PDF Oxu

Siyasət

  • 5 557

Bölgələrdə yaradılmış şərait böyük şəhərlərə miqrasiyanın qarşısını alır

Bölgələrdə yaradılmış şərait böyük şəhərlərə miqrasiyanın qarşısını alır

Prezident İlham Əliyev: “Əvvəlki illərdə Bakıya bütün bölgələrdən müşahidə olunan miqrasiya indi azalıb, eyni zamanda əks proses də başlayıb”
2004-cü ildə qəbul edilmiş “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi regionların inkişaf etdirilməsi, regionlarda infrastruktur layihələrinin icra edilməsi, sahibkarlıq üçün şəraitin yaradılması və ölkə iqtisadiyyatının şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi idi. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanda bu məqsədlərə nail olunub. Bu faktdır ki, infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Ona görə də, 2004-cü ildə və ondan sonra 2009-cu və 2014-cü illərdə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çox konkret proqramlar idi. Proqramların icrası nəticəsində bütün bölgələrdə, hər bir rayonda çox sürətli inkişaf gedib və bu gün də bu inkişaf davam edir.
Proqramın icrasına başlayarkən Azərbaycanda vaxtilə yaradılmış infrastruktur, demək olar ki, köhnəlmişdi. Azərbaycan özünü elektrik enerjisi ilə və qazla təmin edə bilmirdi, çünki idxaldan asılı idi. Belə olan halda, sənayenin, kənd təsərrüfatının inkişafından söhbət gedə bilməzdi.
Son illər ərzində 11 min kilometrdən çox yol salınıb. Bu yollar bütün bölgələri bir-biri ilə bağlayır. Şəhərlərarası yollar, magistral yollar, qonşu ölkələrlə əlaqə yaradan yollar, kənd yolları ilə bağlı işlər çox geniş vüsət alıb. Bu, həm sosial layihələrdir, eyni zamanda, iqtisadi layihələrdir. Çünki fermerlər, sahibkarlar yaxşı bilirlər ki, yol olmadan inkişafdan söhbət gedə bilməz. Çünki gözəl yol kənd təsərrüfatının da, turizmin də inkişafına çox böyük təkan verir. Bir sözlə, bu gün yaradılan müasir infrastruktur bundan sonrakı uğurlu inkişafın əsası olacaq.
Bununla paralel olaraq sosial infrastruktur məsələlərinə də böyük diqqət göstərilib. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bütün işlərin, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşı yaxşı yaşamalıdır və yaxşı yaşamaq üçün imkan olmalıdır. Ona görə sosial məsələlərin həlli, xüsusilə təhsillə, səhiyyə ilə bağlı məsələlər həmişə dövlət üçün prioritet olub. Belə ki, son illərdə 3 mindən çox məktəb, 600-dən çox tibb mərkəzi yaradılıb və onlar bu gün insanlara xidmət göstərir. Eyni zamanda, bölgələrdə yaradılmış şərait böyük şəhərlərə miqrasiyanın da qarşısını alır. Prezident İlham Əliyev qeyd etdiyi kimi, əvvəlki illərdə Bakıya bütün bölgələrdən müşahidə olunan miqrasiya indi azalıb, eyni zamanda, əks proses də başlayıb: “İndi insanlar şəhərlərdən kəndlərə qayıdırlar. Çünki kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar yaradılıb”.
Son illər ərzində sahibkarlara dövlət tərəfindən iki milyard manatdan çox güzəştli kreditlər verilib. Bu təşəbbüs nəticəsində ölkə iqtisadiyyatının real sektoruna, ümumilikdə təqribən 4 milyard manat kredit qoyulub. Kreditlər, əsasən, regionlara, kənd təsərrüfatına, emal sənayesinə ayrılıb. Xüsusi məqam kimi onu da qeyd edək ki, Prezident İlham Əliyev sahibkarlarla, mütəmadi olaraq görüşür, onlara öz dəstəyini verir: “Bilirsiniz ki, yoxlamaların da sayı kəskin şəkildə aşağı düşüb. Yəni biz şərait yaradırıq ki, sahibkarlar qurub-yaratsınlar, yeni iş yerləri, yeni sənaye sahələri yaratsınlar və Azərbaycanda istehsal, ixrac artsın, idxal azalsın. Biz bunu görürük. Bu ilin 7 ayında ticarət dövriyyəmizin müsbət saldosu əhəmiyyətli dərəcədə artıbdır. Yəni biz daha çox ixrac edirik, nəinki idxal. Biz 7 ay ərzində valyuta ehtiyatlarımızı böyük dərəcədə artıra bilmişik. Baxmayaraq ki, neftin qiyməti bu gün də çox aşağı səviyyədədir, biz 7 ayda valyuta ehtiyatlarımızı 3 milyard 600 milyon dollar səviyyəsində artırmışıq. Mən deyəndə ki, ölkə qarşısında heç bir maliyyə çətinliyi yoxdur, bax, bu rəqəmlər bunun bariz nümunəsidir”.
Bir sözlə, 2017-ci ildə də Azərbaycan uğurlu inkişaf dinamikasını saxlayır, onu möhkəmləndirir, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atır.
“Səs” Analitik Qrupu

Digər xəbərlər