PDF Oxu

Siyasət

  • 4 535

Bakıda “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib

Bakıda “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edib
Dekabrın 21-də Bakıda, Heydər Əliyev Mərkəzində “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılış mərasimində iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “İslam Həmrəyliyi İli”nin yekunlaşması ilə bağlı keçirilən konfrans Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub.
Beynəlxalq konfransın açılışında 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumətin və parlamentin üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Konfrans müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda nitq söyləyib.
Prezident İlham Əliyev nitqində qeyd edib ki, Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfələr verir. Dövlət başçısı bildirib ki, bu məsələ bizim üçün prioritet məsələlərdən biridir:
“Azərbaycan qədim tarixə malik olan bir ölkədir. Azərbaycan xalqı əsrlər boyu öz milli mənəvi dəyərlərini yaşatmış, qorumuşdur. İslam dəyərləri isə milli mənəvi dəyərlərimizin tərkib hissəsidir. Ölkəmizdə dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəmizi gücləndirən amillərdən biridir.
Xalqımız qədim tarixə malikdir. Bizim dini memarlıq abidələrimiz bunun əyani sübutudur. Biz fəxr edirik ki, müsəlman aləminin ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş, Azərbaycan xalqı tərəfindən qorunmuş və bir neçə il bundan əvvəl əsaslı şəkildə bərpa edilmiş Şamaxı Cümə məscidi bizim böyük sərvətimizdir. Bu məscid onu göstərir ki, Azərbaycan qədim müsəlman diyarıdır. Bizim digər tarixi dini abidələrimiz də milli sərvətimizdir. Azərbaycan beynəlxalq aləmdə müsəlman ölkələri ilə çox yaxın münasibətlər qura bilmişdir. Biz cəmi 26 ildir ki, müstəqil dövlət kimi yaşayırıq. Bu illər ərzində ikitərəfli və üçtərəfli formatlarda, beynəlxalq təşkilatlar çərçivəsində müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir, gündən-günə güclənir. Biz BMT-də və digər beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Keçən il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı çox önəmli qətnamə qəbul edilmişdir və Kontakt Qrupu yaradılmışdır. Onu da qeyd etməliyəm ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının çox fəal üzvüdür, ölkəmizdə bir çox konfranslar, tədbirlər keçirilmişdir. Azərbaycanın təşəbbüsü ilə İƏT-in Gənclər Forumu, Əmək Mərkəzi və Jurnalistlər Assosiasiyası yaradılmışdır. Eyni zamanda, Azərbaycan ISESCO-nun fəal üzvüdür. ISESCO İslam aləminin təhsil, elm, mədəniyyət təşkilatıdır və bu təşkilat çərçivəsində Azərbaycan çox uğurlu fəaliyyət göstərir. Beləliklə, ISESCO və bütün müsəlman aləmi Azərbaycana daim diqqət və dəstək göstərir. Bir neçə il bundan əvvəl ISESCO tərəfindən Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilmişdir və bir il ərzində ölkəmizdə, Bakıda bir çox tədbirlər keçirilmişdir. Qeyd etməliyəm ki, gələn il isə bizim digər qədim şəhərimiz - Naxçıvan İslam mədəniyyəti paytaxtı adına layiq görülübdür.
Ölkə daxilində İslam həmrəyliyi tam təmin olunubdur. Biz çalışırıq və çalışmalıyıq ki, bütün müsəlman aləmində birlik, həmrəylik təmin olunsun. Azərbaycan bu istiqamətdə öz töhfəsini verir, önəmli addımları atır. Bizim beynəlxalq təşkilatlar çərçivəsində və dünya gündəliyində duran məsələlərin həlli işində onlara münasibətimiz bir daha göstərir ki, İslam həmrəyliyi bizim üçün, sadəcə olaraq, bir şüar deyil, bizim üçün bu, əsas istiqamətlərdən biridir. Bununla bərabər, Azərbaycanda bütün dinlərin nümayəndələri eyni, bərabər hüquqlara malikdir.
Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır, heç bir ayrı-seçkilik yoxdur, olmayıb və ola da bilməz. Bu, bizim böyük sərvətimizdir.
Ölkəmizdə dinlərarası, mədəniyyətlərarası dialoqla bağlı bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu qeyd edə bilərəm. Bir neçə dəfə keçirilmiş və ənənəvi xarakter alan Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Humanitar Forumu da, ilk növbədə, öz işini dinlərarası, mədəniyyətlərarası dialoqa həsr etmişdir. Belə beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi təbiidir. Çünki ilk növbədə, Azərbaycan sivilizasiyalar arasında həmişə müsbət rolunu oynayıb və Asiya ilə Avropa arasında həm coğrafi, həm mədəni və bu gün siyasi baxımdan bir körpü rolunu oynayır. Digər tərəfdən, Azərbaycan o ölkələrdəndir ki, burada dini, milli zəmində heç bir problem yoxdur, heç bir - hətta kiçik bir anlaşılmazlıq yoxdur. Əksinə, Azərbaycanda yaşayan bütün millətlər, bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır və ölkəmizin ümumi inkişafına öz töhfələrini verirlər. Ona görə məhz Azərbaycanın dinlərarası dialoq işində fəal olması təbiidir.
Mən bir daha qeyd etmək istəyirəm ki, ölkə daxilində bu məsələlər ən yüksək səviyyədə həllini tapıbdır. Biz istəyirik ki, həm müsəlman aləmində, həm Avropada, ümumiyyətlə, dünyada dinlərarası dialoq güclənsin. Əfsuslar olsun ki, son vaxtlar biz tam əks mənzərə ilə üzləşirik - dözümsüzlük, islamofobiya, ksenofobiya, antisemitizm artır. Bu, bəşəriyyət üçün böyük təhlükədir və böyük bəladır. Din xadimlərinin, ictimai xadimlərin, siyasətçilərin, geniş ictimaiyyətin bu məsələ ilə bağlı fikri və mövqeyi əlbəttə ki, dünya ictimaiyyəti üçün də çox önəmlidir. Bakıdan, yüksək mötəbər kürsülərdən dəfələrlə dünyaya çağırış edilmişdir ki, dinlərarası münasibətlər hər bir ölkə üçün önəmlidir. Dünyada əksər ölkələr çoxmillətli və çoxkonfessiyalı ölkələrdir. Belə olan halda bu mövzu vətəndaş sülhü, vətəndaş həmrəyliyi üçün, hər bir ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Biz öz tərəfimizdən ölkə daxilində bütün məsələləri ən yüksək səviyyədə həll edirik. Eyni zamanda, əminəm ki, bölgədə və dünyada Azərbaycan təcrübəsi öyrənilir.”
Dövlət başçısı qeyd edib ki, bu gün 26 ildir müstəqil dövlət kimi yaşayan Azərbaycan ayaqda möhkəm dayanır: “Əlbəttə ki, bizim əsas problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bildiyiniz kimi, Ermənistan beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızın 20 faizini 20 ildən çoxdur ki, işğal edib. Bu torpaqlardan bir milyondan çox vətəndaş qovulub, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər qanlı cinayət - Xocalı soyqırımını törətmişlər. Erməni quldurları tərəfindən 600-dən çox günahsız, dinc insan, onların arasında 100-dən çox qadın, 60-dan çox uşaq qətlə yetirilmişdir. Xocalı soyqırımını 10-dan çox ölkə artıq soyqırımı kimi tanıyıb.
BMT münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz geri çəkilməlidir. Ancaq bu qətnamələr kağızda qalıb. Bu qətnamələri qəbul edənlər bu məsələyə biganə qalırlar. Ermənistan da bundan istifadə edərək öz işğalçı siyasətini davam etdirir. İşğal edilmiş torpaqlarımızda bütün binalar dağıdılıb. Bizim tarixi, dini abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən dağıdılıb. Bu dağılmış məscidlərin fotoşəkilləri indi internetdə kifayət qədər dərc edilib, bunu hər bir insan görə bilər. Bütün infrastruktur dağıdılıb. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərmişdir. O missiyalar dediyim mənzərə ilə üzləşmişlər və öz məruzələrində bunu əks etdirmişlər.
Münaqişə ilə bağlı Azərbaycan dövlətinin mövqeyi beynəlxalq hüquqa tam əsaslanır. İlk növbədə, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, tarixi torpağıdır, digər tərəfdən, beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Belə olan halda münaqişə yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, BMT Təhlükəsizlik Şurasının qətnamələri, - bu sənədlərdən daha üstün sənəd dünyada yoxdur, - tam icra edilməlidir və ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan dövləti və Azərbaycan xalqı öz torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək.
Bu böyük və çətin problemə baxmayaraq, ölkəmiz uğurla inkişaf edir. Biz beynəlxalq arenada çox etibarlı tərəfdaşa çevrildik, bir neçə il bundan əvvəl 155 ölkənin səsi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildik. Bu, bizim böyük siyasi qələbəmiz idi. Çünki o vaxt Azərbaycan cəmi 20 il idi ki, müstəqil ölkə kimi yaşayırdı və bu illər ərzində beynəlxalq ictimaiyyətin rəğbətini qazana bilmişdir. Ölkədə çox ciddi iqtisadi islahatlar aparılır. İqtisadi inkişaf baxımından Azərbaycan son 14 il ərzində dünyada ən sürətlə inkişaf edən ölkədir. İqtisadiyyatımız, ümumi daxili məhsul 3 dəfədən çox artmışdır. Biz, eyni zamanda, çox ciddi sosial siyasət aparırıq və bunun nəticəsində Azərbaycanda işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. İnsan kapitalına böyük sərmayə qoyulur. Son 14 il ərzində ölkəmizdə üç mindən çox məktəb, 600-dən çox tibb müəssisəsi tikilmiş və ya təmir edilmişdir, 12 min kilometr yol inşa edilmişdir və digər lazımi sosial infrastruktur yaradılır. Beynəlxalq maliyyə qurumları Azərbaycanda aparılan islahatları çox yüksək qiymətləndirir. Sadəcə bir rəqəmi demək kifayətdir ki, bu barədə təsəvvür olsun: Ümumdünya Davos İqtisadi Forumu Azərbaycanı ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Yəni, bu, çox böyük göstəricidir və biz bu göstəriciyə enerji resursları hesabına çatmamışıq. Əlbəttə ki, Azərbaycanın zəngin enerji resursları var və bu resurslardan biz səmərəli şəkildə istifadə edirik. Amma ölkələrin rəqabətqabiliyyətliliyi digər parametrlər üzərində hesablanır və bu göstərici bizi dünya miqyasında 35 ən rəqabətqabiliyyətli iqtisadiyyatlar arasına daxil edir. Məndə və bilirəm ki, cəmiyyətdə ölkəmizin gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var. Bu gün reallaşan nəhəng enerji layihələri, 40 milyard dollar dəyəri olan “Cənub Qaz Dəhlizi” və bizim digər layihələrimiz ölkəmizin uzunmüddətli uğurlu, dayanıqlı inkişafını dəstəkləyəcək.”
X X X
Sonra İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin, Müqəddəs Taxt-Tacın (Vatikanın), Konstantinopol Patriarxı I Varfolomeyin, Moskva və bütün Rusiya Patriarxı Kirillin, Ümumgürcüstan Katolikos-Patriarxı II İliyanın konfrans iştirakçılarına müraciət məktubları oxundu.
Dünya müsəlmanları adından beynəlxalq konfrans iştirakçılarına müraciət edən ISESCO-nun baş direktoru Əbdüləziz Əl-Tuveycri İslam həmrəyliyi, dinlər və mədəniyyətlərarası dialoq işinin möhkəmləndirilməsində Azərbaycanın artan rolunu xüsusi vurğuladı.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şuranın həmsədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bildirib ki, tarix boyu Azərbaycan multikulturalizm, dini həmrəylik mühitinin və sivilizasiyalararası dialoqun təşəkkülündə, İslam mədəniyyətinin dünyada yayılmasında mühüm rol oynayıb. Bu gün də multikultural Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər, yəhudilər və digər din mənsubları dostluq, qardaşlıq şəraitində yaşayır, dövlətin diqqət və himayəsindən yararlanırlar. Ölkəmizdə məzhəblərarası həmrəyliyin nadir nümunəsi mövcuddur.
Natiq qeyd edib, Azərbaycan liderinin İslam həmrəyliyi çağırışı bəşəriyyətin ehtiyac duyduğu insan həmrəyliyinə aparan müqəddəs yolun başlanğıcıdır. Dünyaya yeni siyasi mədəniyyət nümunəsi təqdim edən dövlətimizin başçısının çağırışları həm siyasət, həm də din xadimləri tərəfindən yüksək dəyərləndirilir, beynəlxalq ictimaiyyətin rəğbətini qazanır. Bugünkü beynəlxalq konfransımıza təşrif buyurmuş dəyərli qonaqlarımızın coğrafiyası - dünyanın müxtəlif qitələrindən gəlmiş mötəbər şəxsiyyətlərin tədbirimizdə təmsil olunması buna bariz nümunədir. İlham Əliyev həzrətlərinin elan etdiyi istər Multikulturalizm, istərsə də İslam Həmrəyliyi illəri ümumi, bəşəri məramlara xidmət edən missiyadır və Azərbaycan dövlətinin dünyada gedən proseslərə özəl, dəyərli töhfəsidir:
“Zati-aliləri, İslam həmrəyliyinin bariz nümunəsi olan İstanbul Zirvə görüşündə Qüdsi-Şəriflə bağlı çıxışınızı bütün müsəlman dünyası olduqca yüksək dəyərləndirir. Yeri gəlmişkən, həmin mötəbər tədbirdə İslam həmrəyliyinə dair Bakı konfransını xatırlatmanız bugünkü tədbirimizə verdiyiniz önəmin və qiymətin ali göstəricisi oldu.
Zati-aliləri, Siz bizlərə - Azərbaycan xalqına və bütün dünyaya “İslam Həmrəyliyi İli”ni bəxş etdiniz. Əslində, Siz “İslam Həmrəyliyi İli” elan etməklə miqyasına və əhəmiyyətinə görə Azərbaycanın sərhədlərinə sığmayan, zaman baxımından il çərçivəsi ilə məhdudlaşmayan bir ideya irəli sürmüş oldunuz. Zati-aliləri, ümumbəşəri önəm kəsb edən tarixi çağırışlarınız narahat dünyamızın ehtiyac duyduğu dəyərli missiyadır. Dünyada sülh naminə insan həmrəyliyinə xidmət edən qlobal səyləriniz Uca Yaradanımıza xoş gələn əməllərdir. Qoy, Allah-Təala Sizin ədalətin təntənəsi naminə gördüyünüz işlərə rəvac versin, gələcək qlobal fəaliyyətlərinizə yeni zəfərlər bəxş etsin. Müqəddəs Kitabımız “Qurani-Kərim”də buyurulduğu kimi: “Ey insanlar! İçərinizdə (insanları) xeyrə çağıran, yaxşı işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Məhz onlar nicat tapmış kimsələrdir” (Ali-İmran, 104).
Möhtərəm konfrans iştirakçıları, sizlərə bir daha Azərbaycana “Xoş gəlmisiniz” deyir, bugünkü beynəlxalq konfransımızın işinə Uca Allahdan xeyir-dualar diləyirəm. Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.”
X X X
Sonda xatirə şəkli çəkdirildi. Beynəlxalq konfrans işini plenar iclasla davam etdirib.

Digər xəbərlər