PDF Oxu

Siyasət

  • 5 724

Bakıda "İslam Həmrəyliyinin güclənməsində medianın rolu" adlı konfrans keçirilib

Bakıda "İslam Həmrəyliyinin güclənməsində medianın rolu" adlı konfrans keçirilib

Bakıda "İslam Həmrəyliyinin güclənməsində medianın rolu" adlı konfrans keçirilib. SİA-nın məlumatına görə, konfrans Azərbaycanda "İslam Həmrəyliyi ili" münasibətilə İslam Əməldaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə keçirilib.Tədbirdə Prezident Administrasiyasının əməkdaşı, deputatlar, Azərbaycan və Misirin aparıcı media qurumlarının nümayəndələri, səfirlər və digərləri iştirak ediblər.İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Guney bildirib ki, 2017-ci ilin "İslam Həmrəyliyi ili" elan olunması münasibəti ilə Azərbaycanda müxtəlif tədbirlər keçirilir: "Bu tədbirlərdən ən böyüyü isə IV Islam Həmrəyliyi Oyunları olub".F.Guney hesab edir ki, Azərbaycanda "İslam Həmrəyliyi İli"nin elan olunması islam dünyası üçün çox əhəmiyyətlidir: "Məlumdur ki, islam dünyasında tarix boyu siyasi istiqamətlər, təriqət ayrılığına görə münaqişələr olub. İslam dünyasına düşmən olanlar isə bundan məharətlə istifadə ediblər və bu gün də istifadə edirlər. Bəzi qüvvələr islamın sülh dini olmasını qətiyyətlə təkzib edirlər. Bu baxımdan Azərbaycanda "İslam Həmrəyliyi İli"nin elan olunmasının xüsusi əhəmiyyəti var".Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev qeyd edib ki, rəhbəri olduğu fond çox böyük tədbirlərə ev sahibliyi edib: "İslam bizim hamımızı birləşdirən ümumi dəyərdir. Bizim bir-birimizin problemlərini öyrənmək üçün bu tədbirin keçirilməsini vacib sayıram. Güman edirəm ki, bu səfər iki ölkənin mediası arasında əlaqələrin inkişafına töhfə verəcək"."İslam Həmrəyliyinin Azərbaycan nümunəsi" adlı məruzə ilə çıxış edən Prezident Administrasiyasının Ictimai-siyasi əlaqələr şöbəsinin əməkdaşı Bəhruz Həsənov bildirib ki, Azərbaycan özünün zəngin tarixinə və maddi mənəvi irsinə görə Misirdən geri qalmır: "Ona görə də istər çoxtərəfli, istərsə də ikitərəfli formatda Azərbaycan və Misirin arasında əməkdaşlığın qurulması, xüsusilə media qurumları arasında sıx münasibətlərin qurulması olduqca vacibdir. Misirin media nümayəndələrinin Azərbaycana bu səfəri iki ölkənin media qurumları arasında əməkdaşlıqda yeni bir mərhələnin başlanğıcı olacaq. Azərbaycan islam sivilizasiyasının formalaşmasına töhfə verən dövlətdir. Azərbaycanda hələ 743-cü ildə tikilən məscidlər ilkin islam abidələri kimi yaradılıb. Onlar Azərbaycan dövləti və xalqı tərəfindən qorunub mühafizə olunaraq bu günümüzə gəlib çıxıb".B.Həsənov bildirib ki, Azərbaycanda tarix boyu məzhəblər, dinlər arası həmrəylik olub: "Azərbaycan islam həmrəyliyinin nümunəvi modelini yaradıb. Bu model islam dünyasında diqqətlə öyrənilməli və tətbiq edilməlidir:" Azərbaycanda fərqli məzhəblərin nümayəndələrinin eyni məsciddə ibadət etməsi dünyada buna qarşı çıxanlara ən yaxşı cavabdır. Bildiyiniz kimi bu il ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, dünyada islam həmrəyliyinin artmasına töhfə verilməsi xarakteri daşıyır. Prezident öz çıxışlarında dəfələrlə bildirib ki, islam sülh, mərhəmət dinidir. Bunu başqa dairələr terror kimi qələmə verməyə çalışırlar. İslam dini terrorla eyniləşdirilməməlidir. Azərbaycan da terrordan əziyyət çəkən ölkələrdəndir. Terrordan əziyyət çəkən ölkə kimi Azərbaycan buna qarşı sərt mübarizə aparılmasının tərəfdaşdır. Azərbaycanın İƏT çərçivəsində bütün islam ölkələri ilə əlaqələri var. Lakin bəzi islam ölkələri ilə təcavüzkar Ermənistanın əməkdaşlıq, dostluq etməyə cəhd etməsi islam meyarlarına ziddir".PA rəsmisi bildirib ki, Azərbaycan mediası islam dövlətlərinin media qurumları ilə sıx əməkdaşlıq etməlidirlər: "Bu məqsədlə də İƏT üzv olan Dövlətlərin Jurnalistləri Assosiasiyanın yaradılması təklifi irəli sürülüb".B.Həsənov onu da əlavə edib ki, Azərbaycan Respublikası islam həmrəyliyini dövlət siyasətinin prioriteti hesab edir və bu istiqamətində önəmli addımlar atır: "Azərbaycan təkcə ölkə daxilində deyil, xaricdə də bu dəyərlərin düzgün təbliğ olunmasına çalışır".Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Nicat Məmmədli də çıxışında ötən il ölkəmizdə multikulturalizm, bu il isə İslam Həmrəyliyi ilinin elan edildiyini xatırladıb:" Bəzən bu iki amilin neçə bir araya gətirildiyini soruşurlar. Əslində biz multikulturalizmdən sonra İslam həmrəyliyi ilinin elan edilməsini məntiqi nəticə kimi qiymətləndiririk. Burada əsas məqsəd dünyada olan ən yaxşı halları nümayiş etdirməkdir. Azərbaycan bu sahədə örnək ölkələrdəndir. Azərbaycan yeganə ölkələrdəndir ki, burada sünni və şiələr bir yerdə namaz qılırlar. Azərbaycanda heç vaxt sünni və şiə məscidləri ayrı olmayıb. Bizdə belə bölgü aparılmayıb".N.Məmmədli qeyd edib ki, Azərbaycanda əhalinin 65 faizini şiələr, 30-35 faizini isə sünnilər təşkil edir. Onun sözlərinə görə, ölkəmizdə hər iki məzhəbin nümayəndələri namazlarını bir yerdə qılırlar ki, bu da unikal hadisələrdən biridir. Komitə rəsmisi hesab edir ki, bu məsələlərin dünya ictimaiyyətinə çatdırılmasında medianın rolu böyükdür.Xarici Işlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Şahin Abdullayev bildirib ki, bizim qarşımızda duran əsas məsələlərdən biri islam ölkələrinə qarşı yönələn bütün təsirlərə qarşı mübarizə aparmaqdır. Ş.Abdullayev islam ölkələrinin bu sahədə bir-birinə yardım göstərməsini də vacib sayıb: "Bəzən belə fikir yaranır ki, əgər müsəlman ölkəsiyiksə, müsəlman dünyasında bütün qapılar bizə açıq olmalıdır. Həqiqətən də. Lakin islam amili çox güclü faktordur".Ş.Abdullayev bildirib ki, informasiya qıtlığına görə hansısa ölkələr Ermənistanı dəstəkləyə bilərlər: "Lakin Azərbaycan haqqında düzgün məlumatlar verildikdə ölkəmizə qarşı münasibətlər dəyişir".Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim medianın bildirib medianın gücündən istifadəni vacib sayıb: "Media bəzən 4-cü hakimiyyət sayılır. Bu gücdən istifadə olunur, ictimai fikrin formalaşmasında onların rolu böyükdür. İslam ölkələrində müəyyən problemlər var. Bura Dağlıq Qarabağ, Fələstin və digərləri daxildir. Bu baxımdan belə toplantıların keçirilməsi çox əhəmiyyətlidir".Səfir əlavə edib ki, hazırda dünyada islamafobiya hallarının artdığı müşahidə olunur. Bu hallar bəzən xaricdən, bəzən də daxildən dəstəklənir: "İslam mədəniyyəti özündən qabaqkı mədəniyyətlərin qoruyucusu olub. Daha sonra həmin mədəniyyəti daha da zənginləşdirərək islam dünyasına təqdim edib. İslamın terrorla əlaqəli olması kimi cəhdlərin edildiyini görürük. Lakin islam terror ölkələrində yaranmayıb. Media dürüst informasiya verməli, düzgün fikrin yaranmasına yardım etməlidir. Azərbaycanın Dağlıq Qarabağ problemi var. Lakin onunla bağlı məlumatların daha geniş şəkildə yayılmasına ehtiyac var".Tədbir müzakirələrlə davam edib.

sia.az

Digər xəbərlər