Bakı Dövlət Universitetinin Qazax filialında Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. “Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin inkişafındakı rolu” mövzusunda keçirilən konfransda filialın professor və müəllimləri, tələbələr iştirak edib.Konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin filialın foyesindəki büstü önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.Sonra filialın Heydər Əliyev auditoriyasında konfrans işə başlayıb.BDU-nun Qazax filialının direktoru Vüsət Əfəndiyev bildirib ki, YAP Azərbaycanın son dərəcə ağır zamanında, ölkədəki hərc-mərcliyin baş alıb getdiyi bir dövrdə yaranıb. Həmin illərdə Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Belə bir vaxtda xalqın taleyinə laqeyd qala bilməyən insanlar ölkəmizin işıqlı gələcəyi naminə yeni partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Bu məqsədlə ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşərək Yeni Azərbaycan Partiyasını yaratmağa nail oldular. 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə təsis konfransı keçirildi, YAP-ın Proqram və Nizamnaməsi qəbul edildi, Ümummilli Lider yekdilliklə partiyanın sədri seçildi.Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov konfransda çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil, demokratik Azərbaycan Ulu Öndərin müəyyən etdiyi strateji xətlə inamla irəliləyir. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilib, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqləyib. YAP-ın amalı xalqa, Vətənə, dövlətə sədaqətlə xidmət etməkdən ibarətdir. Partiyanın uğurlarının təməlində xalqın sevgisi və etimadı dayanır.Tədbir YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahovun, dosent Məmməd Yusifovun, müəllim Zeynəb Mustafayevanın, tələbə Ələmdar Əsgərovun məruzələri ilə davam edib.
sia.az