“Bu gün Azərbaycan dövləti öz yolunu seçib və konkret olaraq heç bir dövlətdən, siyasi mərkəzdən asılı olmayaraq müstəqil siyasət aparan bir ölkədir. Təbii ki, dünyada da belə ölkələri çox sevmirlər”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Onun sözlərinə görə, dünyanı idarə edən mərkəzlər bir qayda olaraq çalışırlar ki, bütün dövlətlər onların nəzarəti altında olsun və onların tapşırıqlarını sorğu-sualsız yerinə yetirsin: “Amma Azərbaycan belə bir yol tuta bilməz. Çünki Prezident İlham Əliyev də dəfələrlə deyib ki, biz heç bir xarici dövlətdən, qüvvədən asılı olmayan siyasət yürüdəcəyik. Yəni Azərbaycanın istər Prezidenti, istərsə də xalqı üçün önəmli olan bizim öz milli dövlət maraqlarımızdır. Bax, bu mənafelərə xidmət etdiyimizə görə, dövlət başçısı başda olmaqla o beynəlxalq mərkəzlər, xarici qüvvələr daim Azərbaycanı təzyiq altında saxlamaq üçün hansısa bəhanələr uydururlar. Bu bəhanələrin də önündə gedən bir qayda olaraq insan haqları məsələləridir.Halbuki, Azərbaycanda insan haqları ilə bağlı dünyanın bir çox ölkələrindən fərqli olaraq elə də ciddi problem yoxdur. Yəni özünü demokratiya elan etmiş hesab edən və dünyanın demək olar ki, bütün ölkələrinə diqtə ilə danışmaq istəyən ABŞ-dakından Azərbaycanda insan haqları qat-qat qorunur. Faktiki olaraq insanların həyatı Azərbaycanda daha güvənlidir. Təbii ki, bütün bunların da əsası səbəbi odur ki, Azərbaycan onlara boyun əymək istəmir”.
sia.az