Azərbaycan xalqının tam əksəriyyəti öz Liderini dəstəkləyir!
Müstəqil və demokratiki Azərbaycanın strateji prioritetlərinin reallaşdırılması, daxili və xarici siyasətin müəyyənləşdirilməsi, bütövlükdə isə ölkəmizin dinamik inkişafının təmin edilməsi, cəmiyyətimizin qarşısında duran vəzifələrin həyata keçirilməsi baxımından 2017-ci ildə baş verən hadisələrin əhəmiyyəti olduqca böyükdür. Belə ki, cari il ərzində də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edən, demokratik, sosial-iqtisadi sahədə böyük nailiyyətlər qazanmış, yüksək beynəlxalq nüfuza malik ölkə olaraq, dünya miqyasında qətiyyətli mövqeyi ilə seçilən dövlətlər sırasında öz yerini möhkəmləndirib. Ümumiyyətlə, dövlət başçımızın istər 14 illik, istərsə də son bir ildəki fəaliyyət istiqamətinin təhlilini apararkən, biz növbəti dəfə əmin oluruq ki, Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi, humanitar mərkəzi statusunu möhkəmləndirməklə yanaşı, qlobal problemlərin həllində və beynəlxalq münasibətlər sistemini tənzimləyən qərarların qəbulunda ciddi rol oynayan ölkə olaraq qiymətləndirilir. Ölkəmiz iqtisadiyyat, ordu quruculuğu, daxili və xarici siyasət, sosial siyasət, mədəniyyət, idman sahəsinin inkişafı və s. sahələrin hər birində kifayət qədər böyük nailiyyətlər, ardıcıl uğurlar əldə edib. Bütün bunlar bilavasitə ölkə rəhbərimiz, Prezident İlham Əliyevin müdrik siyasətinin məntiqi nəticəsidir. Apardığımız təhlillər də məhz belə deməyə əsas verir.
2003-cü ildən hazırkı dövrə qədər keçirilən bütün sosioloji sorğular Azərbaycan Prezidenti İlham Əliyevin yüksələn reytinqini təsdiq edir
Əhəmiyyətli məqam olaraq, bir faktoru vurğulamaq yerinə düşərdi. Başa çatmaqda olan 2017-ci ilin spesifik cəhəti həm də ondan ibarətdir ki, Azərbaycan xalqı əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi kursun davamına birmənalı dəstəyini göstərməkdədir. İlk növbədə, bu gün heç bir postsovet məkanında Azərbaycanda olduğu qədər xalq-dövlət vəhdətinin, sarsılmaz birliyinin olmadığını xüsusilə qeyd etməliyik. Artıq bu amil özünü daha öncə keçirilmiş prezident seçkilərində kifayət qədər təsdiq edib. Əbəs yerə deyil ki, bütün seçki ərəfələrində Azərbaycan cəmiyyətində ölkənin gələcəyi, onun strateji inkişaf kursu ilə bağlı ciddi fikir ayrılığının olmadığı məhz xalqın rəyi əsasında sübuta yetirilib. Həmçinin, istər yerli, istərsə də xarici ekspertlər, politoloqlar, müxtəlif nüfuzlu ictimai-siyasi institutlar, araşdırma və sorğu mərkəzləri dəfələrlə bəyan ediblər ki, Prezident İlham Əliyev şəksiz lider olaraq qarşısına qoyduğu bütün vəzifələrin öhdəsindən layiqincə gəlir, xalqına verdiyi bütün vədləri reallaşdırır.Yeri gəlmişkən, bu günlərdə “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı ölkədə mövcud ictimai-siyasi durumun qiymətləndirilməsinə dair ekspress rəy sorğusunun nəticələrini bir daha xatırlatmaq istərdim. Təkcə, bu sorğunun nəticələrinin təhlilini apararkən biz əmin oluruq ki, Azərbaycanda keçirilən siyasət bütün sahələrdə xalqımızın maraqlarının təminatına söykənir. Xalq-iqtidar birliyinin də məntiqi nəticəsi sorğuda müəyyən olunmuş rəqəmlərə tam şəffaflığı ilə əks edilməkdədir. “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 92,8 faizi Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit kimi qiymətləndiriblər. Prezident İlham Əliyevin xarici siyasətini dəstəkləyən respondentlər isə 91,4 faiz təşkil edir. Dövlətimizin başçısının daxili siyasətini isə respondentlərin 84,7 faizi dəstəkləyib. O cümlədən, rəyi soruşulanların 62,9 faizi Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasını yüksək qiymətləndirib. Bütövlükdə, sorğuda respondentlərə “Gələn həftə prezident seçkiləri keçiriləcəyi halda kimə səs verərdiniz” sualı verilib və respondentlərin 85,2 faizi İlham Əliyevə səs verəcəyini qeyd edib.
Digər bir əhəmiyyətli məqam Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin artan xəttlə inkişaf etməsidir. Ölkə başçımızın keçirdiyi siyasətin Azərbaycan xalqının milli maraqlarına xidmət etdiyini və cəmiyyət tərəfindən hərtərəfli dəstək qazandığını isbatlayan və Hollandiyanın ACT LLC humanitar tərəfdaşlıq təşkilatı tərəfindən Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə keçirilən sorğunun nəticələri də belə qənaətə gəlməyə əsas verir. Bu sorğuya əsasən, Azərbaycan vətəndaşlarının 81%-i hakimiyyətin həyata keçirdiyi siyasətə öz dəstəyini ifadə edib. Bütün bunlar isə belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, xalqımızın mütləq əksəriyyəti İlham Əliyevin gördüyü işləri bəyənir və Azərbaycan Prezidentinə hər zaman etimad göstərməyə hazırdır.
Xatırlatmaq istərdim ki, daha öncəki seçkilər ərəfəsində də yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilən rəy sorğuları Prezident İlham Əliyevin şəksiz Lider olduğunu rəsmi olaraq isbatlayıb. Məsələn, 2013-cü ildə Avropa İttifaqının "Avropa Qonşuluq Barometri" çərçivəsində keçirilmiş sorğu göstərdi ki, Azərbaycanda əhalinin 92 faizi öz hökumətinə inanır. Bu, həm də o deməkdir ki, əhalinin mütləq əksəriyyəti İlham Əliyevin gördüyü işləri bəyənir və Azərbaycan Prezidentinə növbəti dəfə etimad göstərməyə hazırdır. Ümumiyyətlə, 2003-cü ildən hazırkı dövrə qədər keçirilmiş bütün obyektiv rəy sorğuları xalqla cənab İlham Əliyevin sıx birliyini əyani şəkildə nümayiş etdirib. O da təsadüfi deyil ki, ötən prezident seçkiləri zamanı dünyanın 100-ə yaxın ölkəsini təmsil edən 1200-dən artıq müşahidəçi, nüfuzlu beynəlxalq qurumlar da daxil olmaqla 50-yə yaxın təşkilat seçkilərin tam demokratik, şəffaf, ədalətli keçirildiyini və cənab İlham Əliyevin layiqli qələbə qazandığını bəyan etmişdilər.Ümumiyyətlə, 2003-cü ildə cənab İlham Əliyev dövlət başçısı seçiləndə və sonrakı illərdə dünyanın nüfuzlu təşkilatlarının, sosioloji təhqiqat mərkəzlərinin apardığı rəy sorğularının nəticələri Azərbaycan Prezidentinin reytinqinin ardıcıl şəkildə yüksəldiyini təsdiq etdilər. ABŞ-ın Beynəlxalq Seçki Sistemləri Fondu (İFES) tərəfindən 2006-cı il noyabrın 17-dən dekabrın 20-dək 1400 nəfər şəxs arasında keçirilmiş sorğu göstərdi ki, əhalinin 52 %-i ölkədəki ümumi vəziyyətdən razıdır. Respondentlərin 60 %-i mövcud iqtisadi vəziyyətə yaxşı qiymət vermişdilər. Rəy sorğusuna görə, əhalinin 60 %-dən çoxu Azərbaycan Prezidentinə tamamilə, 25 %-dən çoxu isə hər halda etibar etdiyini bildirmişdi. Bu isə əhalinin 85%-nin Azərbaycan Prezidentinə olan etimadını əyani şəkildə nümayiş etdirdi.ABŞ-da yerləşən və dünya üzrə insan resurslarını öyrənən, statistik araşdırma xidmətləri göstərən nüfuzlu “Gallup” təşkilatının 2009-cu il iyulun 31-də keçmiş sovet respublikaları üzrə keçirdiyi sorğusunun nəticələri bir daha Azərbaycan xalqının Prezident İlham Əliyevin fəaliyyətini təqdir etdiyini və dəstəklədiyini göstərdi. “Sizcə, ölkə rəhbərliyi işinin öhdəsindən necə gəlir” sualına cavab olaraq Azərbaycanda rəyi soruşulanların 77 faizi hakimiyyətin fəaliyyətindən razılığını ifadə etmişdi. Bu, postsovet ölkələri arasında ən yüksək göstərici kimi qeyd olunmuşu. Müqayisə üçün qeyd edək ki, sorğunun nəticələrinə görə, Gürcüstanda əhalinin 21 faizi, Ukraynada isə cəmi 4 faizi hökumətin işini müsbət qiymətləndirmişdi.2011-ci ilin son aylarında “Gallup İnternational”–in dünyanın 51 ölkəsində apardığı “Qlobal Ümid və Ümidsizlik Barometri” adlı sorğusuna əsasən Azərbaycan inkişaf etməkdə olan ölkələr qrupu üzrə 51 ölkə içərisində 8-ci yeri tutdu. Sorğunun nəticəsi göstərirdi ki, ölkə əhalisi hazırkı ilə nisbətən növbəti illərdə özünün rifah səviyyəsinin daha da yüksələcəyinə inanır və ölkəmizin inkişafına böyük nikbinliklə baxır. Bu isə birmənalı şəkildə Prezident İlham Əliyevin fəaliyyətinə, ölkənin tərəqqisinə, həyata keçirilən nəhəng quruculuq işlərinə əhalinin adekvat reaksiyası idi.Eləcə də 2013-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində “exit-poll” təşkil edəcək ABŞ-ın “Arthur J.Finkelstein and Associates” (AJF) şirkəti seçki öncəsi sorğu keçirmişdi. Sorğunun nəticələrinə görə, respondentlərin 86%-i Prezident İlham Əliyevi dəstəkləyiblər. AJF-in icraçı direktoru Corc Birnbaum sorğunun nəticələrini şərh edərək bildirmişdi: “Biz bu məlumatın dəqiqliyinə əminik... Keyfiyyətli və geniş araşdırma göstərir ki, Azərbaycanın təhlükəsizliyi və daxili məsələlər seçicilər arasında əsas prioritet təşkil edən məsələlərdir. Bu da İlham Əliyevə dəstəkdə özünü göstərir. Seçicilər hesab edir ki, o, ölkəni irəli aparır və onu qorumağa davam edəcək”.Nəticə etibarilə ortaya bir reallıq çıxır - bütün sorğuların nəticələri göstərir ki, cənab İlham Əliyevin reytinqi onun dövlət başçısı postunda fəaliyyətinə paralel şəkildə yüksəlib və bu gün pik həddə çatıb. Cəmiyyət öz Liderini görür, tanıyır, qəbul edir və ona növbəti dəfə etimad göstərməyə hazırdır.
Prezident İlham Əliyev növbəti illər üçün də yeni dövlət proqramlarının həyata keçiriləcəyini bəyan edib
Əminliklə demək olar ki, 2017-ci ildə qarşıya qoyulmuş bütün vəzifələr uğurla icra olunub, ölkə iqtisadiyyatının dinamik inkişafı, dövlət proqramlarının, investisiya layihələrinin reallaşdırılması, makroiqtisadi sabitliyin qorunması, əhalinin sosial rifahının yüksəlməsi təmin edilib. Cənab Prezident regionlarımıza çoxsaylı səfərlər edib, xalqla təmasda olub, müxtəlif müəssisələrin açılışında iştirak edərək, bu ənənənin davam etdiriləcəyini vurğulayıb. Ümumiyyətlə, yola saldığımız il ərzində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində müasir iqtisadi və sosial infrastrukturun yaradılması istiqamətində görülən mühüm işlər davam etdirilib, bölgələrimizin abadlaşdırılması və digər məsələlər uğurla həll olunub. O cümlədən, Prezident İlham Əliyev növbəti illər üçün də yeni dövlət proqramlarının həyata keçiriləcəyini bəyan edib və vurğulayıb ki, onların reallaşdırılması nəticəsində həll olunmamış problem qalmayacaqdır. Aparılan islahatlar və mütərəqqi siyasət də bu təməllərə əsaslanmaqdadır. Çünki Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşının layiqli həyat şəraitini təmin etməkdən ibarətdir.Bu baxımdan, Azərbaycan dövləti təşəbbüskar olaraq, bir çox beynəlxalq irimiqyaslı layihələrin həyata keçirilməsini reallaşdırır. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, TAP, TANAP kimi nəhəng layihələrin icrası, XXI əsrin yeni müqaviləsini əks etdirən layihənin həyata keçirilməsinə başlanıldı. Belə ki, Azərbaycan neft hasilatında iştirak payını 25%-ə qaldırmış oldu və “Azəri”, “Çıraq” və “Günəşli” yatağının birgə işlənməsi layihəsi ölkəmizə yeni dividentlər gətirəcək. Ümumiyyətlə, Azərbaycan 1994-cü ildən iki dəfə sərfəli bir sazişin imzalanmasına nail oldu və bu xüsusda digər çoxsaylı projelərin də həyata keçirilməsi qarşıya məqsəd kimi qoyulub.Bütövlükdə, Azərbaycanın yaxın qonşuluq siyasətinə sadiq olması ilə yanaşı, sərhədlərimizdən uzaq ölkələrlə də münasibətlərinin inkişafına təkan verməkdədir. Habelə, enerji siyasəti ilə yanaşı, digər strateji hədəf olaraq, qeyri-neft sektorunun inkişafı faktoru da burada vacib məqam kimi nəzərdə tutulub.Bütün bunları nəzərə alarsaq, Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının yüksəlməsi həm də ölkəmizin həyata keçirdiyi müstəqil xarici siyasətin uğurlarını şərtləndirən başlıca amillərdən biri olduğunu vurğulaya bilərik.
Azərbaycan öz müstəqil siyasəti, iqtisadi inkişaf təcrübəsi, mədəni irsi, tolerantlıq nümunəsi, idman sahəsində əldə etdiyi uğurlarla dünyanın diqqətini özünə cəlb etməyi bacarıb
Misal üçün, 2017-ci ildə Azərbaycan həm üzv olduğu beynəlxalq təşkilatlar çərçivəsində öz fəallığı ilə seçilib, həm də çoxtərəfli və ikitərəfli əməkdaşlıq əlaqələrini gücləndirib. Xüsusilə, üçtərəfli formatların yaradılmasında Prezident İlham Əliyevin gördüyü işlər ölçüyəgəlməzdir. Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Rusiya-İran və s. formatlar nəticəsində ölkəmiz dünya siyasətinin mərkəzinə çevrilib. Əbəs deyil ki, ölkəmizdə bir çox nüfuzlu təşkilatların və qurumların beynəlxalq konfransları baş tutur və Bakının bu kimi məsələlərdə ön planda olmasında ölkə başçımızın böyük nüfuzu xüsusi önəm kəsb etməkdədir.Bunun nəticəsidir ki, Bakı şəhəri dünya səviyyəli mərkəzlərdən biri kimi qəbul olunur. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, müasir cəmiyyət quruculuğu, ölkəmizin daxili və xarici siyasətdə əldə etdiyi böyük uğurlar, irəli sürdüyü qlobal təşəbbüslər, əlbəttə ki, onun dünya birliyi üçün əhəmiyyətini artırır beynəlxalq aləmdə nüfuzunu yüksəldir. Azərbaycan öz müstəqil siyasəti, iqtisadi inkişaf təcrübəsi, mədəni irsi, tolerantlıq nümunəsi, idman sahəsində əldə etdiyi uğurlarla dünyanın diqqətini özünə cəlb etməyi bacarıb. Ümumiyyətlə, ölkəmizin potensialı və bu illər ərzində qazandığı təcrübə ona istənilən tədbiri layiqli şəkildə təşkil etməyə imkan verir və bu məsələ də özünü dəfələrlə təsdiq edib.Yeri gəlmişkən, qeyd etmək istərdim ki, dünyanın müxtəlif bölgələrində baş verən xoşagəlməz hadisələr fonunda Azərbaycanda müşahidə olunan dinamik inkişaf, sabitlik, cəmiyyət həyatının ahəngdar ritmi bizim mühüm nailiyyətimizdir. Yuxarıda qeyd edilən fikirlər fonunda Azərbaycanın düşünülmüş, praqmatik müstəqil daxili və xarici siyasəti dövlətimizi və xalqımızı qlobal aləmdə baş verən bütün problemlərdən sığortalayır, milli birliyimizi, həmrəyliyimizi daha da gücləndirir. Demokratik dəyərlərin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi, baş verən mənfi halların aradan qaldırılması üçün ardıcıl tədbirlər həyata keçirilir.Cənab Prezidentin göstərişlərinə əsasən, 2017-ci ildə də Azərbaycanda vətəndaş cəmiyyəti möhkəmlənib, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə dövlət dəstəyi gücləndirilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Gənclər Fondu və digər təsisatlar qarşılarına qoyulan vəzifələri uğurla icra edib, öz səmərəli fəaliyyətləri ilə cəmiyyətdə nüfuzlarını artırıblar. Təkcə cari ildə bu təsisatlara dövlət tərəfindən milyonlarla manat vəsait ayırılıb və bu da təbii ki, həmin sahələrin inkişafına mühüm dəstəkdir. Əlbəttə, dövlət başçısı tərəfindən verilən dəstəyin nəticəsi olaraq, bu qurumlar qarşısında növbəti uğur cığırları açılmaqdadır.
Dövlətimizin başçısı isə tarixdə ilk dəfə olaraq İslam dünyasına siyasi mesaj ünvanladı
Daha bir vacib məqam Prezident İlham Əliyevin artıq yola salmağa hazırlaşdığımız 2017-ci ili Azərbaycanda İslam həmrəyliyi ili elan etməsi oldu. Ölkə başçımız bu mühüm addımı atmaqla sözügedən məsələyə həm özünün şəxsi, həm də Azərbaycan dövlətinin mövqeyini ifadə etmiş oldu. Belə ki, Azərbaycanda tarixlər boyu öz multikultural və tolerantlıq dəyərləri ilə digər dövlətlərdən seçilib. İslam həmrəyliyi də bu kontekstin tərkib hissəsidir. Əbəs deyil ki, İslam həmrəyliyi ilindən öncəki 2016-cı il Multikulturalizm ili olaraq qəbul olunmuşdu.İslam həmrəyliyi ilə isə bu faktorun davamı olaraq qiymətləndirildi. Ümumiyyətlə, bu Sərəncam Prezident İlham Əliyevin İslam dünyasının həmrəyliyinə böyük önəm verdiyini göstərir. Təhlilçilərin diqqətə çatdırdığı kimi indiyədək müsəlman ölkələrini din ətrafında birləşməyə çağıran müəyyən təşəbbüslər göstərilib. Dövlətimizin başçısı isə tarixdə ilk dəfə olaraq İslam dünyasına siyasi mesaj ünvanladı, vahid mövqedən çıxış etməyin, birliyə nail olmağın, eyni zamanda, dünyaya inteqrasiyanın vacibliyinə işarə etdi.Beləliklə, 2017-ci il Azərbaycanda həm də IV İslam Həmrəyliyi Oyunları ilə yadda qaldı. Bu, çox önəmli beynəlxalq tədbirə Azərbaycan ev sahibliyi etdi. Xatırladım ki, Azərbaycan 2015-ci ildə də ilk dəfə I Avropa Oyunlarını uğurla keçirdi. Yəni bir ölkədə, bir şəhərdə iki il ərzində həm Avropa Oyunları keçirildi, həm də İslam Həmrəyliyi Oyunları baş tutdu. İslam Oyunları isə təkcə idman tədbirləri deyildi, həm də siyasi, mədəni tədbir idi. Bunun önəminə diqqət çəkən cənab İlham Əliyev də vurğuladı ki, bu, bir daha Azərbaycanın müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavabdır. Ölkə başçımız bununla həm də İslam dünyasındakı liderlik mövqeyini ortaya qoymuş oldu. Belə olan halda, hər bir vətənsevər azərbaycanlıda qürur və fəxr hissləri oyanmaya bilməzdi.Beləliklə, xalqımız növbəti uğurlu və məhsuldar ili geridə qoyaraq, yeni tarixə doğru, yeni uğurlara doğru addım atmağa hazırlaşır. 2017-ci il ölkəmizin şanlı tarix səhifəsinə mütərəqqi siyasi nailiyyətləri ilə yazıldı. Qarşıdan gələn 2018-ci ildə isə xalqımız ölkəmizin inkişafı və tərəqqisi naminə Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşərək, Ulu Öndər Heydər Əliyev ideologiyasının yaşadılması, inkişaf etdirilməsi istiqamətində öz sədaqətini göstərəcək. Bütün bunların təməlində isə xalqın öz Prezidentinə - cənab İlham Əliyevə olan tükənməz inamı, etibarı və etimadı dayanmaqdadır!
Sia.az