Davamlı və dinamik inkişafı, spesifik milli inkişaf modeli ilə tanınan Azərbaycan inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addımdır. Hərtərəfli və sürətli inkişaf dövrünü yaşayan Azərbaycan bu gün dünyəvi, hüquqi və demokratik dövlət olaraq multikultural, tolerant məkan kimi dünya dövlətləri tərəfindən qəbul olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə multikulturalizm Azərbaycanın dövlət siyasətinin əsas elementlərindən birinə çevrilib.
Bu gün regionumuzda və dünyada yaşanan xoşagəlməz hadisələr, qanlı toqquşmaların olması Azərbaycan kimi sülhsevər bir dövləti narahat etməyə bilməz. Ölkəmiz dünyaya multikultural dəyərlərini, tolerant mühitini bəyan edərək, özünün xoşməramlı mesajlarını göndərir. Dünyada baş verən böhranlardan və münaqişələrdən uzaq olmaq, birgə tədbirlərin görülməsinə nail olmaq, terrorizmə, münaqişələrə qarşı səmərəli mübarizə aparmaq üçün vətəndaşlıq prinsipləri, insan haqları, bərabərlik amillərini hər zaman diqqətdə saxlayan Azərbaycan terrorizm aktlarını törədənlərə, irqi və dini zəmində münaqişə yaradanlara qarşı barışmaz mövqeyini ortaya qoyur, islam dünyasının həmrəyliyinə töhfəsini verir. Dövlət-xalq birliyinə əsaslanan müdrik siyasət sayəsində Azərbaycan yeni zəfərlər qazanır və qlobal təşəbbüslərin mərkəzinə çevrilir. Azərbaycanda vacib əhəmiyyət kəsb edən bir sıra konfranslar və forumlar keçirilir.
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin məlum sərəncamları ilə ölkəmizdə 2016-cı ilin “Multikulturalizm İli”, İslam Həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədi ilə 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi bəşəri dəyərlərə olan ali münasbətin daha bir təzahürüdür. “İslam Həmrəyliyi İli” çərçivəsində İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi, 54 müsəlman ölkəsinin Azərbaycanda bir araya gəlməsi islam dünyasında böyük təntənə kimi qəbul olundu. Ölkəmizin tolerantlıq və multikulturalizm prinsiplərinə sadiqliyinin bariz nümunəsi olan oyunların ölkəmizdə keçirilməsi həm də Azərbaycanın dünyaya tanıtdırılması, Bakının gözəlliyinin nümayişi, tarixi və mədəni irsimizin təbliği üçün geniş imkanlar yaratmış oldu. Dünya və islam aləmi üçün çox önəmli idman yarışmasının ölkəmizdə təşkili dünya miqyasında nüfuzumuzun göstəricisi oldu. Azərbaycan Prezidenti İlham Əliyev bunu islam aləminin Azərbaycana, onun inkişafına verdiyi yüksək dəyər kimi qiymətləndirib: “Əlbəttə, biz fəxr edirik ki, Azərbaycan milli komandası bu yarışların qalibi oldu, birinci yerə layiq görüldü. Amma əsas məsələ bunda deyil. Əsas məsələ ondadır ki, bu oyunlar, bir daha göstərdi ki, islam həmrəyliyi var və gənc nəsil gərək, gələcəkdə bu gözəl dəyərləri daim dərk etsin və gücləndirsin. İki il bundan əvvəl isə, Bakıda tarixdə ilk dəfə olaraq, Avropa Oyunları keçirilmişdir. Digər qitə oyunlarından fərqli olaraq, Avropa Oyunları 2015-ci ilə qədər heç vaxt keçirilməmişdir. İlk Avropa Oyunları Azərbaycanda keçirilmişdir və Avropadan 5 mindən çox idmançı burada yarışırdı və minlərlə qonaq gəlmişdi. Azərbaycan komandası bu oyunlarda ikinci yerə layiq görüldü”.
Həm Avropa, həm İslam Oyunlarının iki il ərzində bir şəhərdə və bir ölkədə keçirilməsi hər iki dünyanın Azərbaycana olan münasibətinin göstəricisidir. Bu gün dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul edir və öyrənir.
“İslam Həmrəyliyi İli” çərçivəsində il ərzində ölkəmizdə, eləcə də dünyanın bir çox məkanlarında beynəlxalq konfranslar və tədbirlər keçirildi. Bütün dünyada münaqişələrin, gərginliyin, islamofobiyanın, ksenofobiyanın və mədəni irqçiliyin artdığı bir vaxtda, Azərbaycan dünyaya birgəyaşayış mesajını göndərdi.
Dekabrın 21-də isə “İslam Həmrəyliyi İli”nin yekunlaşması ilə bağlı “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın qədim tarixə malik ölkə olduğunu və bunu dini-memarlıq abidələrimizin əyani sübut etdiyini diqqətə çatdırıb. Əsrlər boyu islam sivilizasiyasının əsas mərkəzlərindən biri olan Azərbaycan islam dininə həssaslıqla yanaşımış və eyni zamanda, müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb. Dinlə bağlı sərt qadağaların mövcud olduğu Sovet dövrü Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçib. Ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa edilib. Təbii ki, islam dünyasının bir parçası olan Azərbaycan il ərizində dostluğun möhkəmlənməsinə, insani dəyərlərə, sülh və əmin-amanlığa, birgəyaşayışa öz töhfələrini verərək, sülhsevər siyasətini, bir daha dünyaya bəyan etmiş oldu. Geosiyasi baxımdan, minilliklər boyu Böyük İpək Yolu üzərində Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın ərazisində müxtəlif sivilizasiyalar qaynayıb-qarışıb və müxtəlif dinlərin nümayəndələri yaşayıb. Öz kökünə və ənənələrinə sadiq olan Azərbaycan başqa xalqların da dilinə, mədəniyyətinə böyük həssaslıqla, hörmətlə, qayğıkeşliklə yanaşıb və bu gün də bu ənənə davam etməkdədir. Ölkəmizin sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində inkişaf dövrünü yaşamaqla yanaşı, mövcud olan dinlərarası, millətlərarası münasibətlərdə belə, dünya üçün örnək, tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan dövlətə çevrilib.
Bütün bu və ya digər amillərlə yanaşı, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin, müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilib. Cənab İlham Əliyev çıxışında qeyd etdiyi kimi, Azərbaycan beynəlxalq aləmdə müsəlman ölkələri ilə çox yaxın münasibətlər qura bilmişdir: “Biz cəmi 26 ildir ki, müstəqil dövlət kimi yaşayırıq. Bu illər ərzində ikitərəfli və üçtərəfli formatlarda, beynəlxalq təşkilatlar çərçivəsində müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir və gündən-günə güclənir. Biz BMT-də və digər beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Keçən il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı çox önəmli qətnamə qəbul edilmişdir və Kontakt Qrupu yaradılmışdır”.
Ölkə daxilində islam həmrəyliyinin tam təmin olunduğunu vurğulayan ölkə başçısı “çalışırıq və çalışmalıyıq ki, bütün müsəlman aləmində birlik, həmrəylik təmin olunsun”, - deyərək Azərbaycanın bu istiqamətdə öz töhfəsini verdiyini və önəmli addımlar atdığını diqqətə çatdırıb. Bu gün ölkəmiz sülh, əmin-amanlıq və təhlükəsizlik şəraitində inkişaf dövrünü yaşamaqla yanaşı, mövcud olan dinlərarası, millətlərarası münasibətlərdə belə, dünya üçün örnək, tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan dövlətə çevrilib. Əsrlər boyu Azərbaycanda yaşayan müxtəlif etnosun nümayəndələri sülh və həmrəylik şəraitində yaşayır və fəaliyyət göstərirlər. Heç bir zaman dini və etnik ədavət, etnik azlıqlarla münasibətdə ayrı-seçkilik faktları qeydə alınmayıb. Azərbaycan dövləti hər bir xalqın nümayəndəsinə eyni dərəcədə qayğı göstərir. “Azərbaycan o ölkələrdəndir ki, burada dini, milli zəmində heç bir problem yoxdur, heç bir - hətta kiçik bir anlaşılmazlıq yoxdur” - deyən dövlət başçısı ölkəmizdə yaşayan bütün millətlərin, bütün dinlərin nümayəndələrinin bizim dəyərli vətəndaşlarımız olduğunu və ölkəmizin ümumi inkişafına öz töhfələrini verdiklərini bildirib: “Ona görə, məhz Azərbaycanın dinlərarası dialoq işində fəal olması təbiidir”.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyada qeyd olunduğu kimi, milli və ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər kəs ölkəmizdə eyni hüquqlara malikdir. Bu baxımdan, ölkəmizdə heç bir millətin, milli və ya dini azlığın nümayəndəsinə onların dini mənsubiyyətlərinə görə başqalarından üstün olmaq kimi ideyaları aşılamaq yolverilməzdir və bu, qanunda öz əksini tapır. Tolerantlıq və multikulturalizm, eyni zamanda, demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyidir. Vicdan azadlığı, təhsil və elmə əlçatanlığın olması, insanların sosial və iqtisadi rifahının yüksəlməsi, qanunun aliliyi demokratiyanın əsas göstəriciləridi.
“BİZ İSTƏYİRİK Kİ, HƏM
MÜSƏLMAN ALƏMİNDƏ, HƏM AVROPADA, ÜMUMİYYƏTLƏ, DÜNYADA DİNLƏRARASI
DİALOQ GÜCLƏNSİN”
Cənab İlham Əliyev ölkəmizdə dinlərarası və mədəniyyətlərarası dialoqla bağlı bir çox mötəbər beynəlxalq tədbirlər keçirildiyini bildirib. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Humanitar Forumu və s. belə tədbirlər sırasındadır. Cənab Prezident belə beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinin təbii olduğunu diqqətə çatdıraraq, Azərbaycanın sivilizasiyalar arasında həmişə müsbət rol oynadığını qeyd edib.
Belə ki, Azərbaycan Asiya ilə Avropa arasında həm coğrafi, həm mədəni və bu gün siyasi baxımdan, bir körpü rolunu oynayır: “Biz istəyirik ki, həm müsəlman aləmində, həm Avropada, ümumiyyətlə, dünyada dinlərarası dialoq güclənsin. Əfsuslar olsun ki, son vaxtlar biz tam əks mənzərə ilə üzləşirik - dözümsüzlük, islamofobiya, ksenofobiya və antisemitizm artır. Bu, bəşəriyyət üçün böyük təhlükədir və böyük bəladır. Din xadimlərinin, ictimai xadimlərin, siyasətçilərin, geniş ictimaiyyətin bu məsələ ilə bağlı fikri və mövqeyi, əlbəttə ki, dünya ictimaiyyəti üçün də çox önəmlidir. Bakıdan, yüksək mötəbər kürsülərdən dəfələrlə dünyaya çağırış edilmişdir ki, dinlərarası münasibətlər hər bir ölkə üçün önəmlidir. Dünyada əksər ölkələr çoxmillətli və çoxkonfessiyalı ölkələrdir. Belə olan halda, bu mövzu vətəndaş sülhü, vətəndaş həmrəyliyi üçün, hər bir ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Biz öz tərəfimizdən ölkə daxilində bütün məsələləri ən yüksək səviyyədə həll edirik. Eyni zamanda, əminəm ki, bölgədə və dünyada Azərbaycan təcrübəsi öyrənilir”.
“ÜMUMİ MƏQSƏDİMİZ
ONDAN İBARƏTDİR Kİ,
DÜNYADA SÜLH,
QARŞILIQLI HÖRMƏT, QARŞILIQLI
ANLAŞMA OLSUN,
ÖLKƏLƏR BİR-BİRİNİN
İŞİNƏ QARIŞMASIN”
Onu da qeyd etməliyik ki, uğurlu starteji inkişaf yolunda olan Azərbaycanın Ermənistanla olan münaqişəsi illərdir ki, davam etməkdədir. İşğal nəticəsində Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünü var. Dövlət başçısı dəfələrlə çıxışlarında Azərbaycanın erməni təcavüzü, ərazimizin işğalı nəticəsində müharibə və humanitar fəlakətdən əziyyət çəkdiyini diqqətə çatdırıb. Bütün mötəbər beynəlxalq təşkilatların müvafiq qətnamə və qərarlar qəbul etdiklərini, Ermənistanın onlara məhəl qoymadığını qeyd edən Azərbaycan Prezidenti bütün bu sənədlərin kağız üzərində olduğunu və qaçqın və məcburi köçkünlərimizin hələ də doğma torpaqlarına qayıda bilmədiklərini qeyd edir.
Konfransda Azərbaycan Prezidenti Azərbaycanın inkişaf və tərəqqi yolu ilə getdiyini diqqətə çəkərək, 1993-cü ildən başlanan siyasi, iqtisadi islahatlar, beynəlxalq arenada rolumuzun artması, ölkə daxilində bütün qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi, vətəndaş müharibəsinin dayandırılması, yeni konstitusiyanın qəbul edilməsi və ölkəmizin strateji inkişafı ilə bağlı çox dəqiq qərarlar xalqımızı ağır vəziyyətdən çıxara bildiyini və bu gün də Azərbaycanın uğurla inkişaf etdiyini vurğulayıb. Bu gün 26 ildir müstəqil dövlət kimi yaşayan Azərbaycanın ayaqda möhkəm dayandığını bildirən Cənab İlham Əliyev bizim əsas problemimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu diqqətə çəkib: “Bildiyiniz kimi, Ermənistan beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızın 20 faizini 20 ildən çoxdur ki, işğal edib. Bu torpaqlardan bir milyondan çox vətəndaş qovulub, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər qanlı cinayət - Xocalı soyqırımını törətmişlər. Erməni quldurları tərəfindən 600-dən çox günahsız, dinc insan, onların arasında 100-dən çox qadın, 60-dan çox uşaq qətlə yetirilmişdir. Xocalı soyqırımını 10-dan çox ölkə artıq soyqırımı kimi tanıyıb”.
Cənab Prezident bir daha BMT-nin münaqişə ilə bağlı dörd qətnamə qəbul etdyini və bunlara hələ də əməl olunmadığın diqqətə çatdırıb: “Belə olan halda, münaqişə yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, BMT Təhlükəsizlik Şurasının qətnamələri, - bu sənədlərdən daha üstün sənəd dünyada yoxdur, - tam icra edilməlidir və ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan dövləti və Azərbaycan xalqı öz torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək”.
Bu gün Azərbaycanın haqlı mövqey dünya dövlətləri tərəfindən dəstəklənir. Əlbəttə ki, Azərbaycanın bugünkü iqtisadi gücünün, inkişafının və milli ordusunun olması onun öz torpaqlarını işğaldan azad etməyə qadir olduğunu göstərir. Ötən ilin aprel döyüşləri bunun əyani sübutudur. Artıq bu gün işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi yaşayış üçün yararlı vəziyyətdədir. Burada tikilmiş 50 ev, məktəb, yol və bütün infrastruktur Azərbaycanın iqtisadi gücünün göstəricisidir. Hətta burada Şuşa memarlığı üslubunda nəfis və əzəmətli məscid inşa olunub.
Bəli, qətiyyətlə deyə bilərik ki, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında yaşadığı Azərbaycandan əxz ediləcəyi çox məqamlar var. Terrorizmin baş alıb getdiyi dünyada, islama qarşı hücumların artdığı və islamofobiyanın gücləndiyi bir vaxtda Azərbaycan ekstremizm və dözümsüzlük əleyhinə çıxış edir, kənar qüvvələrin, xaricdən gələn təhlükələrin qarşısını almaqda güclü və qətiyyətlidir. Belə ki, Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir.
Əminliklə deyə bilərik ki, “İslam Həmrəyliyi İli”nin yekunlarına həsr olunmuş beynəlxalq konfrans müsəlman ölkələrinin əməkdaşlığının möhkəmlənməsinə, dinlərarası və mədəniyyətlərarası dialoqun genişlənməsinə öz layiqli töhfəsini verəcək. İslam mədəniyyətinin və əxlaqının gələcək nəsillərə daha da yaxşı aşılanması üçün görülən işlər, islam həmrəyliyi çağırışı bəşəriyyətin ehtiyac duyduğu müasir dövrümüzün ən əhəmiyyətli məsələsidir. Belə tədbirlərin keçirilməsi isə ölkəmizin bəşəri dəyərlərə, dünyada gedən proseslərə bir töhfəsidir. Cənab İlham Əliyevin vurğuladığı kimi, “Ümumi məqsədimiz ondan ibarətdir ki, dünyada sülh, qarşılıqlı hörmət, qarşılıqlı anlaşma olsun, ölkələr bir-birinin işinə qarışmasın”.
Nəzakət ƏLƏDDİNQIZI