Bu Cənubi Amerika ölkəsi Xocalını soyqırımını tanımaqla, Azərbaycanın haqq və ədalət çarğırışlarına səs verib
Erməni hərbi birləşmələrinin Rusiyanın 366-cı motoatıcı alayı ilə birlikdə törətdikləri Xocalı soyqırımından 26 ildə yaxın vaxt ötür. Artıq iki aydan bir az artıq müddətdən sonra, bu insanlıq faciəsinin 26-cı ili tarixin qanlı səhifəsinə yazılacaq. Ötən illər ərzində Xocalı soyqırımının tanıdılması üçün Azərbaycan dövləti kifayət qədər işlər görüb və dünyanın bir çox ölkə və təşkilatları hadisəni soyqırımı kimi tanıyıb.
Belə ki, bu günə qədər Xocalı soyqırımını tanıyan ölkələr və təşkilatlar bunlardır: Meksika (02.02.2012-ci il tarixində Meksika Senatı Xocalı faciəsini soyqırımı adlandırıb), Pakistan (Soyqırımını pisləyən qətnamə qəbul edib), Kolumbiya (24.04.2012-ci il tarixində Kolumbiya Parlamenti hadisəni soyqırımı kimi tanıyıb), Çexiya (19.02.2013-cü il tarixində Çexiya Parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb), Bosniya və Herseqovina (26.02.2013-cü il tarixində Bosniya və Herseqovina parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb), Peru - (2013), Honduras - (2014), ABŞ-ın Massaçusets ştatı (25.02.2010-cu il fevralın 25-də Massaçusets ştatının nümayəndələr palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul edib), Texas ştatı - (2011), Nyu-Cersi ştatı - (2011), Corciya ştatı - (2012), Men ştatı - (2012), Nyu-Meksika ştatı - (2013), Arkanzas ştatı - (2013), Missisipi ştatı - (2013), Oklahoma ştatı - (2013), Tennessi ştatı - (2013), Pensilvaniya ştatı - (2013), Qərbi Virciniya ştatı - (2013), Konnektikut ştatı - (2013), Florida ştatı - (2013), İndiana ştatı - (2014), İslam Əməkdaşlıq Təşkilatı - (2012), Arizona Ştatı - (2015, 25 fevral). Yuta ştatı - (2015), Nebraska ştatı- (2016), Havay ştatının - (2016), Montana ştatı - (2016), Aydaho ştatı - (2016).
Bu ilin yanvar ayında isə Cibutinin Milli Assambleyası (Parlamenti) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı soyqırımına dair qətnamə qəbul edib. Xocalı soyqırımının tanıdılması istiqamətində istər dövlətimiz, bilavasitə, Prezident İlham Əliyevin qətiyyəti xüsusi rol oynayır. O cümlədən, Heydər Əliyev Fondu başda olmaqla, bir sıra nüfuzlu ictimai təşkilatlarımız tərəfindən də mühüm təşəbbüslər irəli sürülüb və çoxsaylı tədbirlər reallaşdırılıb. Ona görə də, qeyd etmək olar ki, əldə edilən uğurlar da, məhz bu əməli işlərin nəticəsidir.
Növbəti uğur kimi isə, biz Cənubi Amerika ölkəsi olan Paraqvay parlamentinin Xocalı soyqırımını rəsmən tanımasını göstərə bilərik. Artıq Paraqvayın Deputatlar Palatası 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ regionunun Xocalı şəhərində törədilmiş soyqırımının pislənilməsi və 26-cı ildönümünün anılması münasibətilə həmrəyliyin ifadə edilməsi barədə bəyanat qəbul edib. Bəyanatda qeyd edilir ki, Xocalı qətliamı Ermənistan və Azərbaycan arasındakı münaqişənin hərbi fazasının üç ili ərzində mülki əhalinin məruz qaldığı ən böyük hücum olub, nəticədə, etnik xarakterli səbəblərə görə 63 uşaq, 106 qadın və 70 yaşlı insan olmaqla 613 azərbaycanlı qətlə yetirilib, 1275 sakin əsir düşüb, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil; bundan əlavə, 76-sı uşaq olmaqla, 487 nəfər Xocalı sakini şikəst edilib, 26 uşaq hər iki valideynini və 130 uşaq isə valideynlərindən birini itirib. Bu faktın Azərbaycanın müxtəlif qurumları və müstəqil mənbələr tərəfindən tam sənədləşdirildiyi qeyd olunub.
Sənəddə bir sıra dövlətlərin Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş bu soyqırımı və insanlıq əleyhinə cinayəti pislədiyi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən silahlı işğalının qınanıldığı, həmçinin, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə etdikləri vurğulanıb.
Bəyanatda BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 nömrəli Qətnamələr təcavüzün dayandırılmasını, diqqətin qurbanlara yönəldilməsini və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində yaranmış münaqişənin həlli yolu kimi dialoqu təşviq etdiyi bildirilir.
Deputatlar Palatası qeyd olunanları və beynəlxalq humanitar hüququn əsas prinsip və normalarına hörmət edilmədiyini əsas tutaraq, 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ regionunun Xocalı şəhərində törədilmiş soyqırımını pislədiyini və bu insanlıq əlyehinə cinayətin 26-cı ildönümünün anılması münasibətilə Azərbaycan xalqına öz həmrəyliyini ifadə etdiyini bəyan edib.
Beləliklə, Azərbaycanın haqq səsinə və çağırışlarına ədalətli yanaşma edən və erməni vəhşiliyinə "dur" deyəcək daha bir dost ölkə beynəlxalq aləmdəki dəstəyini göstərmiş oldu. Təşəkkürlər, Paraqvay!
Rövşən NURƏDDİNOĞLU