PDF Oxu

Siyasət

  • 5 581

Xalq Prezidentinə inanır SORĞU

Xalq Prezidentinə inanır SORĞU

Xəbər verdiyimiz kimi, “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2018-ci il prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə ölkə ərazisində sosioloji tədqiqat keçirib.

Tədqiqat çərçivəsində ölkə əhalisindən alınan rəy sorğusuna görə, Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasəti respondentər tərəfindən yüksək qiymətləndirilib. Belə ki, sorğuya əsasən Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti qiymətləndirənlərin 91,4%-i bu siyasəti dəstəklədiklərini, daxili siyasəti qiymətləndirdikdə rəyi soruşulanların çoxu (84,7%-i) bu siyasəti dəstəklədiklərini bildiriblər.SİA olaraq ölkəmizdə həyata keçirilən daxili və xarici siyasətlə bağlı Azərbaycanın ictimai-siyasi xadimlərin fikirlərini təqdim edirik:
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu: “Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzu hər gün bir qədər də artır. Hər şeydən öncə bu, Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi xüsusi xarici siyasət strategiyası ilə əlaqədardır. Biz Azərbaycanın xarici siyasətini şərh edən zaman bunu balanslaşdırılmış xarici siyasət kimi səciyyələndiririk.Prezident İlham Əliyev qeyd etdiyi kimi, Azərbaycanın xarici siyasəti milli maraqlara söykənən balanslaşdırılmış siyasətdir. Yəni xarici siyasət heç şübhəsiz ki, hər bir ölkənin beynəlxalq münasibətlərdə iştirakçılığının keyfiyyətini müəyyənləşdirməklə bərabər, eyni zamanda dövlətin və millətin maraqlarını müdafiə edən bir siyasətdir. Bu mənada biz qürurla deyə bilərik ki, Azərbaycanın beynəlxalq nüfuzunun artması, ölkəmizin ətrafında tərəfdaş ölkələrin cəmlənməsi Azərbaycan həqiqətlərinin hər gün dünyaya bir az daha çox çatdırılması, eyni zamanda beynəlxalq təşkilatlarla əlaqələrin günü-gündən daha da yaxşılaşması, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla əlaqələrinin güclənməsi məhz ölkəmizin həyata keçirdiyi xarici siyasətlə bağlıdır.Biz bilirik ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan ordusu tərəfindən işğal edilib və bununla bağlı BMT Təhlükəsizlik Şurasının xüsusi mandat verdiyi xüsusi ATƏT-in Minsk qrupu yaradılıb. Əslində Azərbaycanın xarici siyasətinin ən birinci prioritet məqsədi heç şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdir. Amma eyni zamanda biz bilirik ki, dünya siyasətini müəyyənləşdirən bəzi güc mərkəzləri bu prosesdə beynəlxalq hüququ, ədaləti deyil, islamafobiyadan, ksenofibiyadan doğan maraqları önə çəkirlər. beləliklə biz bu problemin həllində güclü beynəlxalq təzyiqlə üzləşirik. Bu həm ayrı-ayrı həm də ümumi tərəfdaşlıqda özünün biruzə verir. Ona görə də bütün bu maraqların qorunması üçün müstəqil siyasət həyata keçirməklə yanaşı bir qədər də cəsarətli olmaq lazımdır. Bu məsələlər mürəkkəb məsələlərdir. Ona görə də milli diplomatiyanı milli gücün beyni kimi xarakterizə edirlər. Lakin bu intellektual institutu həm də o zaman güclü olur ki, onu hərbi, siyasi, güc, ölkənin milli iqtisadiyyatı dəstəkləsin. Müstəqil siyasət yeritmək üçün, güclü hərbi gücə, sənayeyə və iqtisadiyyata malik olmaq lazımdır. Bu mənada dediyimiz arqumentləri şərh edən zaman görürük ki, Azərbaycanın müstəqil xarici siyasət yürütmək və ölkənin milli maraqlarını qorumaq üçün ciddi səylər tələb olunur. Azərbaycan prezidenti İlham Əliyev bütün dövrlərdə buna nail olub”.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən 14 ildə böyük inkişaf yolu keçib. Bu illərdə baş verən proseslər, əldə olunan nailiyyətlər bir daha təsdiqləyir ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Prezident İlham Əliyev Azərbaycanı uğurlu gələcəyə aparan, dövlətimizi və xalqımızı dünyada yüksək səviyyədə təmsil edən liderdir. Prezidentimiz beynəlxalq miqyasda ən ali kürsülərdən Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Azərbaycan ərazi baxımından kiçik dövlət olmasına baxmayaraq, dünyada nüfuzlu dövlətdir. Təbii ki, bu amilin əsasında Prezident İlham Əliyevin beynəlxalq aləmdə nüfuzu və Onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lideri olması dayanır. Həmçinin Azərbaycan qlobal layihələrin təşəbbüskarı və müəllifi kimi də beynəlxalq müstəvidə söz sahibidir. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan “G-20”, Nüvə sammitlərində və digər mötəbər beynəlxalq tədbirlərdə iştirak edir. Biz ötən illərdə bütün sahələr üzrə böyük nailiyyətlər əldə etmişik. Bu gün ölkəmizdə dünyanın ən mötəbər tədbirləri keçirilir, Azərbaycan humanitar, sivilizasiyalararası dialoqların məkanıdır. Burada tolerantlıq, multikultural dəyərlər qorunur və inkişaf edir. Bütün bunların fonunda Avropada multikulturalizm məhv olub, irqçilik, rasizm, ayrı-seçkilik genişlənib. Bu gün münaqişələr, etnik qarşıdurmalar, terrorizm dünyanın bəlasına çevrilib. Belə bir şəraitdə Azərbaycanda sabitlik, əmin-amanlıq hökm sürür. Biz bununla fəxr edirik və bu sabitliyi, əmin-amanlığı qorumağa hər birimiz məsuliyyət daşıyırıq”.
Milli Məclisin deputatı Elman Məmmədov: “Dövlət başçısı İlham Əliyev prezident olduğu ilk gündən hər bir azərbaycanlının prezidenti olacağı ilə bəyanatı hər zaman layiqincə, yüksək səviyyədə yerinə yetirib. Bunu bütün xalq, dünya görür, müşahidə edir və təsdiqləyir. Cənab Prezident hər zaman təməli Ulu Öndər tərəfindən qoyulan siyasəti uğurla icra edərək Azərbaycanda bütün istiqamətlərdə sürətli inkişafa nail oldu. Ölkəmizdə Prezident İlham Əliyevin diqqətindən kənarda qalan elə bir sahə yoxdur. Azərbaycanda irili, xırdalı bütün sahələr inkişaf edir. Görülən işlərin nəticəsidir ki, iqtisadiyyatımız şaxələnir, ordumuz daha da güclənir, Xalq-Prezident birliyi yaradılıb, ölkəmizdə sabitlik, stabillik hökm sürür, Azərbaycanın nüfuzu beynəlxalq aləmdə gündən-günə artır. Mədəniyyət, elm, humanitar, sosial, hərb və digər sahələrdə əldə olunan uğurların sayı durmadan artır. Regionlarımızın inkişafı, qaçqın və məcburi köçkünlərə göstərilən diqqət qayğı göz önündədir. Təbii ki, bütün bunlar ölkə başçısının həyata keçirdiyi işlərin yalnız cüzi faizidir. Azərbaycan prezidenti torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində də mühüm işlər görür. Mən əminəm ki, biz Ali Baş Komandanın rəhbərliyi ilə tezliklə Dağlıq Qarabağı işğaldan azad edəcək, doğma yurd-yuvamıza qayıdacağıq”.
Milli Məclisin deputatı Tahir Rzayev: “Azərbaycan nümunəvi inkişaf modelinə malik olan bir ölkə kimi dünyada fərqlənir. Son illər davamlı inkişaf sayəsində Azərbaycan regionun lider dövləti səviyyəsinə yüksəlib. Bunun nəticəsidir ki, bölgədə Azərbaycanın təşəbbüsü və fəal iştirakı olmadan hər hansı beynəlxalq layihəni reallaşdırmaq mümkün deyil. Ölkəmiz, eyni zamanda, müntəzəm olaraq qlobal miqyasda yeni-yeni əməkdaşlıq platformaları ilə çıxış edir ki, bunun da sayəsində respublikamızın beynəlxalq nüfuzu və təsir imkanları əhəmiyyətli dərəcədə artıb. Bu gün müstəqil Azərbaycanın nüfuzlu regional və qlobal faktora çevrilməsinin isə obyektiv əsasları var.Azərbaycan təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və son 14 ildə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü siyasət sayəsində ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atılıb. İqtisadi müstəqillik Azərbaycanın çox mühüm perspektivlərə malik ölkə kimi dinamik inkişafını təmin edir”.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə: “Prezident İlham Əliyevin rəhbərliyi altında qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının və “Strateji yol xəritələri”nin dəqiq mexanizmlərlə icrası inkişafın dinamizmini artırır və əhatəsini daha da genişləndirir. Sürətli, yüksək templi bu irəliləyiş dövlətin yürütdüyü daxili və xarici siyasətin düzgünlüyünün düşünülmüş olması və müasir tələblərə cavab verə bilməsi sayəsində mümkün olub. Təbii ki, qazanılan nailiyyətlərdə ölkə rəhbərinin güclü, prinsipial siyasi iradəsinin, vaxtında düzgün qərarlar qəbul etməsinin, xalqımızın da möhtərəm Prezidentimizin strateji kursunun dəstəkləməsində Ona olan inamının böyük rolu olub. Ötən 14 il ölkə həyatı üçün strateji əhəmiyyət daşıyan inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlb ediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqət çəkib. Bunun nəticəsidir ki, ötən 14 il ərzində müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənib, qüdrətlənib, sosial-iqtisadi yüksəliş ilk növbədə insanların gündəlik həyatında özünü daha qabarıq büruzə verib. Regionların sosial-iqtisadi inkişafına xidmət edən Dövlət proqramları bölgələrə sərmayə qoyuluşlarının həcmini əhəmiyyətli dərəcədə artırıb”.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov: Azərbaycan Prezidenti İlham Əliyev həm gənclərin, həm də idmançıların dostudur. Hər il idmançılar və gənclərlə görüşlər zamanı Onun tərəfindən imzalanan sərəncam və müvafiq dövlət proqramları dediklərimizin əyani sübutudur. Cənab Prezidentimizin sayəsində bu gün idmanımız ən yüksək zirvəsinə qalxıb. Ölkə başçısının idman sahəsində göstərdiyi diqqət və qayğısı nəticəsində artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bu diqqət ölkəmizdə gənclər sahəsində özünü göstərməkdədir. Belə ki, uğurlu gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi dövlətin bütün strukturlarında təmsil olunur. Bu, Azərbaycanın gələcəyinə, qüdrətlənməsinə, güclənməsinə cənab prezident tərəfindən verilən böyük töhfə və dəyərdir. Görülən işlərin hər biri istər idmançılar, istərsə də gənclərə böyük stimul verir. Hesab edirəm ki, ölkəmizdə bu sahələrə göstərilən diqqət nəticəsində həm idmançılarımız, həm də gənclərimiz yeni-yeni uğurlara, zirvələrə imza atacaqlar”.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: “Prezident İlham Əliyevin yüksək fəaliyyəti nəticəsində son illər Azərbaycanın beynəlxalq nüfuzunun artmasında çox ciddi addımlar atılıb. Ölkəmizdə transmilli layihələr həyata keçirilib ki, dövlət başçısı İlham Əliyevin prezidentliyi dövründə həmin layihələr Azərbaycanı qlobal nəqliyyat, enerji qovşaqlarının mərkəzinə çevirib. Ölkəmiz bu gün dünyanın bir çox mühüm hadisələrinin, proseslərinin müzakirə olduğu mühüm platformadır. Azərbaycanın tolerant imicinin dünyaya yayılması və formalaşmasında cənab prezidentin rolu əvəzsizdir. Bu illər ərzində Azərbaycanın tanıtımı, strategiya hədəflərinə çatması ilə bağlı çox mühüm addımlar atılıb. Təkcə son il ərzində həyata keçirilən işlər, atılan addımları dəyərləndirsək, görülən işlərin qlobal miqyasını qiymətləndirə bilərik.Bura “Əsrin Müqaviləsi”nin müddətinin 2050-ci ilə qədər uzadılması, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin icrasının uğurla başa çatmasını əlavə etmək olar. Eyni zamanda Azərbaycan Prezidentinin təşəbbüsü ilə üçtərəfli əməkdaşlıq platformaları həyata keçirilib ki, bu platformalar çərçivəsində əməkdaşlıq ölkəmizə önəmli perspektivlər vəd edir. Baş redaktor kimi ölkə prezidentinin mətbuata göstərdiyi diqqət və qayğını qiymətləndirməyə bilmərəm. Bildiyiniz kimi Azərbaycan prezidentinin təşəbbüsü ilə mətbuatın inkişafı ilə bağlı konsepsiya hazırlanıb, 2008-ci ildə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb ki, fond vasitəsilə həyata keçirilən layihələr medianın inkişafı üçün çox önəm daşıyır. Bu aralıq dövrdə Azərbaycan mətbuatının ayaq üstə qalmasına çox ciddi dəstək göstərib. Bundan əlavə jurnalistlərin sosial, mənzil problemlərinin həlli ilə bağlı çox ciddi addımlar atılıb. Bu aspektdən çox şübhəsiz ki, təsadüfi deyil ki, Azərbaycan mətbuatı dövlət başçısını özünün dostu seçib və Prezident mətbuat arasında real mənzərəni beynəlxalq ictimaiyyətə çatdırıb. Əminəm ki biz Azərbaycanı bundan sonra da daha da qlobal miqyasda tanınması və inkişafının şahidi olacağıq”.
Politoloq Fikrət Sadıqov: “Azərbaycanda həyata keçirilən transmilli layihələr Prezident İlham Əliyevin təşəbbüsü, səyi, fəaliyyəti nəticəsində reallaşır. Azərbaycan dünyada sabitlik, stabilliyi ilə seçilir. Ölkəmiz demək olar ki, bütün dünya ölkələri ilə normal, əməkdaşlıq münasibətlərinə malikdir. Bütün bu uğurlar ölkəmizdə Azərbaycan Prezidentinin balanslaşdırılmış, bir sıra incə maraqlar nəzərə alınmaq şərti ilə həyata keçirilən xarici siyasəti nəticəsində əldə olunub. Təbii ki, bu siyasət elmi biliklərə, istiqamətlərə əsaslanan siyasətdir. Dövlət başçısı bu siyasəti çox uğurla və peşəkarlıqla bir sıra incəlikləri nəzərə almaq həyata keçirir. Əminik ki, görülən işlər nəticəsində Azərbaycan gələcəkdə daha da inkişaf edəcək”.
Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli: “ Cənab Prezident jurnalistlərin dostu olduğunu vurğulayıb və jurnalistlər də Dövlət başçısını özlərinə dost seçiblər. Belə olan halda, nə qədər ki, dövlət başçısı İlham Əliyevin prezidentliyi, siyasi kursu davam edir əminik ki, mediaya diqqət qayğı davam edəcək. Həm Azərbaycan mediası, xalqı, ictimaiyyəti bu dostluğun faydasını görməkdə davam edəcək. Apardığım müşahidələrə görə, Azərbaycan Prezidenti dünyada media sahəsində ən çox proqramlara imza atmış dövlət başçısıdır. Bildiyiniz kimi Azərbaycan Prezidenti media sahəsinə daim diqqətdə saxlayır. Bu diqqətlərdən biri jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlardır. Dünyada mətbuat sahəsində sosial problemlərin həllinə yönələn sərəncamlar verən ikinci prezident yoxdur. Görülən işlər nəticəsində ölkə mediası gündən günə inkişaf edir. Əminik ki, mediamızın vəziyyəti bundan sonra daha da yaxşılaşacaq və daha gözəl günlərini yaşayacaq”.

sia.az

Digər xəbərlər