Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva daha bir mükafatla - II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilib
Dünyada gedən qloballaşma prosesində milli-mənəvi dəyərlər qorunub saxlanılır və milli özünüdərk, milli ideologiya və azərbaycançılıq məfkurəsi əsas aparıcı xətt olaraq təbliğ edilir. Bu prosesdə, Heydər Əliyev Fondu qeyri-hökumət qurum olaraq əhəmiyyət kəsb edən layihələrə imza atır. Fond Azərbaycan tarixi və mədəni abidələri, xalçaçılıq sənəti, muğam sənəti və s. ətrafında təbliğat işləri aparır, dünyanı mədəni irsimizlə tanış edir və onun inkişafına çalışır. Avropa ailəsinin üzvü olan Azərbaycanın zəngin mədəniyyəti və tarixi irsi haqqında geniş şəkildə təbliğat aparılır. Şərq və Qərb sivilizasiyalarının mədəni nailiyyətlərini uğurla sintez etmiş Azərbaycan mədəniyyətinin böyük və görkəmli xadimləri sayəsində bu gün Azərbaycan bəşəriyyətin mədəni liderlərindən birinə çevrilib.
Heydər Əliyev Fondunun Azərbaycan musiqisinə - muğamına olan diqqəti və təbliği sayəsində bu janr özünün yeni bir inkişaf mərhələsini yaşıyır. Təsadüfi deyil ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Kanadada “İlahi Muza - Azərbaycan Muğamının Hamisi” adlı abidəsi qoyulub. Bu abidə elit mənzərəli Niagara on the Lake şəhərinin (Kanadanın birinci paytaxtı) təmtəraqlı malikanələrindən birini bəzəyir. Fondun gördüyü işlər qeyri-millətlərin nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. Belə ki, Azərbaycan muğamının dirçəldilməsi və onun beynəlxalq səviyyədə geniş təbliğ edilməsi, habelə, bütün dünyada sülh naminə sivilizasiyaların dialoqunun səmərəli inkişafı və möhkəmlənməsi, dünya mədəniyyətlərinin bir-birinə yaxınlaşması və qarşılıqlı nüfuz etməsi Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Azərbaycan musiqisi, onun təsviri sənəti, qədim muğam minlərlə Avropalını bənzərsiz bədii gözəlliyi və mənəvi kamilliyi, habelə, fəlsəfi məzmununun dərinliyi ilə fəth edir. Bir-birinin ardınca Azərbaycanın mənəvi incilərinin dünya Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması da Mehriban Əliyevanın adı ilə bağlıdır. Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin Qeyri-Maddi İrsinin Şah Əsəri elan olunub, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu Dünya Mədəni İrs Siyahısına daxil edilib. Azərbaycan tarixində, ilk dəfə olaraq, Şirvanşahlar Sarayı və Qız Qalası daxil olmaqla, İçəri Şəhər Dövlət Tarix Memarlıq Kompleksi YUNESKO-nun Dünya Mədəni İrs Siyahısındadır. Aşıq sənəti, Azərbaycan xalçası və Novruz bayramı və s. YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alıb. Qeyd edək ki, Mehriban xanım Əliyevanın beynəlxalq səviyyədə gördüyü işlər cavabsız qalmamış, dünya dövlətləri və nüfuzlu təşkilatlar tərəfindən müxtəlif adlara, mükafatlara layiq görülmüşdür. Onun hər bir uğuru Azərbaycanın nailiyyəti və yüksəkliyidir. O, Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub-saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə YUNESKO-nun Xoşməramlı Səfiri adını daşıyır. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə İSESKO-nun Xoşməramlı səfiri adına layiq görülüb. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə, “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülməsi Onun dünya miqyasında əməllərinin, birmənalı olaraq, qiymətləndirilməsini əyani olaraq təsdiqləyir. Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Mehriban xanım Əliyeva Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edilib. Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə Fransa Respublikası Prezidentinin sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib. Uğur onu müşayiət etdiyindən YUNESKO-nun “Qızıl Motsart” medalı Mehriban xanım Əliyevaya təqdim olunub. Mehriban xanım Əliyeva Türk Dünyası Mədəni İrsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə TÜRKSAV-ın “Türk dünyasına xidmət” mükafatına layiq görülüb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Heydər Əliyev Mükafatı” ilə təltif edilib. Bütün bunlar Mehriban xanımın Azərbaycan xalqı qarşısında xidmətlərinə olan mükafat və qiymətdir.
Heydər Əliyev Fondunun xüsusi diqqət yetirdiyi prioritet sahələrdən biri olan tolerantlıq ölkəmizdə olan bu ənənələrinin qorunmasına xidmət edir. “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi əsasında 2006-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa işləri aparılıb. Bu layihə çərçivəsində həm müsəlman məscidləri, həm də xristian kilsəsi bərpa edilib, Azərbaycanda yaşayan yəhudi uşaqları üçün məktəb və mədəni mərkəz inşa olunub. Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpasında, bir sıra digər layihələrdə də təşəbbüskar olaraq iştirak edib. Qeyd olunan layihə çərçivəsində Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa işləri aparılıb. Azərbaycanda məskunlaşan xalqların etnomədəni komponentlərinin inkişafına yönələn tədbirlərin həyata keçirilməsi istiqamətində də Azərbaycan görülən işlər, məhz müasir dövrümüzdə dövlətin bütün millətdən olan insanlara diqqət və qayğı ilə yanaşmasının nəticəsidir. Fond tərəfindən Bakıdakı Müqəddəs Məryəm kilsəsi təmir və bərpa olunmuşdur. Bütün bunlar Azərbaycanda tolerantlığın, dözümlülüyün və dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə ehtiva edir. Əsrlər boyu Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan bütün millətlərə, dinlərə və mədəniyyətlərə böyük hörmətlə yanaşır. Mehriban xanım Əliyeva, müsahibələrinin birində dediyi kimi, dünyəvi müsəlman ölkəsi olan Azərbaycan yalnız xristian aləminə aid müqəddəs yerlərin və tarixi-mədəni abidələrin bərpasında iştirak etmir, eyni zamanda, ümumdünya əhəmiyyətli abidələri bərpa edir. Bu, fondun həyata keçirdiyi mühüm siyasətidir.
İctimai, mesenatlıq və xeyriyyəçilik əməlləri, xalqlar arasında dostluğun möhkəmlənməsi, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyət, qayğıya ehtiyacı olan uşaqlara, təhsilə diqqət və s. Mehriban Əliyevanın humanizm prinsiplərindən qaynaqlanır. Onu da vurğulayaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr arasında əməkdaşlığın inkişafında müstəsna xidmətləri ilə seçilir. Bu gün deyə bilərik ki, dünyanın bütün ölkələrində fondun Azərbaycan həqiqətlərinin təqdimi istiqamətində gördüyü işlərə münasibət yüksəkdir. Dünyanın bir sıra nüfuzlu mükafatlarına layiq görülməsi də, elə bu bəşəri dəyərlərə münasibətinin və fəaliyyətinin nəticəsidir. Bu günlərdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilib. Mehriban xanım Əliyevanı bu ordenlə Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə, habelə, Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill təltif edib. Bu yüksək ordenlə kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlar təltif edilirlər. Xatırladaq ki, 2013-cü ildə Mehriban Əliyevanın himayədarlığı ilə Həştərxanda Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılıb. Bu il Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə abidənin ətrafındakı ərazidə abadlıq işləri görülüb. Onu da vurğulayaq ki, ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülmüşdü. Daha sonra “İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru” Diplomu və Xatirə nişanı ilə təltif edilib.
Bəşəri ideyaları ilə dünyaya sülh aşılayan, insanlığı təbliğ edən Azərbaycanın Birinci Xanımının insanlığın tələbinə uyğun addımları həssas və səmimi bir insan obrazını diqqətə çəkir. Azərbaycanda və onun hüdudlarından kənarda həyata keçirdiyi layihələr, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında, eyni zamanda dünyada təbliğində rolu, Azərbaycanda və ölkə xaricində xeyriyyəçilik fəaliyyəti, elm, təhsil, səhiyyə, idmanın inkişafına diqqət və qayğısı Azərbaycan Xanımı haqqında bütün gerçəklikləri ifadə edir. Mehriban xanım Əliyeva dünyada bu qədər ali dövlət təltiflərinə layiq görülmüş ilk qadındır. Mehriban xanım Əliyevanın nəcib təşəbbüsləri, layihələri Şərq ilə Qərb dünyası arasında ən böyük vasitəçi və körpüdür.
Nəzakət ƏLƏDDİNQIZI