinləri və bir neçə kəndin əhalisi təmiz, keyfiyyətli, dayanıqlı içməli su ilə təmin olunurlar. Bu hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu, böyük layihədir, böyük sosial təşəbbüsdür, böyük vəsait tələb edən məsələdir. Biz bu vəsaiti təşkil etdik, dövlət büdcəsində vəsait nəzərdə tutuldu ki, bu məsələ də öz həllini tapsın. Çünki içməli su insanın sağlamlığına çox ciddi təsir edən amildir. Təmiz içməli su insanın sağlamlığını daha da yaxşılaşdırır. İçməli su layihələri ölkəmizdə geniş vüsət alıb. İndi bir çox şəhərlərimizdə artıq bu layihələr başa çatıb, bəzi şəhərlərdə davam edir. Qarşıya məqsəd qoyulmuşdur ki, bütün şəhərlərimizdə və əksər kəndlərdə bu məsələ öz həllini tapsın və biz bu istiqamətdə çox ciddi addımlar atırıq.
İnfrastrukturla bağlı digər layihələr uğurla icra edilir, elektrik enerjisi ilə bağlı problemlər demək olar ki, öz həllini tapıbdır. Mənə verilən məlumata görə, qazlaşdırma 80 faizdən çoxdur və növbəti aylarda daha da geniş vüsət alacaq. Hesab edirəm ki, qazlaşdırma maksimum təmin edilməlidir. İçməli su ilə bağlı problem öz həllini tapır, kənd yollarının tikintisi davam edir. Biz bir layihəni icra etmişik. Bu layihə təqribən 13 minə yaxın əhalini əhatə edir. Bu gün isə növbəti kənd yolunun açılışını qeyd edəcəyik. Açılacaq bu yol da 15 min insanın işini yüngülləşdirəcəkdir. Yəni, bunlar əsas infrastruktur layihələridir ki, Qobustan rayonunda öz həllini tapır. Əlbəttə, bütün infrastruktur layihələri həyata keçiriləndən sonra, - onu da qeyd etməliyəm ki, Bakı-Şamaxı avtomobil yolunun da dörd zolağa genişləndirilməsi layihəsi də uğurla icra edilib, - gələcəkdə ancaq rayonun inkişafı ilə bağlı kənd təsərrüfatı və emal sənayesi layihələri icra edilməlidir. Əvvəlki dövrlərdə idman mərkəzi də tikilmişdir, əminəm ki, xəstəxana da yaxın vaxtlarda tikiləcək. Bir çox məktəblər tikilib, təmir edilib. Bu gün bir bağçanın açılışını da qeyd etdik. Növbəti illərdə qəzalı vəziyyətdə olan məktəblər təmir ediləcək, yeni məktəblər tikiləcək. Beləliklə, bundan sonra rayonun inkişafına çox böyük təkan veriləcək və insanlar rahat yaşayacaqlar. İş yerləri də yaradılır və ümumi iqtisadi inkişafımız çox müsbətdir. Əminəm ki, bu ili biz uğurla başa vuracağıq.
Gələn il isə sürətli iqtisadi inkişaf ili olacaqdır. İqtisadi sahədə əldə etdiyimiz nailiyyətlər həm bizim statistik göstəricilərdə, eyni zamanda, mötəbər beynəlxalq iqtisadi qurumların hesabatlarında da öz əksini tapır. Yəqin ki, siz eşitmişiniz, bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görübdür. Biz iki pillə qabağa getdik, artıq 37-ci yerdən 35-ci yerə layiq görüldük. Bu da çox böyük nəticədir. Onu da qeyd etməliyəm ki, MDB məkanında biz birinci yerdəyik. Artıq neçə ildir ki, liderliyi saxlayırıq və bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq. Nəzərə alsaq ki, keçən il və bu il neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar ölkəmizdə müəyyən çətinliklər, iqtisadi sahədə bəzi problemlər yaranmışdır, buna baxmayaraq, görün, biz nə qədər uğurla iş aparmışıq, nə qədər ciddi islahatlar həyata keçirmişik ki, bunu dünyanın birinci iqtisadi forumu olan Davos Forumu yüksək qiymətləndirir. Bu, bir daha onu təsdiqləyir ki, biz düzgün yoldayıq, bizim iqtisadi siyasətimiz Azərbaycan xalqının maraqlarına tam cavab verir, ölkəmiz güclənir. Onu da qeyd etməliyəm ki, bu il neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, biz valyuta ehtiyatlarımızı artıra bilmişik. Bu, onu deyir ki, biz hətta çətin illərdə də düzgün siyasət apararaq nəinki ehtiyatlarımızı xərcləməmişik, əksinə, biz əlavə pul qazanmışıq.
Bu pul ölkəmizin, xalqımızın maraqlarına xidmət göstərir. Bu pulla biz məktəblər, xəstəxanalar tikirik, yollar, su xətləri çəkirik, ölkəmizin müdafiə qüdrətini gücləndiririk.
Bu gün Azərbaycan dünya miqyasında sabitlik, inkişaf, tərəqqi baxımından seçilən ölkələrdəndir. İndi siz dünyada gedən prosesləri izləyirsiniz. Həm iqtisadi, həm siyasi, həm hərbi sahədə bir çox yerlərdə çox böyük problemlər var. Risklər, təhdidlər artır, qan tökülür, münaqişələr, müharibələr alovlanır, sabitlik pozulur. Azərbaycan isə sabitlik, inkişaf adasıdır. Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və bizim xalqımıza xas olan vətənpərvərlik - bax, bu amillər uğurlarımızın əsasını təşkil edir.”
Daha sonra, “Azərsu” Acıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına layihə barədə məlumat verdi. Layihə çərçivəsində Qobustan şəhərində 68 kilometrlik içməli su şəbəkəsi yaradılıb, 1900 ünvana birləşmə verilib, bütün abunəçilər sayğacla təmin edilib. Artıq bütün şəhər əhalisi yeni şəbəkə vasitəsilə keyfiyyətli və dayanıqlı su ilə təmin olunur. Layihəyə uyğun olaraq Qobustan şəhərində ilk dəfə kanalizasiya şəbəkəsi yaradılıb, 42 kilometr uzunluğunda kanalizasiya xəttinin və 1160 baxış quyusunun inşası yekunlaşıb və hər bir evə birləşmə verilib. Şəhərdə yaranan tullantı sularının toplanıb təmizləyici qurğuya ötürülməsi üçün 7 kilometrlik kanalizasiya kollektoru da tikilib.
Sonra Prezident İlham Əliyev Qobustan şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı. Sonda xatirə şəkli çəkdirildi.
Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan rayonunun əsaslı təmir edilən Təklə-Sündü-Xilmilli avtomobil yolunun açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, ölkə əhəmiyyətli yollarla yanaşı, yeni kənd yollarının inşası, mövcudlarının isə müasir səviyyədə qurulması istiqamətində olduqca mühüm layihələr icra edilib. Onlardan biri də Qobustan rayonunun Təklə-Sündü-Xilmilli avtomobil yoludur. Bu yolda əsaslı təmir işləri Prezident İlham Əliyevin 2013-cü və 2016-cı il tarixli sərəncamlarına əsasən aparılıb.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, Təklə-Sündü-Xilmilli avtomobil yolu 15 min nəfərin yaşadığı 6 kəndi birləşdirir. Ümumi uzunluğu 17,2 kilometr olan yolun eni 6 metrdir. Dördüncü dərəcəyə aid Təklə-Sündü-Xilmilli avtomobil yolu 2 hərəkət zolaqlıdır. Layihə çərçivəsində müxtəlif diametrli 23 suötürücü boru tikilib, 9 avtobus dayanacağı quraşdırılıb. Bu yolun əsaslı yenidən qurulması yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişini təmin edəcək, nəqliyyatın hərəkətinin təhlükəsizliyində mühüm rol oynayacaq. Bundan başqa, bu layihə eyni zamanda bu yaşayış məntəqələrinin sosial vəziyyəti ilə yanaşı, iqtisadi durumuna da müsbət təsir edəcək. Belə ki, kənd təsərrüfatı işçiləri məhsullarını daha tez və rahat şəkildə alıcılara çatdıra biləcəklər. Dövlətimizin başçısı Təklə-Sündü-Xilmilli avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.
Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Şamaxı şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb. Ulu Öndərin abidəsinin yerləşdiyi parkda yenidənqurma və abadlıq işləri görülüb, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdi.
Prezident İlham Əliyevə Şamaxı rayonunun Göylər-Quşçu avtomobil yolunun tikintisi barədə də məlumat verildi. Dövlətimizin başçısının 2017-ci ilin iyul ayında imzaladığı Sərəncama uyğun olaraq ümumi uzunluğu 11 kilometr olan Göylər-Quşçu avtomobil yolunun tikintisinə 3,9 milyon manat vəsait ayrılıb. Yol-tikinti işləri qısa müddət ərzində başa çatdırılıb. Hərəkət hissəsinin eni 6 metr olan bu yolun tikilməsi 14 min nəfər əhalinin yaşadığı 4 kəndi birləşdirərək yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək. Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Azərbaycan Prezidenti tədbirdə çıxış edib.
Prezident İlham Əliyev çıxışında bildirib ki, bu yolun həm sosial, həm də iqtisadi baxımdan çox böyük əhəmiyyəti var. Bu yolun üstündə böyük kənd təsərrüfatı müəssisələri yaradılır. Şamaxı rayonunun yol infrastrukturu yaxşılaşır:
“Əvvəlki illərdə biz bir neçə kəndi birləşdirən yolların açılışını etmişik. Hazırda Bakı-Şamaxı yolu dörd zolağa genişləndirilir, çox rahat bir yol olacaqdır. Eyni zamanda, bu böyük yolun çərçivəsində bir neçə kəndə ayrıca yollar çəkilib. Yol inkişaf, həyat, rahatlıq deməkdir. Əlbəttə ki, kənd təsərrüfatı ilə məşğul olan fermerlər bu imkanlardan istifadə edib daha da yaxşı məhsul yetişdirəcəklər və öz məhsullarını daha da tez bir zamanda bazarlara çıxaracaqlar. Bu layihə bir çox layihələrin arasında önəmli yer tutur. Ancaq yeganə layihə deyil. Son illərdə Şamaxı rayonunda inkişafla bağlı çox böyük işlər görülür, quruculuq-abadlıq işləri həyata keçirilir. Şamaxının sosial infrastrukturu yaxşılaşır, müasir diaqnostika mərkəzi tikilibdir. Mərkəzi Rayon Xəstəxanası, Olimpiya İdman Kompleksi, bir çox məktəb binaları tikilib, yollar çəkilib, qazlaşdırma layihələri uğurla gedir. Məndə olan məlumata görə, qazlaşdırma təqribən 70 faizə çatıbdır, ondan da çoxdur, daha da artacaq.
Hamımız yaxşı bilirik ki, Şamaxı bizim qədim diyarımızdır, tarixi şəhərimizdir. Qədim xəritələrdə Şamaxının adı var. Bu, bizim böyük sərvətimizdir. Şamaxı rayonunda yerləşən tarixi abidələr bizim milli sərvətimiz, dəyərimizdir. Mən onların arasında Şamaxı Cümə Məscidini xüsusi qeyd etməliyəm. Bu, Azərbaycanın ən qədim məscididir. Dünyanın ən qədim məscidlərindən biridir, 743-cü ildə tikilib və bir neçə il bundan əvvəl əsaslı şəkildə təmir olunub, yenidən qurulub, əlavə binalar inşa edilib. Şamaxı Cümə Məscidinin bütün müsəlman aləmi üçün böyük əhəmiyyəti var. Mən İslam Əməkdaşlıq Təşkilatının xətti ilə keçirilmiş bütün tədbirlərdə həm ikitərəfli münasibətlər əsnasında, həm də çıxışlarda qeyd edirəm ki, Azərbaycan qədim müsəlman diyarıdır, dünyanın ən qədim məscidlərindən biri də bizdə yerləşir. Eyni zamanda, son vaxtlar Şamaxı üçün ənənəvi sahə olan üzümçülük bərpa edilir, yeni üzüm bağları salınır. Mən bu gün onların birinə baxacağam. Burada 300 hektardan çox sahədə yeni bağlar salınıb. Bilirəm ki, digər böyük layihə də icra edilir, oranın da sahəsi təxminən 300 hektardan çoxdur.
Biz Azərbaycanda üzümçülüyü bərpa edəcəyik və edirik. Şamaxılılar yaxşı bilirlər ki, 1970-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə bizim əsas üzümçülük mərkəzlərimizdən biri də Şamaxı olmuşdur. İnsanlar nə qədər xeyir götürdülər, evlər tikildi, avtomaşınlar, soyuducular alındı. Bütün bunlar o vaxt Heydər Əliyevin fəaliyyəti nəticəsində mümkün olmuşdur. Düzdür, indi biz başqa sahələrə də üstünlük veririk - maldarlıq, bitkiçilik, taxılçılıq. Bilirsiniz ki, o vaxt biz bu sahələri o qədər də inkişaf etdirmirdik. Çünki həm ət, həm süd başqa respublikalardan gəlirdi. İndi isə əkin sahələrinin bir hissəsi o məqsədlər üçün istifadə olunur. Ancaq üzümçülüyün çox böyük perspektivləri, ənənələri var və biz indi xarici bazarlara da çıxırıq. Biz artıq böyük kontraktlar imzalamışıq, dövlət kömək göstərir və üzümçülüyün bərpası Azərbaycanda sürətlə gedəcək. Burada da Şamaxı rayonu lider olmalıdır. Mən görürəm ki, burada üzümçülüyə böyük maraq var, belə də olacaq.”
Sonra xatirə şəkli çəkdirildi. Daha sonra Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Şamaxı rayonuna səfəri çərçivəsində “Az-Granata” MMC-yə məxsus üzüm bağları ilə tanış olub. AZƏRTAC xəbər verir ki, “Az-Granata” MMC Şamaxı rayonunda üzümçülüyün inkişafı istiqamətində xeyli iş görüb. Beş ildir ki, məhsul istehsal olunur. 2016-cı ildə “Az-Granata”nın üzüm bağlarından 3 min ton məhsul tədarük edilib. Dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verildi.
Bildirildi ki, Şamaxı üzüm bağları 2009-cu ildə 25 hektar sahədə salınmağa başlanıb. Hazırda üzüm bağı 375 hektardır. Onun 309 hektarı texniki üzüm növləri, 66 hektarı isə süfrə üzümü bağıdır.
Ərazinin dəniz səviyyəsindən yüksəklikdə yerləşməsi, illik yağıntıların miqdarı, temperatur göstəriciləri və bu yerlərdən götürülən torpaq nümunələrinin laboratoriyalarda aparılan analizləri Şamaxıda yüksək keyfiyyətli nadir üzüm növlərinin yetişdirilməsinin mümkünlüyünə əsas verir. Bu göstəricilərə əsasən, ərazidə əkilən üzüm növləri və onların kök sistemləri seçilib. Seçilən növlər üzrə ölkəmizə yüksək keyfiyyətli üzüm tingləri gətirilib və onlar mövcud normativlər əsasında lazımi aqrotexniki tədbirlərin həyata keçirilməsi yolu ilə əkilib. Üzüm bağlarında əkin və becərmə işləri aparmaq üçün xüsusi texnika da alınıb. Bütün bu amillər ixrac qabiliyyətli yüksək keyfiyyətli məhsul istehsalına təminat verir.
Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əsaslı surətdə yenidən qurulan Pirqulu-Dəmirçi avtomobil yolunun açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov Pirqulu-Dəmirçi avtomobil yolunun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, yolun uzunluğu 8 kilometrdir. Pirqulu-Dəmirçi avtomobil yolu uzun müddət təmir olunmadığı, həmçinin burada yola asfalt qatı vurulmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Bu isə avtonəqliyyat vasitələrinin xüsusən payız-qış mövsümündə hərəkətində problemlər yaradırdı. Görülən işlər nəticəsində Pirqulu-Dəmirçi avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 3,5-4 metr, çiyinlər də daxil olmaqla yol yatağının eni 7-8 metrdir. Yol boyunca müxtəlif diametrli 14 suötürücü boru tikilib ki, onların da ümumi uzunluğu 210 metrdir. Avtomobil yolunda nəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə 92 yol nişanı quraşdırılıb, 24 min metr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkilib, həmçinin 3 yerdə avtobus dayanacağı tikilib.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 2-də Şamaxı rayonunun Dəmirçi kəndində görülən işlərlə tanış olublar.
Dəmirçi Şamaxının ən qədim kəndlərindən biridir və onun tarixi XV əsrə gedib çıxır. Qədimdə adı Güneyçay olan kənddə dəmirçilik sənəti geniş yayıldığından sonralar buraya Dəmirçi adı verilib. Bir vaxtlar qədim İpək yolunun kənarında yerləşən kənddə bir neçə karvansara da olub. Lakin karvansara da daxil olmaqla Dəmirçidəki qədim tikililərin çoxu sovet hakimiyyəti illərində dağıdılıb. Maraqlı adət-ənənələri, özünəməxsus mədəniyyəti olan yerli əhali elmə, təhsilə böyük maraq göstərir. Odur ki, kəndin bərpası və tarixi simasının qorunması ilə bağlı son illərdə həyata keçirilən işlər ölkəmizin bu nadir abidəsini qoruyub saxlamaq və onu gələcək nəsillərə çatdırmaq istiqamətində mühüm tədbirlərdən biridir.
Görülən işlər bir neçə istiqamətdə həyata keçirilib və kompleks xarakter daşıyıb. İlk növbədə, kənddəki məscid bərpa olunub. Ölkəmizin ən qədim dini ocaqlarından olan Dəmirçi məscidi 755-ci ildə tikilib və Prezident İlham Əliyevin göstərişi ilə bərpa edilib. Bu da ondan irəli gəlir ki, dövlətimizin başçısı bütün ölkədə qədim və tarixi əhəmiyyəti olan dini ocaqların bərpasına diqqətlə yanaşır. Bir neçə il öncə Yaxın Şərqin ən qədim məscidlərindən olan Şamaxı Cümə Məscidində bərpa və yenidənqurma işlərinin aparılması da bu məqsədə xidmət edirdi. Dəmirçi məscidində dövlətimizin başçısına “Quran” hədiyyə edildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva isti təndir çörəyinə qonaq oldular. Kənddə Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət sərgi də açılıb. Bu eksponatlar turistlərdə Şamaxının qədim tarixi barədə geniş təsəvvür yaradacaq. Burada turistlərdə maraq doğuracaq sərgi-kompozisiyalardan da istifadə olunacaq. Bundan əlavə, müxtəlif məişət obyektləri əhalinin və turistlərin istirahətinə maraqlı anlar qatacaq. Dövlətimizin başçısını və birinci xanımı Dəmirçi kəndində çay içməyə dəvət etdilər.
Azərbaycan Prezidenti və birinci xanım dəmirçi dükanı və emalatxanası ilə tanış oldular. Prezident İlham Əliyevə inşası nəzərdə tutulan Dəmirçi Arxeoloji-Etnoqrafik Muzeyinin layihəsi də təqdim edildi.
Layihə çərçivəsində Şamaxı ilə yanaşı, bütün Şirvanın tarixi keçmişi barədə məlumatlar və eksponatlar sərgilənəcək, açıq səma altında muzey salınacaq. Qeyd edək ki, ötən il Dəmirçi kəndindən Lahıc qəsəbəsinə yol çəkilişi zamanı saxsı qablar və insan skeleti fraqmentləri aşkar olunub. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının Dəmirçi-Lahıc yolunun 4-cü kilometrliyində, Gəgəli yaylağı adlanan ərazidə apardıqları araşdırmalar nəticəsində 1,5 hektar ərazidə nekropol olması müəyyən edilib. Qazıntılar zamanı ərazidən qızıl və gümüşdən bəzək əşyaları, muncuqlar, sikkələr və digər maddi-mədəniyyət qalıqları aşkarlanıb. Bu il nekropolda aparılan qazıntılar zamanı 18 qəbir açılıb. Əldə edilən maddi-mədəniyyət nümunələri əsasında Gəgəli nekropolunun son antik və ilk orta əsrlərə aid edildiyi məlum olub.
Beləliklə, Dəmirçi kəndində turizm infrastrukturunda yaradılan şərait bir daha təsdiqləyir ki, Azərbaycanın müxtəlif bölgələrində qısa müddətdə turist marşrutları üzrə mükəmməl infrastrukturun və müasir turist yerləşdirmə obyektlərinin yaradılması artıq öz bəhrəsini verir. Bu isə Azərbaycanın qədim və zəngin mədəniyyətini, milli mətbəximizin müxtəlifliyini, xalqımızın qonaqpərvərliyini turistlərə təqdim etməyə geniş imkanlar açır. Dəmirçi kəndi ilə tanışlıq zamanı xatirə şəkilləri çəkdirildi.
Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni yaradılan Şamaxı Safari Parkı ilə tanış olublar. AZƏRTAC xəbər verir ki, parkla tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, Azərbaycanda elmi əsaslarla ov ekologiyasının yaranması, vəhşi populyasiyada olan heyvan növlərinin Azərbaycan təbiətinə adaptasiyası məqsədilə 2014-cü ildə yaradılan “Azər Ekov” MMC qısa müddətdə bu istiqamətdə zəruri olan işləri görməyə başlayıb. “Azər Ekov” MMC ilk olaraq vəhşi dırnaqlılar və maral fermerlərinin Beynəlxalq Assosiasiyasına - IDUBA-ya üzv olub. Bununla da “Azər Ekov” MMC bu assosiasiyanın Cənubi Qafqazda təmsilçilik hüququnu əldə edib və bu quruma Ermənistanın üzv olmasının qarşısını alıb. IDUBA-nın təşkil etdiyi görüşlər sayəsində üzvlər müəyyən vaxt ərzində yığıncaqlar təşkil edib heyvan yetişdirilməsi, ovların təşkili, buynuz ticarəti, yem və yem əlavələrinin istehsalı və s. ilə bağlı fikirlərini bölüşürlər. Bu assosiasiyanın tədbirlərində bərabərhüquqlu üzv kimi iştirak edərkən “Azər Ekov” MMC qarşısına beynəlxalq təcrübəni mənimsəmək, xarici mütəxəssislərin Azərbaycan təbiətinə marağını cəlb etmək kimi hədəflər qoyub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Şamaxı şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına “Şamaxı şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, layihə Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində həyata keçirilib. Bu layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Şamaxı şəhərində 41 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihənin icrasına 2010-cu ildə başlanılıb. Birinci mərhələdə Şamaxı şəhərini keyfiyyətli və dayanıqlı su ilə təmin etmək üçün Pirsaatçayın məcrasında məhsuldarlığı saniyədə 120 litr olan drenaj tipli suqəbuledici qurğu, xlorlaşdırma binası, həcmi min kubmetr olan iki su anbarı, bir su nasos stansiyası tikilib. Su mənbəyindən anbarlara qədər 3,4 kilometr magistral kəmər çəkilib. Bu mərhələ üzrə işlər 2011-ci ildə yekunlaşıb. Prezident İlham Əliyev Şamaxı şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı. Sonda xatirə şəkli çəkdirildi.