“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycançılıq məfkurəsi: gənclərin qarşısında duran vəzifələr” layihəsinin icrasını davam etdirir. SİA-nın məlumatına görə, layihə çərçivəsində növbəti tədbir Bakının Nizami rayonunda keçirilib. Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycanın dövlət himni ifa olunub.İctimai Birliyin sədri Çingiz Bayramov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, TUMİB İdarə Heyətinin üzvü Seymur Verdizadə, Nizami rayon İcra Hakimiyyətinin şöbə müdiri Əli Axundov və başqaları tədbirdə çıxış edərək bildiriblər ki, layihənin keçirilməsində məqsəd gənclər arasında azərbaycançılıq məfkurəsini təbliğ etmək, xalqımızın soy-kökünə, milli dəyərlərinə bağlı gənclərin yetişməsinə təkan verməkdir. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri azərbaycançılıq məfkurəsinin əsasını təşkil edir. Bildirilib ki, gənclər üçün ən müqəddəs duyğu Vətəni sevmək, qoynunda boya-başa çatdığı torpağın yolunda mübarizə aparmağa, canından keçməyə hazır olmaqdır.Çıxışçılar gənc nəslin milli ruhda tərbiyə olunmasında təhsil müəssisələri ilə yanaşı, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının vacibliyini vurğulayıblar və azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliğində bu cür layihələrin əhəmiyyətini yüksək qiymətləndirib.Tədbirdə gənclərə üzərində azərbaycançılıq məfkurəsi əks olunan köynəklər paylanılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
sia.az