Prezident İlham Əliyev: “Üç ölkə bütün sahələrdə uğurla əməkdaşlıq edirlər, bir-birini dəstəkləyirlər, ölkələrimiz, xalqlarımız üçün önəmli olan, dünya üçün önəmli olan layihələri icra edirlər”
Məlum olduğu kimi, oktyabrın 30-da Bakı-Tbilisi-Qars Dəmir Yolunun açılışı oldu. Açılış münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilən təntənəli mərasim Şərq və Qərb mətbuatında, xüsusən də, bu layihənin reallaşmasında maraqlı və iştirakçı ölkələrin kütləvi informasiya vasitələrində təntənəli bayram, sülhün, dostluğun və qardaşlığın qələbəsi kimi təqdim edildi. Bakıda qardaş dövlətlərin yüksələn bayraqları isə bu açılış mərasimini, nəinki Şərq, hətta dünya miqyasında sülhün təntənəsinə çevirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin, Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətlərinin mərasimdə iştirak etmələri bu layihənin bütün Şərq üçün nə dərəcədə önəmli olduğunu göstərdi, onun tarixi və strateji əhəmiyyətini dünyaya bəyan etdi. Bakı-Tbilisi-Qars Dəmir Yolu Avropa ilə Asiyanı birləşdirən ən qısa və etibarlı yol kimi İpək Yolu tarixində yeni səhifəsini açdı.
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimindəki çıxışında bu layihənin yol boyunca yerləşən ölkələrdə ticarət dövriyyəsini və qarşılıqlı sərmayə qoyuluşunu artıracağını, əməkdaşlığı dərinləşdirəcəyini qeyd etdi, onun üç ölkə üçün xüsusi əhəmiyyətini səciyyələndirdi: “Bu yolun tikintisi Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı dostluğun və qardaşlığın nəticəsidir. Üç ölkə bütün sahələrdə uğurla əməkdaşlıq edirlər, bir-birini dəstəkləyirlər, ölkələrimiz, xalqlarımız üçün önəmli olan, dünya üçün önəmli olan layihələri icra edirlər”.
Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili isə dost ölkələrin rəsmilərinin açılış mərasiminə dəvət edilməsini birgə baxışların və maraqların nümayişi kimi dəyərləndirdi və qeyd etdi ki, dünyanın bir çox təhlükələrlə üz-üzə dayandığı bir zamanda ölkələrimiz arasında ticari və iqtisadi əlaqələrin genişlənməsi və sabitliyə xidmət edən layihələrin reallaşması yüksək diqqətə layiqdir: “Yeni dəmir yolu marşrutunun tam işə düşməsi ölkələrimizin tranzit və logistik potensialından daha səmərəli istifadə etməyə imkan yaradacaq, regionun nəqliyyat və ticari statusunu möhkəmləndirəcək”.
Baş nazir bildirdi ki, Gürcüstan, həmçinin, İpək Yolunun dirçəlişinə və “Bir kəmər - bir yol” layihəsinin reallaşmasına təşəbbüs göstərir, Çin və Avropa İttifaqının ticari tranzit xəritəsində bu marşrutun yeni “Orta dəhliz” rolunu alqışlayır. Bu il noyabrın 28-29-da Tbilisidə Böyük İpək Yoluna həsr olunan yüksək səviyyəli beynəlxalq forumun keçirilməsinin, forumda 40-dan çox ölkənin hökumət və özəl sektorun nümayəndələrinin iştirakının nəzərdə tutulması Bakı-Tbilisi-Qars Dəmir Yolunun Gürcüstan üçün necə böyük əhəmiyyət kəsb etdiyini deməyə əsas verir.
Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev isə Avrasiyanın düz mərkəzində yerləşən Qazaxıstanın Avropa ilə Asiya arasında transkontinental daşımaların inkişafi üzrə fəal iş apardığını, Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılmasını dəstəkləyən ilk ölkə olduqlarını bildirdi: “Bu qərar Qazaxıstanın və Çinin dəstəyi ilə Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən 2016-cı ildə qəbul edilib. Bu mühüm qərarın paytaxtımız Astanada qəbul edilməsi bizim üçün rəmzi xarakter daşıyır. Layihə Qazaxıstanın Xəzər infrastrukturunda yük axını layihələrini stimullaşdırır, optimal logistikanı formalaşdırır, regionda iqtisadi artımı və ticarəti genişləndirir”.
Öz tranzit, nəqliyyat potensialını inkişaf etdirmək və “qızıl körpü” qismində Avrasiyanın qitələrarası sisteminə qoşulmaq Qazaxıstanın strateji vəzifəsidir. Bu məqsədlə hazırda “Nurlu yol” Dövlət Proqramı reallaşdırılır. Son 9 il ərzində Qazaxıstanın nəqliyyat-logistik sisteminə 28 milyard ABŞ dolları həcmində sərmayə yatırılmışdır. Transxəzər Dəhlizinə dəstək məqsədilə 1700 kilometr yeni dəmir və 3500 kilometr avtomobil yolları inşa edilmiş, Aktau limanı modernləşdirilmiş, Kurık bərə limanı tikilmişdir. Qazaxıstan Transxəzər istiqamətində optimal marşrutların formalaşdırılmasına 10 milyard ABŞ dollarından çox vəsait ayırmışdır. Beləliklə, Çindən, Mərkəzi Asiya ölkələrindən, Rusiyanın Ural-Sibir regionundan Transxəzər Dəhlizinə yük axınının ən qısa yolu Qazaxıstan tərəfindən təmin edilmişdir. 2020-ci ilədək Qazaxıstanın nəqliyyat-logistika sisteminin inkişafına əlavə 8 milyard həcmində investisiyalar yatırılacaq.
Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov isə açılış mərasimindəki çıxışında 2016-cı ildə Kamçi yüksək dağ aşırımından keçən 19 kilometrlik dəmir yolu tuneli ilə Anqreyen Pap Dəmir Yolu Magistralının tikinti layihəsinin başa çatmasının, qarşılıqlı əlverişli və səmərəli nəqliyyat dəhlizlərinin işə salınmasının qlobal iqtisadi inkişaf prosesində ölkələrimizin uğurlu inteqrasiyasına təkan verəcəyini vurğuladı. Baş nazir onu da qeyd etdi ki, görülən işlər ölkələrimizdən keçən tranzit dəhlizlərinin cəlbediciliyinin artırılmasına, nəqliyyat infrastrukturunun səmərəli işləməsinə və müxtəlif istiqamətlərdə yükdaşımaların həcminin artırılmasına imkan yaradacaq, genişmiqyaslı Şərq-Qərb Nəqliyyat Dəhlizinin mühüm bəndinə çevriləcək. Beləliklə, Bakı-Tbilisi-Qars Dəmir Yolu Mərkəzi Asiya ölkələri, bütövlükdə qitənin müvafiq hissəsi üçün xüsusi əhəmiyyət kəsb edəcək, Çinlə Avropa arasında ən qısa dəmir yolu dəhlizi yaratmağa imkan verəcək. Özbəkistan da bu dəhlizdən fəal istifadə etməkdə və oradan öz xarici ticarət yüklərinin daşınma həcmlərinin artırılmasında maraqlıdır.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Bakı-Tbilisi-Qars dəmir yolunda ilk səfərin reallaşması ilə “Orta dəhliz” layihəsinin önəmli mərhələsinin başa çatdığını dedi: “Beləliklə, Londondan Çinə birbaşa dəmir yolu xəttinin qurulduğunu da bəyan edirik”.
R.T.Ərdoğan bu layihəni qətiyyətimizin və uzaqgörənliyimizin əsəri kimi dəyərləndirdi, layihənin zəhmətlə, fədakarlıqla, alın təri ilə reallaşdırıldığı üçün, həqiqətən, çox önəmli olduğunu bildirdi. Türkiyə Prezidenti regionun qədim dövlətləri kimi, həmrəyliyimizin və əməkdaşlığımızın daha böyük layihələrə imza ata biləcəyini diqqətə çatdırdı: “Bu günədək həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP kimi layihələr bundan sonra da edəcəklərimizin təminatıdır” deyən R.Ərdoğan vurğuladı ki, Türkiyədə “Marmaray” sürətli qatar xətlərinin inşası, mövcud dəmir yolu xətlərinin yenilənməsi, İstanbulda inşa edilən və üzərindən dəmir yolu xəttinin də keçəcəyi üçüncü körpüyə yatırılan sərmayələr Bakı-Tbilisi-Qars Dəmir Yolu layihəsinin üstünlüyünü və cəlbediciliyini artırmağa imkan vermişdir.
Proqnozlara görə, Bakı-Tbilisi-Qars Dəmir Yolu ilə üçüncü istismar ilində 3-5 milyon, beşinci istismar ilində 6-8 milyon, bundan sonra isə 17 milyon ton yük və ildə 3 milyon sərnişin daşınacaq. Bu dəmir yolu xəttinin işə düşməsi sayəsində Azərbaycan, Gürcüstan və Türkiyə mühüm tranzit qovşağına çevrilir. Çin artıq bu xəttə böyük maraq göstərir, çünki bu dəmir yolu xətti Transavropa və Transasiya Dəmir Yolu şəbəkələrinin birləşməsində çatışmayan bağlantını tamamlamaqla Avropa ilə Asiya arasında daşımalarda yekun bənd kimi çıxış edir. Bakı-Tbilisi-Qars Dəmir Yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, həmçinin, Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır, Azərbaycana Gürcüstan ərazisindən keçməklə Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsinə sahib olmağa imkan verir.
Beləliklə də, Avropa ilə Asiyanı birləşdirən və dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars Dəmir Yolu xəttinin işə düşməsi ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı, Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı əlaqələrin strateji təzahürünü bütün dünyaya nümayiş etdirir. Hətta gələcəkdə Qarsdan Naxçıvana ayrıca dəmir yolu xəttinin çəkilməsinin nəzərdə tutulması isə muxtar respublikanın Ermənistanın blokadasından çıxarılmasına və onun nəqliyyat müstəqilliyinin təmin edilməsinə səbəb olacaq.
“Səs” Analitik Qrupu