Bu gün Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının VIII konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdən əvvəl konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyev adına Parkda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.Rayonun Heydər Əliyev Mərkəzində öz işinə başlayan konfransı YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev açıb. O, hesabat məruzəsində təşkilatın əvvəlki konfransdan keçən dövr ərzindəki fəaliyyətinin geniş təhlil edilərək, qarşıda duran vəzifələrdən bəhs olunduğunu bildirdi: "Zəngin və şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik-hüquqi və dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarətdir. YAP zamanın çətin sınaqlarından şərəflə çıxıb və böyük siyasi qüvvəyə çevrilib. Partiyanın sıralarının gündən-günə artmasının əsas səbəbi ondadır ki, YAP-ın yaradıcısı, Azərbaycan xalqının xilaskarı Ümummilli Lider Heydər Əliyev olub. Partiyanın nüfuzu ondadır ki, hazırda bu siyasi birliyə Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir".Təşkilat sədri diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı 1993-cü il 26 fevral tarixində 21 nəfərin iştirakı ilə yaranıb: "Bu gün isə rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənir. Hazırda 40 ərazi ilk partiya təşkilatını özündə birləşdirən rayon təşkilatının 1861 nəfər üzvü var. Təşkilat üzvlərinin 852 nəfərini, yəni 45,8 faizi gənclər, 861 nəfəri, yəni 46,3 faizini qadınlar təşkil edir. Hətta partiya üzvlərinin əməyi dövlət başçısı Cənab İlham Əliyev tərəfindən də qiymətləndirilib. Belə ki, partiya üzvlərindən bəziləri "Əməkdar müəllim", "Tərəqqi" medalı və dövlət qulluqçusu adları ilə təltif ediliblər".Ötən dövr ərzində YAP Xızı rayon təşkilatının tərkibinin daha da genişlənərək, üzvlərinin sayının 1861 nəfər olduğunu deyən Fərrux Haqverdiyev təşkilatın YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq, qarşıya qoyulan vəzifələrin icrasını layiqincə yerinə yetirdiyini vurğulayıb.Sonra YAP Xızı rayon təşkilatının nəzarət-təftiş qrupunun sədri Bəşir Mürsəlov hesabat məruzəsi ilə çıxış edib. Həmçinin, rayon təşkilatının qadınlar şurasının sədri Jalə Süleymanova, gənclər birliyinin üzvü İman Ağayev və başqaları çıxış edərək, YAP Xızı rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini bildiriblər.Konfransda "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili, syasi elmlər doktoru, professor Hikmət Babaoğlu çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda, xalqın istək və arzularının nəticəsi olaraq, tarixi zərurətdən yaranıb: "Yarandığı ilk gündən ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərərək, milli müstəqilliyimizin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində və iqtisadiyyatımızın inkişaf etdirilməsində özünün layiqli töhfələrini verib. Bu gün də partiyamız Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz prinsiplərinə sadiqliyini nümayiş etdirir"."SƏS" qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan YAP-ın keçdiyi 25 illik şərəfli yoldan danışıb: "Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda vəziyyət dözülməz idi, buna görə də ziyalılar Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Bu müraciət "SƏS" qəzetində dərc olundu. İndi demək asandır, ancaq həmin vaxt "SƏS" qəzetinin belə bir addım atması olduqca cəsarətli bir addım idi. Çünki Ulu Öndərin Azərbaycana qayıdışını istəməyən qüvvələr hakimiyyətdə idilər və vətənini, dövlətini ağır durumdan çıxarmaq istəyənlərə qarşı əsl terror siyasəti həyata keçirirdilər".B.Quliyev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədri olduğu və bu gün 700 mindən çox insanı sıralarında birləşdirən YAP müstəqilliyimizin, demokratik-hüquqi və dünyəvi dövlətimizin möhkəmləndirilməsi və dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir: "İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP bundan sonra da Azərbaycan xalqı qarşısında xidmətlərini davam etdirəcək və həmişə Azərbaycan xalqının partiyası olaraq qalacaq".Konfransda Xızı rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov çıxış edərək qeyd edib ki, Azərbaycan bu gün tamamilə müstəqil siyasət yürüdən, öz sözü, mövqeyi və prinsipial xarici siyasəti olan dövlətdir: "Möhtərəm Prezidentimizin böyük diqqət və qayğısı sayəsində respublikamızın milli inkişaf strategiyası, vahid ideologiyası formalaşıb, milli özünəməxsusluğu qorunub, xalqın və dövlətin maraqlarına xidmət edən ümumbəşəri dəyərlər inkişaf etdirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi səriştəsi, ardıcıl və məqsədyönlü tədbirləri sayəsində daha da möhkəmlənib, çoxəsirlik dövlətçilik tarixinin ən möhtəşəm dövrünə çataraq, qüdrətli bir dövlətə çevrilib".Konfransda daha sonra təşkilati məsələlərə baxılıb. YAP Xızı rayon təşkilatının sədr müavinləri, 9 nəfərdən ibarət idarə heyəti, 19 nəfərdən ibarət şura, 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçilib. Fərrux Haqverdiyev yenidən YAP Xızı rayon təşkilatının sədri seçilib.Sonda YAP Xızı rayon təşkilatı tərəfindən keçirilən tədbirlərdə fəal iştirak etdiyinə və rayonun ictimai-siyasi həyatında göstərdiyi xidmətlərə görə bir qrup partiya fəallarına fəxri fərmanlar və hədiyyələr və partiya vəsiqələri təqdim olunub.Konfransda YAP İcra Katibliyinin məsul işçisi Araz Xudadanov iştirak edib.
sia.az