PDF Oxu

Siyasət

  • 3 421

“Bakı Ağ Şəhər”də böyük həcmdə tikinti-quraşdırma və abadlıq işləri görülüb

“Bakı Ağ Şəhər”də böyük həcmdə tikinti-quraşdırma və abadlıq işləri görülüb

Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olub
Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də Xaqani Rüstəmov küçəsinin, bu küçənin üzərində yerləşən dairə və dördçıxışlı piyada keçidinin açılışında, yeni salınmış parkın, inşası və abadlığı başa çatan məhəllələrin təqdimat mərasimində iştirak ediblər. AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov və “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına ərazidə görülən işlər barədə məlumat verdilər.
Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini və Mərkəzi Bulvar küçəsini birləşdirən, “Ağ Şəhər” bulvarına qədər davam edən və uzunluğu 1050 metr, eni 45 metr olmaqla 6 zolaqlı Xaqani Rüstəmov küçəsinin yenidənqurma işləri tamamlanıb. Bu küçədə avtomobillər üçün xüsusi parkinq yerləri də nəzərdə tutulub. Xaqani Rüstəmov küçəsi ilə Süleyman Vəzirov küçəsinin kəsişməsində diametri 66 metr olan yeni dairə inşa edilib. Bu dairə tam fərqli və orijinal dizaynda inşa olunub. Burada yaşıllaşdırma işləri aparılıb və ətraf dekorativ daşlarla bəzədilib. Prezident İlham Əliyev Xaqani Rüstəmov küçəsi, bu küçənin üzərində yerləşən dairə və dördçıxışlı piyada keçidinin rəmzi açılışını bildirən lenti kəsdi. Sonra xatirə şəkli çəkdirildi.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”in tikintisi və abadlığı başa çatmış Babək Qərb kvartalında, Mərkəzi Bulvar və Süleyman Vəzirov küçələrinin kəsişməsində yeni salınmış parkla da tanış oldular.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər” ərazisində tikintisi və abadlığı başa çatmış məhəllələrlə tanış olmaq üçün avtobusla gəzintiyə çıxdılar. Avtobusla gəzinti zamanı Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya 2016-cı ildə sakinlərə təhvil verilmiş məhəllələr barədə də əlavə məlumatlar çatdırıldı.
Daha sonra Prezident İlham Əliyevə “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində 2017-ci il ərzində yerinə yetirilən və 2018-ci il üçün nəzərdə tutulmuş işlər barədə məlumat verildi. Bildirildi ki, Prezidentin müvafiq sərəncamlarına əsasən aidiyyəti qurumlar tərəfindən infrastruktur və yol işləri davam etdiriləcək. Mərkəzi Bulvar küçəsinin Nobel prospektinə qədər inşasının tamamlanması, Süleyman Vəzirov küçəsinin Babək prospektinə qədər yenidən qurulması, Babək prospektindən “Bakı Ağ Şəhər”in mərkəzinə qədər uzanan, 37 metr eni olan yolların və yeraltı kommunikasiyaların inşası nəzərdə tutulub.
Dövlətimizin başçısına burada və digər məhəllələrdə nəzərdə tutulmuş orta məktəb layihələri və onlar üçün ayrılmış ərazilər barədə də məlumat verildi. Nobel prospekti boyunca tikiləcək və layihənin işgüzar kvartalı kimi nəzərdə tutulan fərqli memarlıq üslubuna malik binalar dünya səviyyəli tanınmış UN Studio memarlıq bürosu tərəfindən işlənilib. Binaların mərkəzində yerləşəcək Zaman Meydanı, Knightsbridge kompleksi və Nizami parkı istiqamətində metro çıxışları bu mərkəzin şəhərin digər rayonları ilə nəqliyyat bağlantısını təmin edəcək. Burada inşa ediləcək metro çıxışları, eyni zamanda, Nobel prospektinin şimal və cənub hissələrini birləşdirən piyada keçidini də təmin edəcək. Prospektin üzərindən salınacaq yüksək səviyyəli piyada körpüsü isə “Bakı Ağ Şəhər”in şimalı ilə cənubunu birləşdirəcək və prospektin yeni rəmzinə çevriləcək. Uzunluğu 237 metr olan körpü cənubda Sahilyanı kvartalda yerləşəcək ticarət mərkəzinə və şimalda Fəvvarələr Meydanından keçərək Babək prospektinə qədər uzanacaq. “Bakı Ağ Şəhər”də ötən müddətdə həyata keçirilən işlər və növbəti illərdə icrası nəzərdə tutulan tədbirlərlə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

Digər xəbərlər