31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2018-ci İl münasibəti ilə rayonda silsilə tədbirlər keçirilir. Rayonun ərazisində yerləşən təhsil, səhiyyə və sənaye müəssisələrində dəyirmi masalar, müxtəlif müsabiqələr və bayram şənlikləri təşkil olunur.
Növbəti belə bayram tədbiri rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayonun Yeni Günəşli yaşayış massivində yerləşən 2 saylı Uşaq Evində təşkil olunub. Uşaqları təbrik etmək üçün rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov 2 saylı Uşaq Evində olub. Uşaqları salamlayan rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2018-ci İl münasibəti ilə onları təbrik edib. İ.Abbasov çıxışında ölkə başçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğıdan ətraflı danışıb: "Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tez-tez uşaq evləri və internat məktəblərində, o cümlədən, 2 saylı Uşaq Evində olur, onların gündəlik qayğıları, təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının təşkili ilə maraqlanır və dəstək olurlar. Onlar uşaq evlərində məskunlaşan balacalara əsl ana qayğısı göstərirlər".
Tədbirdə çıxış edən 2 saylı Uşaq Evinin müdiri Sevda Hacıyeva uşaqlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Uşaqların böyük həvəslə iştirak etdikləri şənlikdə uşaqlar arasında müxtəlif yarışlar təşkil olunub və onlara rayon icra hakimiyyəti başçısının bayram hədiyyələri paylanıb. Sonda incəsənət ustalarının uşaqlar üçün hazırladıqları bayram konserti, Şaxta Babanın, Qar Qızın maraqlı söhbətləri fidan balaların sevincinə sevinc qatıb.
ZÜMRÜD