Brüsseldə “Şərq Tərəfdaşlığı” sammitində bir çox məsələlərlə yanaşı, ərazi bütövlüyü məsələsi də önə çəkilib. Yekun bəyannamədə problemlərin həllinin beynəlxalq hüquq normalarına uyğun, ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyi bildirilib”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Deputat bildirib ki, vaxtilə Avropanın müəyyən dairələrin Azərbaycanın ərazi bütövlüyü məsələsini onlara yad olan bir məsələ kimi qiymətləndirsələr də, İspaniyanın Kataloniya vilayətində baş verənlər göstərdi ki, Avropanın özü istənilən vaxt Qarabağ sindromunu yaşaya bilər: “Buna görə də Avropa Azərbaycanın ərazi bütövlüyü problemini artıq önə çəkməyə başladı. Həmçinin, Azərbaycanın fəal iştirakçısı olduğu Cənub Qaz Dəhlizinə yüksək qiymət verilməsi onu göstərdi ki, bu gün dünya üçün sabitlik, ərazi bütövlüyü məsələsi prinsipialdır”.A.Mirzəzadənin sözlərinə görə, Prezident İlham Əliyevin sammitdə qətiyyətli mövqeyi, Azərbaycanın taleyüklü məsələlərinin Avropa İttifaqı rəhbərliyinin diqqətinə çatdırması, Ermənistanın Azərbaycan torpaqlarının işğalını davam etdirməsinə yol verilməsini qabartması yekun bəyannaməyə təsir etdi: “Ermənistan rəhbərliyi problem yaratmağa çalışsa da, cəhdlər uğursuz oldu. Dünya bu problemlərin beynəlxalq hüquq normaları ilə həll edilməsini vacib sayır. Bu, işğalçı Ermənistana xəbərdarlıqdır. Azərbaycan Dağlıq Qarabağ münaqişəsini hərb yolu ilə də həll etməyə hazırdır. Bunu aprel döyüşləri bir daha sübut etdi. Aİ-nin yekun sənədi isə Ermənistana son şansı verdi”.Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə noyabrın 24-də Şərq Tərəfdaşlığı Sammitində iştirak edib.
sia.az