Azərbaycan Prezidenti İlham Əliyev Tərtər, Ağcabədi və Sabirabad rayonlarına səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Tərtər rayonuna səfərə gəlib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb. Ulu öndər Heydər Əliyevin abidəsinin yerləşdiyi parkda son vaxtlar yenidənqurma və abadlıq işləri görülüb, əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, Tərtər Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə fəaliyyətə başlayıb və müxtəlif illərdə köhnə, uyğunlaşdırılmış binalarda yerləşdirilib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında ötən il muzey üçün yeni binanın inşasına başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri artıq başa çatdırılıb. İkimərtəbəli binada iki ekspozisiya zalı var. Bu zallarda “Təbiət”, “Arxeologiya”, “Qafqaz Albaniyası”, “Orta əsrlər”, “Misgərlik”, “XIX əsr”, “Azərbaycan milli geyimləri”, “Ənənəvi ev”, “Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrü”, “Azərbaycan müstəqillik dövrü”, “Qarabağ münaqişəsi” adlı bölmələr qurulub. Burada, həmçinin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Tərtər rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb.
Noyabrın 28-də Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq, son illər yol infrastrukturunun yenilənməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, uzunluğu 29,5 kilometr olan Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolu üçüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı, hərəkət hissəsinin eni 8 metr olan yol inşa edilərkən 39,7 min kubmetr torpaq işləri görülüb, müxtəlif diametrli suötürücü borular tikilib, 14 avtobus dayanacağı yaradılıb. Bundan əlavə, yol üzərində işıq dirəkləri quraşdırılıb, yol nişanları və göstərici lövhələr yerləşdirilib. Yolun 17-ci kilometrliyində İncəçay çayı üzərində uzunluğu 34,8 metr, eni 10,5 metr olan körpü inşa edilib.
Prezident İlham Əliyevin bu ilin iyulunda imzaladığı Sərəncama əsasən tikilən Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolu 24 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirir. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Prezidentin 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə edilmiş əlavələrə uyğun olaraq, Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi salınıb.
Prezident İlham Əliyev Ağdam rayonundan məcburi köçkün Pakizə Məmmədovanın mənzilində oldu, yaradılan şəraitlə maraqlandı.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, 1170 mənzilin ümumi sahəsi 88 min kvadratmetrdir. Mənzillərdən 120-si bir, 504-ü iki, 472-si üç, 80-i isə dördotaqlıdır. Mənzillərə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından olan məcburi köçkünlər köçürüləcək.
Qeyd olundu ki, 50 hektarlıq torpaq sahəsində inşa edilən yeni yaşayış kompleksində zəruri infrastruktur obyektləri - məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası inşa olunub. Musiqi məktəbində siniflərin hamısı musiqi alətləri ilə təchiz olunub. 280 yerlik uşaq bağçasında da balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar var.
Müxtəlif qrupların fəaliyyət göstərəcəyi bağçada balacaların ilkin biliklərə yiyələnmələri üçün bütün tələblər nəzərə alınıb. Yaşayış kompleksindəki məktəblə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, bu təhsil ocağı 1200 şagird yerlikdir. Burada şagirdlərin elmin sirlərinə yiyələnmələri üçün bütün imkanlar var.
Prezident İlham Əliyevə məlumat verildi ki, bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 97-ci şəhərcikdir. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, yol, küçə və kanalizasiya şəbəkəsi yaradılıb. Ümumiyyətlə, indiyə qədər salınan yeni yaşayış komplekslərində 152 məktəb, 58 mədəniyyət, 59 səhiyyə müəssisəsi, 60 uşaq bağçası, 2 Olimpiya İdman Kompleksi tikilib, 730 kilometr yol, 965 kilometr su, 1625 kilometr hava elektrik və 465 kilometr qaz xətləri çəkilib.
Burada ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən “Marağa-150” abidəsi barədə də məlumatlar var. Ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən biri olan bu abidə Tərtər rayonunun Şıxarx qəsəbəsindədir və 1978-ci ildə ermənilərin özləri tərəfindən İran Marağasından Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa-150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Çünki bu abidə ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin sübutu idi. Lakin mənfur düşmənlərimizin ərazi iddialarına tutarlı cavab olan bu abidənin tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq, o, yenidən bərpa olunub. Ermənilərin Qarabağa köçürülmələrini sübut edən, həmçinin “Marağa-150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar arxivlərdən toplanaraq, Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub. Məktəbin kompüter otağında dövlətimizin başçısına məlumat verildi ki, şagirdlər burada informasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər. Məktəbin idman zalı da zəruri avadanlıqla təchiz olunub və burada şagirdlərin bədən tərbiyəsi ilə məşğul olmaları üçün hər cür imkan var. Akt zalında müxtəlif tədbirlər keçirmək mümkün olacaq.
Prezident İlham Əliyev məktəbin yeməkxanasında, o cümlədən kitabxanada yaradılan şəraitlə tanış olduqdan sonra Tərtər rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşdü. Sonra Ağdərə rayonundan məcburi köçkün İlqar Qasımov çıxış etdi. Tərtər sakini Tofiq Hacıyev rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdi. Sonda xatirə şəkli çəkdirildi.
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub. AZƏRTAC xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi. Torpaqlarımızın qorunması və ərazi bütövlüyü uğrunda bu hərbi hissənin şəxsi heyəti də yüksək fədakarlıq göstərib. Onlarla hərbi qulluqçu yüksək fəxri adlara, o cümlədən 8 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Hərbi hissəyə 2004-cü ildə Ali Baş Komandan tərəfindən döyüş bayrağı təqdim edilib. Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi hissədə yaradılan şəraitlə tanış oldu. Dövlətimizin başçısına məlumat verildi ki, 6 hektar ərazisi olan hərbi hissədə qərargah binası, üç əsgər yataqxanası, 360 nəfərlik əsgər yeməkxanası, müxtəlif təyinatlı anbarlar, məişət otaqları və digər infrastruktur bölmələri, 100 maşınlıq avtomobil parkı yerləşir.
Müdafiə naziri Zakir Həsənov cəbhədəki əməliyyat şəraiti barədə Prezident, Ali Baş Komandan İlham Əliyevə ətraflı məlumat verdi. Bu hərbi hissənin timsalında biz ordumuzda yaradılan yüksək şəraitin şahidi oluruq və bu şərait də öz növbəsində Azərbaycan Silahlı Qüvvələrinin hər zaman öz döyüşkən ruhunu qorumasına imkan verir. Bunu 2016-cı ildə cəbhədə baş verən hadisələr də göstərdi. Azərbaycan qoşunlarının mövqelərini dağıdıcı silahlardan, ağır artilleriyadan atəşə tutan düşmən layiqli cavabını aldı. Bu döyüş Azərbaycan Ordusunda yüksək mənəvi-psixoloji hazırlığın olduğunu üzə çıxardı. Aprel döyüşünün ən mühüm nəticəsi həm də ondan ibarət oldu ki, Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan bayrağı dalğalandı. Ümumiyyətlə, aprel döyüşləri münaqişənin həlli dövründə dönüş məqamı idi. Bütün Azərbaycan cəmiyyətində ruh yüksəkliyinə səbəb olan bu hadisələr bir daha göstərdi ki, xalqımız torpaqlarımızın itirilməsi ilə barışmayıb və heç vaxt da barışmayacaq.
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağcabədi rayonuna səfərə gəlib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsinin ətrafında və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, son dövrlərdə Ağcabədidə abadlıq-quruculuq işləri geniş vüsət alıb.
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağcabədi rayonuna səfəri çərçivəsində Bayraq Muzeyinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi. Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram ulu öndər Heydər Əliyevin xalqımıza ən böyük əmanətidir. Prezident İlham Əliyevin yürütdüyü siyasətdə də millilik, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi yer tutur. Bu baxımdan bölgələrdə də müvafiq tədbirlər görülür. Paytaxtımızla yanaşı, ölkənin bütün bölgələrində üçrəngli bayrağımızın şərəfinə meydanlar, muzeylər yaradılır və xüsusi layihələr həyata keçirilir. Bu gün hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi və and yeri hesab edir. Azərbaycan bayrağı dövlətimizin suverenliyinin rəmzlərindən biri, milli mənəvi dəyərlərimizə və ümumbəşəri ideallara sadiqliyimizin təcəssümüdür. Məhz ölkəmizdə dövlət bayrağına ehtiram bəslənməsi ilə bağlı aparılan məqsədyönlü və kompleks işlərin məntiqi nəticəsi olaraq indi Azərbaycanın üçrəngli bayrağı müxtəlif mötəbər beynəlxalq tədbirlərdə, o cümlədən ən nüfuzlu idman yarışlarında yüksəklərdə dalğalanır. Bu da Azərbaycan dövlətinin gücünün və durmadan artan nüfuzunun əyani göstəricisidir. Təqdirəlayiq haldır ki, hər bir azərbaycanlı Vətənimizin bayrağının əbədiliyi və daim ucalarda dalğalanması naminə əlindən gələni əsirgəmir. Ağcabədi rayonunda bir il ərzində tikilmiş bayraq muzeyi də dövlət bayrağımızın tarixi haqqında dolğun məlumatlarla zəngindir.
Dövlətimizin başçısı muzeydə yaradılan şəraitlə tanış oldu. Muzeyin sərgi zalında ümumilikdə üç bölmə yaradılıb.
Burada Azərbaycanda xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçülərin geyimləri, müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, Azərbaycan SSR-in və müstəqil respublikamızın konstitusiyaları, dövlət atributları, ümummilli lider Heydər Əliyevin andiçmə mərasiminə dair fotoşəkillər və Ulu Öndərimizin dövlət rəmzləri haqqında kəlamları, Prezident İlham Əliyevin andiçmə və Dövlət Bayrağı Meydanının açılışı mərasimlərindən fotoları, poçt markaları, orden və medallar nümayiş olunur. Muzeyin ikimərtəbəli binasında akt və konfrans zalları, elektron kitabxana və digər inzibati otaqlar yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Ağcabədidə Tarix-Diyarşünaslıq Muzeyinin yenidənqurmadan sonra açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti muzeydə yaradılan şəraitlə tanış oldu. Respublikamızın bölgələrində yeni yaradılan və ya əsaslı şəkildə yenidənqurmadan sonra istifadəyə verilən Tarix-Diyarşünaslıq muzeyləri tarixi keçmişimizə həssas münasibəti əks etdirir. Bu, dövlət siyasətinin tərkib hissəsidir. Tarixi abidələrin, müqəddəs məkanların bərpası, yeni muzeylərin, mədəniyyət mərkəzlərinin tikilməsi milli mənəvi dəyərlərimizə hörmət və ehtiramın təzahürüdür. Təqdirəlayiq haldır ki, bu proses ölkəmizin bütün regionlarını əhatə edir.
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa edilmiş 4 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.
Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə dövlətin gördüyü işlərə Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun ölkəmizdəki məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq müəssisələrinin inşası sahəsindəki fəaliyyəti bu baxımdan vacib əhəmiyyət daşıyır. Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etməsi “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramından da görünür. Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb və mühüm nəticələr əldə edilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa olunan körpələr evi-uşaq bağçası bir daha aydın göstərir ki, Fondun həyata keçirdiyi bu cür layihələr ardıcıl xarakter alıb və artıq respublikanın bütün bölgələrini əhatə edir. Daha sonra Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa edilmiş 4 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi. Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa olunan körpələr evi-uşaq bağçası bir daha aydın göstərir ki, Fondun həyata keçirdiyi bu cür layihələr ardıcıl xarakter alıb və artıq respublikanın bütün bölgələrini əhatə edir.
Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu. Üçmərtəbəli bu yeni uşaq tərbiyə müəssisəsi 100 yerlikdir. Müasir səviyyədə və yüksək keyfiyyətlə inşa edilən binadakı otaqlar bütün zəruri avadanlıq, o cümlədən uşaqlarla işləmək üçün lazımi inventar və oyuncaqlarla təmin edilib. Burada uşaqların bilik və bacarıqlarının üzə çıxarılması üçün hərtərəfli imkanlar yaradılıb. Məşğələ otaqlarında uşaqlar ilkin yazı, rəsm və oxu vərdişlərinə yiyələnəcəklər. Körpələr evi-uşaq bağçasında iki kompüter otağı fəaliyyət göstərəcək.
Noyabrın 28-də Ağcabədi Olimpiya İdman Kompleksinin açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı əvvəlcə Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.
Nəhəng idman infrastrukturunun yaradılması istiqamətində atılan addımlar Azərbaycanı idman ölkəsi kimi nəinki yerləşdiyi coğrafi arealda, həm də bütün dünyada lider mövqeyə yüksəldib. Buna dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı sayəsində nail olunub. Çoxlu sayda Olimpiya İdman komplekslərinin, idman-sağlamlıq mərkəzlərinin tikilib istifadəyə verilməsi Azərbaycanı nəhəng idman hərəkatının yaşandığı məkanlardan biri kimi tanıdıb. Son illər Azərbaycan mötəbər beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Diqqət çəkən əsas məqamlardan biri də bədən tərbiyəsi və idmanın ölkəmizin bütün regionlarında kütləvi xarakter almasıdır. Buna nail olmaq üçün müxtəlif bölgələrdə Olimpiya İdman kompleksləri, idman qurğuları və stadionlar tikilir. Belə nəhəng idman qurğularından biri də Ağcabədidə inşa olunub.
Ağcabədi Olimpiya İdman Kompleksi Prezident İlham Əliyevin “Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 27 may tarixli Sərəncamı əsasında inşa edilib. Bu, ölkə idmançılarının ixtiyarına verilən sayca 42-ci Olimpiya İdman Kompleksidir.
Gənclər və idman naziri Azad Rəhimov Ağcabədi Olimpiya İdman Kompleksində yaradılan şərait barədə dövlətimizin başçısına ətraflı məlumat verdi. Bildirildi ki, kompleksin tikintisinə 2012-ci ilin iyununda başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin noyabrında başa çatdırılıb. Bu kompleks müasirliyi ilə diqqəti cəlb edir. Ümumi ərazisi 5 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb. Kompleksdə 100 tamaşaçı tutumu olan ikidöşəkli güləş və cüdo, boks, ağır atletika, həmçinin 937 azarkeş yerlik universal idman zalları yaradılıb. İdman kompleksində stolüstü tennis, bilyard, trenajor və fitnes zalları, yay kafesi, mağaza, bilet satışı kassası var. Binada, həmçinin məşq zalları, VIP loja, nəzarətçilər, məşqçilər, hakimlər üçün otaqlar, dopinq-nəzarət, soyunub-geyinmə və digər zəruri otaqlar yaradılıb. Baş plana əsasən, kompleksdə uzunluğu 104, eni isə 68 metr olan 810 azarkeş yerlik futbol stadionu, habelə mini futbol, voleybol və tennis meydançaları da var. Bir sözlə, burada idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün geniş imkanlar mövcuddur.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və ağcabədili idmançılarla görüşdü. Ağcabədi idman məktəbinin yetirməsi, ikiqat dünya və yeddiqat Avropa çempionu Əli Cəfərov ölkəmizdə idmanın inkişafına, o cümlədən rayona göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına ağcabədililərin minnətdarlığını çatdırdı. Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev noyabrın 28-də Ağcabədi rayonuna səfəri çərçivəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub. AZƏRTAC xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi. Hərbi hissədə Qərargah binası, əsgər yataqxanaları, yeməkxana kompleksi, tibb məntəqəsi və digər zəruri binalar inşa olunub. Qərargah binasında hərbi hissənin döyüş bayrağının yerləşdiyi xüsusi guşə yaradılıb, idarə heyətinin xidməti otaqları, konfrans zalı və digər zəruri otaqlar istifadəyə verilib. Qərargah binasında komandanlığın yüksək səviyyədə çalışması və istirahəti üçün bütün zəruri şərait mövcuddur.
Prezident, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev hərbi hissənin əsgər yataqxanasında oldu, burada şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraitinə baxdı. Binada ideoloji, məişət və digər zəruri otaqlar hərbçilərin ixtiyarına verilib. Əsgərlərin idmanla məşğul olmaları üçün yataqxana kompleksində trenajor zalı da yaradılıb. Hərbi hissənin ərazisində çörək sexi, hamam-camaşırxana-istixana kompleksi, texniki nəzarət və yanacaqdoldurma məntəqələri, avtomobil parkı və idman şəhərciyi yaradılıb.
Prezident, Ali Baş Komandan İlham Əliyevə interaktiv təlim-məşq sistemi barədə məlumat verildi. Bildirildi ki, burada şəxsi heyətin sinif şəraitində atəş qabiliyyətinin artırılması təlimləri keçirilir. Azərbaycanda son dövrlərdə ordunun modernləşdirilməsi, hərbi hissələrin müasirləşdirilməsi istiqamətində görülən işlər ardıcıl davam etdirilir. Bu hərbi hissədə yaradılan şərait bir daha sübut edir ki, son illər Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə maddi-texniki bazasını gücləndirib və haqlı olaraq, dünyanın ən güclü ordularından biri kimi tanınır. Son dövrlərdə Ordumuzun əldə etdiyi qələbələr, qazandığı uğur və nailiyyətlər bir daha sübut edir ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə istənilən an düşmənə sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Noyabrın 28-də Ağcabədi rayonunda yeni çörək və un məmulatları zavodunun açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına məlumat verdi ki, hazırda Azərbaycanda gündəlik istehsal gücü 2,2 min ton olan 160-dan çox çörək istehsalı müəssisəsi fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 113,3 milyon manat, gündəlik istehsal gücü 827,6 ton olan 30 çörək zavodunun tikintisinə, müasir texnologiya və avadanlıqla təchiz edilməsinə 54 milyon manat güzəştli kredit verilib. Bu müəssisələrdən gündəlik istehsal gücü 443,6 ton olan 13-ü Bakının qəsəbələrində, gündəlik istehsal gücü 384 ton olan 17-si isə regionlardadır. Regionlarda yaradılan və müasir avadanlıqla təchiz olunan çörək zavodlarından biri də “Cahidoğlu” MMC-nin Ağcabədi çörək və un məmulatları zavodudur.
Bildirildi ki, altı hektar ərazidə yerləşən zavod iki istehsal sahəsindən ibarətdir. Ümumi dəyəri 4 milyon manat olan zavodun qurulmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,4 milyon manat güzəştli kredit verilib. Gündəlik istehsal gücü 20 ton olan zavodda 2 çörək istehsalı xətti, un məmulatları və qablaşdırma avadanlığı quraşdırılıb. Zavodda 7 növ çörək və 20 çeşiddə un məmulatları istehsal olunur. Gələcəkdə məhsulun çeşidinin daha da artırılması nəzərdə tutulub. İstehsal olunan çörək “Ağcabədi çörəyi” brendi ilə istehlakçılara təqdim edilir. Prezident İlham Əliyev müəssisəni işə saldı, istehsal prosesinə və hazır məhsullara baxdı. Sonda xatirə şəkli çəkdirildi.
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfərə gəlib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən sosial layihələr barədə Prezident İlham Əliyevə məlumat verdi.
Noyabrın 28-də Sabirabad Sənaye Məhəlləsinin təməlqoyma mərasimi olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə sənaye məhəllələrinin yaradılması istiqamətində görülən işlər haqqında dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Azərbaycanda ilk sənaye məhəlləsi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Neftçalada yaradılıb. Bu ilin sentyabrında dövlətimizin başçısının iştirakı ilə açılışı olan həmin məhəllədə indi 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Neftçala Sənaye Məhəlləsində 474 yeni iş yeri açılıb. Sahibkarların marağı nəzərə alınaraq ərazinin genişləndirilməsi nəzərdə tutulur.
Daha bir sənaye məhəlləsi Azərbaycan Prezidentinin 2016-cı il 13 iyun tarixli Sərəncamına əsasən Masallıda yaradılacaq. Dövlətimizin başçısına məlumat verildi ki, ümumilikdə 10 hektar, ilkin mərhələdə isə 3,54 hektar ərazini əhatə edəcək Masallı Sənaye Məhəlləsində üç istehsalat korpusu, inzibati və texniki binalar, köməkçi sahələr tikiləcək. İnşasına bu ilin iyulunda başlanılan məhəllədə 2018-ci ilin aprel ayında müəssisələrin fəaliyyətə başlaması nəzərdə tutulub. Tikintiyə cəlb edilmiş işçilərin sayı 200 nəfərdir. Burada sahibkarlar tərəfindən 33 layihə təklif olunub. Layihələrin əsas istiqamətləri mebel, tikinti materialları, plastik tara, xalça, süfrə suyu, qida və kənd təsərrüfatı məhsullarının istehsalıdır. Müəssisələrin işə düşməsi nəticəsində 600-dən çox yeni iş yeri açılacaq.
Prezident İlham Əliyevə təqdim olunan daha bir layihənin icrasına - Hacıqabul Sənaye Məhəlləsinin tikintisinə gələn ilin yanvarında başlanılacaq. Dövlətimizin başçısının bu ilin iyulunda imzaladığı müvafiq Sərəncama əsasən yaradılacaq məhəllədəki müəssisələr ağır maşınqayırma, xüsusi vaqonqayırma, avtomobil və kompozit materialları istehsalı sahələrində ixtisaslaşacaq. Məhsulların satış bazarları isə MDB, Yaxın Şərq və Afrika ölkələri olacaq.
Azərbaycan Prezidentinin bir gün əvvəl imzaladığı Sərəncama əsasən, Sabirabadda da sənaye məhəlləsi yaradılacaq. İyirmi hektar ərazidə salınacaq bu sənaye mərkəzində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri və logistika mərkəzinin fəaliyyət göstərməsi planlaşdırılır. Prezident İlham Əliyev Sabirabad Sənaye Məhəlləsinin təməlini qoydu.
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonunda Bayraq Muzeyinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə millilik, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi yer tutur. Bu baxımdan bölgələrdə də üçrəngli bayrağımızın şərəfinə meydanlar, muzeylər yaradılır və xüsusi layihələr həyata keçirilir.
Məlumat verildi ki, Sabirabad Bayraq Muzeyinin inşasına 2017-ci ilin fevralında başlanılıb və sentyabrda başa çatdırılıb. Muzeyin binası iki sərgi zalından və müxtəlif yardımçı otaqlardan ibarətdir. Sərgi zallarında 6 bölmə yaradılıb. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi və bayraqları, orta əsrlərə aid döyüşçülərin geyimləri, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycanın Xalq Cümhuriyyəti, SSRİ və müstəqillik dövrünün konstitusiyaları, gerbləri, bayraqları, poçt markaları, orden və medallar nümayiş olunur.
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində 205 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi. Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, ötən əsrin 70-ci illərində inşa olunan xəstəxananın binası yararsız vəziyyətə düşdüyündən dövlətimizin başçısının tapşırığı ilə yeni binanın tikintisinə başlanılıb. Yeni xəstəxana üçün 4,77 hektar torpaq sahəsi ayrılıb. Ərazinin 1,2 hektarında dördmərtəbəli üç binadan ibarət xəstəxana kompleksi inşa olunub. Tikinti işlərinə 2012-ci ildə başlanıb və bu ilin oktyabrında başa çatdırılıb. Binalar milli memarlıq baxımından da göz oxşayır. Diqqətə çatdırıldı ki, bu səhiyyə müəssisəsində 553 tibb işçisi çalışacaq. Onların 70-i həkimdir. Bu tibb ocağındakı cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, doğum, nevrologiya, anesteziologiya və reanimasiya, hemodializ, fizioterapiya, infeksion, poliklinika, təcili təxirəsalınmaz yardım şöbələri, klinik laboratoriya, şüa diaqnostika kabinetləri tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib. Xəstəxananın yardımçı binalarında qazanxana, su anbarı və generatorlar quraşdırılıb. Ərazi abadlaşdırılıb, yaşıllıq zolağı salınıb.
Sonra Prezident İlham Əliyev Sabirabad rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşdü. Həkim Elmira Zeynalova və fermer Fatma Hüseynova yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər. Sonda xatirə şəkli çəkdirildi.
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonunda əsaslı şəkildə bərpa olunaraq yenidən qurulmuş Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqarağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin 2017-ci il 7 iyul tarixli Sərəncamı ilə əsaslı təmir olunan 60 kilometrlik yolun 19,6 kilometrlik hissəsi istismara hazırdır. 15 yaşayış məntəqəsini birləşdirən bu yolda 41 min sakinin rahat və təhlükəsiz gediş-gəlişi təmin olunacaq.
Dövlətimizin başçısına məlumat verildi ki, hər birinin eni 3 metr olan ikizolaqlı bu avtomobil yolu 4-cü texniki dərəcəlidir. Bildirildi ki, yolun bütün infrastrukturu müasir tələblər səviyyəsində qurulub. Lazımi yerlərdə təhlükəsizlik dirəkləri basdırılıb, yol nişanları, göstərici lövhələr quraşdırılıb, yol-cizgi xətləri çəkilib, suötürücü borular salınıb. Sabirabadda yenidən qurulan bu yol dövlətin öz vətəndaşlarının firavanlığına və rahatlığına göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür. Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulmuş avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Sabirabad rayonunun Nizami kəndində “Sabirabad Quşçuluq” MMC-nin əmtəəlik yumurta və quş əti istehsalı fabrikinin fəaliyyəti ilə tanış olub. AZƏRTAC xəbər verir ki, Azərbaycanın regionlarının mövcud potensialının daha da inkişaf etdirilməsi, xüsusilə ixracyönümlü və idxalı əvəz edən kənd təsərrüfatı məhsulları istehsalının artırılması, yeni istehsal və emal sahələrinin yaradılması Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan əsas vəzifələrdəndir. Bu istiqamətdə nəzərdə tutulan tədbirlərdən biri də quş əti və yumurta istehsalının sənaye üsulu ilə artırılması, ölkə əhalisinin quşçuluq məhsullarına tələbatının bütövlükdə yerli istehsal hesabına ödənilməsi məqsədilə quşçuluğun kompleks inkişafının təmin edilməsidir. Buna nail olmaq üçün daha çox investorun cəlb edilməsi barədə Prezident İlham Əliyevin yerli icra strukturları qarşısında qoyduğu vəzifələrə uyğun olaraq Sabirabad rayonunun Nizami kəndində quşçuluq müəssisəsi yaradılıb.
İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına məlumat verdi ki, son illər ərzində nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə illik istehsal gücü 60,5 min ton quş əti, 126 milyon ədəd damazlıq və 273 milyon ədəd əmtəəlik yumurta olan 40 quşçuluq təsərrüfatına 133,4 milyon manat dövlətin güzəştli krediti verilib. Fabriklər dünyanın inkişaf etmiş ölkələrinin aparıcı şirkətləri tərəfindən müasir texnologiyalar əsasında istehsal olunmuş avadanlıqla təchiz edilib. Belə layihələrdən biri də “Sabirabad Quşçuluq” MMC tərəfindən yaradılmış müasir əmtəəlik yumurta və quş əti istehsalı fabrikidir. Bu fabrik “Hacıqabul Quşçuluq” MMC-nin törəmə müəssisəsidir. Bildirildi ki, 1978-ci ildə fəaliyyətə başlamış və respublikada ilk özəlləşdirilmiş quşçuluq fabriki olan “Hacıqabul Quşçuluq” MMC-də hazırda gündə 1 milyon, o cümlədən 970 min ədəd əmtəəlik və 30 min ədəd damazlıq yumurta istehsal edilir. Fabrik tərəfindən bu ilin ötən dövrü ərzində İraqa və Əfqanıstana 5,5 milyon ədəd əmtəəlik yumurta ixrac olunub. İlin sonunadək ixrac həcminin 10 milyon ədədə çatdırılması nəzərdə tutulub. İxrac coğrafiyası genişləndirilərək Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Belarusa 4,5 milyon ədəd əmtəəlik yumurta ixracı planlaşdırılır.
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabada səfəri çərçivəsində tamamilə bərpa edilərək yenidən qurulmuş Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və yolayrıcılarının tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, həm də ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından mühüm əhəmiyyət kəsb edir. İndi ölkədə həyata keçirilən nəhəng infrastruktur layihələri Azərbaycanın potensialının tam üzə çıxarılmasına hərtərəfli zəmin yaradır. Dövlətimizin başçısının tapşırıqlarına əsasən regionlarda yol-nəqliyyat infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Hazırda respublikamızda kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alıb. Azərbaycan Prezidentinin bildirdiyi kimi, ölkəmizdə beynəlxalq və respublika səviyyəli yolların salınması ilə bağlı silsilə layihələr reallaşdırıldığından indi kənd yollarının çəkilişi ön plandadır. Rəmzi “40 yol” layihəsinin gerçəkləşdirilməsi məqsədilə dövlət büdcəsindən və Prezidentin ehtiyat fondundan kifayət qədər vəsait ayrılır.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov məlumat verdi ki, yeni yol 20 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirir. Ümumi uzunluğu 43 kilometr olan 4-cü texniki dərəcəli yolun hərəkət hissəsinin eni 6 metr, 2 hərəkət zolağının hər birinin eni isə 3 metrdir. Yenidənqurma zamanı burada genişmiqyaslı torpaq işləri görülüb, qum-çınqıl və iki laydan ibarət 12 santimetr qalınlığında asfalt-beton döşənib. 144 metr uzunluğunda müxtəlif diametrli suötürücü borular tikilib, kifayət qədər yol təhlükəsizlik dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb, cizgi xətləri çəkilib. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.