İlham Əliyev: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”
Vətəndaşların həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi hər bir dövlətin sosial siyasətinin əsas məqsədlərindəndir. Bu, əhalinin məşğulluğunun, tibbi xidmətlərin yüksək səviyyəsinin, pensiyaçıların, çoxuşaqlı ailələrin və əlillərin hüquqlarının müdafiəsinin təminatı ilə həyata keçirilir. Bu gün tam əminliklə demək olar ki, Azərbaycanda əhalinin sosial müdafiəsi lazımi səviyyədə təmin olunur. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son illər ölkəmizdə görülən işlərin əsas məqsədi Azərbaycan vətəndaşının rifah halını yüksəltmək, işsizliyi və yoxsulluğu aradan qaldırmaqdır.
Ümumiyyətlə, ölkəmizdə bütün sahələrdə, o cümlədən, sosial sahədə uğurlu dövlət siyasəti həyata keçirilir. Bu işin məntiqi nəticəsi olaraq reallaşdırılan siyasət və aparılan islahatlar öz müsbət nəticələrini verir. Dövlətin sosial siyasəti nəticəsində əhalinin rifahı, güzəranı xeyli yüksəlib və yoxsulluğun ümumi səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Sosial siyasət dövlət tərəfindən müvafiq qanun və dövlət proqramları ilə tənzimlənir və icra olunur.
Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı kimi fəaliyyət göstərdiyi müddətdə sosial-iqtisadi sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə ölkəmizin daha da qüdrətlənməsinin və dinamik inkişafının əsas leytmotivini təşkil etməkdədir. Bütün bunlarla yanaşı, dövlət başçısının cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul etməsi, problemlərə böyük həssaslıqla yanaşması, daim ictimaiyyət arasında olması cəmiyyətin, nəinki tərəqqisini, həm də xoş ovqatını təmin edən mühüm cəhətlərdir. Bütün bunlar Ulu Öndər Heydər Əliyev siyasi kursunun alternativsizliyini ortaya qoyan dövlət başçısı İlham Əliyevin hər bir addımda vətəndaşların mənafeyini əsas götürdüyünə dəlalət edir.
Vətəndaşların
problemlərini şəxsən dinləyən dövlət başçısı
Bu günlərdə Prezident İlham Əliyevin Neftçala və Salyan rayonlarına səfəri zamanı vətəndaşlarla keçirilən görüşlərdə də onların problemlərini şəxsən dinləməsi deyilənlərin məntiqi nəticəsidir. Səfər zamanı Prezident İlham Əliyevin Sədrliyi ilə rayonlarda keçirilən respublika müşavirələrində kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsi üçün də çox yaxşı ənənə və böyük potensialın olduğunu diqqətə çatdırmaqla yanaşı, bu sahədə xarici bazarlardan asılılığın azaldılması və aradan götürülməsinin, lazım olan bütün məhsulların Azərbaycanda yetişdirilməsinin vacibliyini önə çəkib.
Deyilənlərin məntiqi nəticəsi son on dörd ildə görülən işlərin uğurlarıdır. Əgər son on dörd ildə əldə olunan uğurlara diqqət yetirsək, görərik ki, Azərbaycanda heç vaxt, qısa zaman ərzində, bu qədər iş görülməyib. Xüsusilə infrastruktur layihələrinin reallaşdırılması, ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər hər zaman dövlət başçısının diqqət mərkəzində olub və həmin siyasətin sayəsində ölkəmizdə son 6 ay ərzində iqtisadiyyatda 1,7 faiz artım qeydə alınıb, qeyri-neft sektorunda 4,4 faiz, kənd təsərrüfatı sahəsində 2 faiz artım mövcuddur. Ən mühüm məsələlərdən biri, heç şübhəsiz ki, ixrac potensialımızın genişləndirilməsi və idxaldan asılılığın azaldılması ilə bağlıdır. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində ölkəmizin ixracatında son 6 ay ərzində 36 faizlik artım qeydə alınıb və xüsusilə qeyri-neft ixracatında 27 faiz artım var, idxaldan asılılıq isə 15 faiz azalıb.
Belə ki, dövlət dəstəyi tədbirləri, o cümlədən, 19 rayonda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kreditin verilməsi istehsalın artmasına, ət və ət məhsullarının idxalının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Bundan əlavə, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisəsinə 171 milyon manat güzəştli kreditin ayrılması nəticəsində, bu məhsullara daxili tələbat ödənilib və ixrac imkanı artıb.
Sosial rifahın
güclənməsinə
hesablanan mühüm
qərarlar
Onu da vurğulamaq lazımdır ki, Cənab İlham Əliyev Prezident olduğu 14 il ərzində xalqın sosial rifahının güclənməsinə hesablanan mühüm fərman və sərəncamlar imzalayıb. Elə ötən il Azərbaycan Respublikası Prezidentinin “Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” imzaladığı Fərmanına əsasən, ölkəmizdə “güzəştli mənzil” sisteminin yaradılması bir daha dövlət başçısının xalqına olan diqqət və qayğısının bariz nümunəsidir.
Ölkə Prezidenti, həmçinin, bütün çıxışlarında öz işinə laqeyd yanaşan, vətəndaşların şikayətlərinə etinasız baxan və vəzifə borcunu layiqincə yerinə yetirə bilməyən məmurlara daim xəbərdarlıq edir və barələrində ciddi ölçü götürür. Bu, Prezident İlham Əliyevin dövlət idarəçiliyi sahəsində nə qədər böyük səriştəyə, təşəbbüskarlığa, insanlara qarşı münasibətdə diqqətə və həssaslığa malik lider olduğunu parlaq şəkildə əks etdirir.
“Hər bir məmur xalqının xidmətçisi olmalıdır”-deyən Prezident İlham Əliyev hakimiyyəti xalqa layiqli xidmət məramı kimi dəyərləndirir.
Ölkə Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik.”
Bir sözlə, bu gün hər bir azərbaycanlı Prezident İlham Əliyevin yürütdüyü sosial-iqtisadi siyasətin müsbət təsirlərini hiss edir və ölkə başçısının Azərbaycanın sosial dövlət statusunun möhkəmləndirilməsi işinə öz töhfəsini verməyə çalışır. Vətəndaş-hakimiyyət münasibətlərinin yüksək səviyyəsi də ölkədə aparılan sosial siyasətin bundan sonra da uğurla davam edəcəyinə böyük inam yaradır. Həyata keçirilmiş sosial-iqtisadi siyasət nəticəsində əldə edilmiş uğurlar, xalqın ildən-ilə yüksələn rifahı Azərbaycan Prezidenti İlham Əliyev siyasətinin mükəmməlliyini bir daha təsdiqləyir.
RƏFİQƏ KAMALQIZI