Siyasət

  • 2 861

"Son addımlar Ermənistana verilən son şansdır" ŞƏRH

image

“Vyanada ATƏT xarici işlər nazirləri şurasının sammiti çərçivəsində Azərbaycan və Ermənistan XİN başçıları arasında keçirilən görüş protokol xarakterli görüş olub. Həmin görüşdə heç bir məsələ həll olunmayıb. Sadəcə, hər iki nazir sammitdə iştirak etmək üçün Vyanada olduğu üçün belə bir görüşün keçirilməsinə zərurət yaranıb. Lakin əsas məsələ odur ki, hər iki nazir Vyanada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı masada olan təkliflər arasında maraqlı məqamların olduğunu təsdiqləyiblər”. Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.Onun sözlərinə görə, məhz bunun nəticəsidir ki, Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün 2018-ci ilin yanvar ayında keçirilməsi nəzərdə tutulub: “Bildiyiniz kimi noyabr ayında Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana və İrəvana səfəri zamanı həmkarları ilə görüşərək yenilənmiş təkliflərini müzakirə etdi. Daha doğru desək indiyədək masada olan təkliflər daha da konkretləşdirilərək müzakirə olundu. Belə ki, Lavrovun səfəri zamanı Azərbaycan-Rusiya və Ermənistan-Rusiya XİN başçıları arasında keçirilən təkbətək görüşdə, hər iki münaqişə tərəfi təkliflərlə bağlı öz münasibətlərini bildiriblər. Son verilən açıqlamalara görə isə həm Azərbaycan, həm də Ermənistan tərəfi təkliflərə müsbət münasibət bildiriblər. Gələn ilin yanvar ayında keçiriləcək görüşdə bu məsələlər daha ətraflı şəkildə müzakirə olunacaq”.İ. Vəlizadə qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll edilməsinin vacibliyi artıq beynəlxalq səviyyədə də vurğulanır: “Çünki, münaqişənin həlli istiqamətində hər hansı qeyri-ciddi addım və hərəkət cəbhədə vəziyyətə təsir göstərir ki, bu da münaqişənin alovlanmasına səbəb ola bilər. Bu baxımdan artıq Ermənistan verilən təkliflərə nəinki müəyyən cavab, hətta müsbət cavab verməlidir. Azərbaycan tərəfi Vyanada keçirilən sammitdə də mövqeyini qəti şəkildə bildirdi. Xarici işlər naziri Elmar Məmmədyarov sammitdə bir daha vurğuladı ki, əgər Ermənistan tərəfi konkret təkliflərə qeyri-ciddi yanaşsa, danışıqlar prosesi uğursuzluqla nəticələnək və bunun təsiri cəbhədə özünü göstərəcək. Belə bir vəziyyətdə top Ermənilərin tərəfindədir və son atılan addımlar onlara verilən axırıncı şans sayıla bilər. Artıq düşmən ölkədə aparılan müzakirələrdə açıq şəkildə bildirilir ki, bu ölkədə baş verən bütün problemlər Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə bağlıdır. Əgər Ermənistan hakimiyyəti daxildəki sosial, iqtisadi və digər problemlərinin daha da dərinləşməsini istəmirsə, o zaman düzgün seçim etməli, qəti addımlar atmalıdır”.Məlumat üçün nəzərinizə çatdıraq ki, dekabrın 6-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vyanada görüşüblər. Növbəti görüşün 2018-ci ilin yanvar ayının ikinci yarısında baş tutacağı açıqlanıb.

sia.az

Digər xəbərlər