Ölkə başçımızın MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşündəki fikirləri ölkəmizin təşəbbüskar və söz sahibi mövqeyini bir daha təsdiq etdi
Məlum olduğu kimi, dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşüşündə iştirak etmək üçün işgüzar səfər edib. Rusiya prezidentinin Novo-Oqaryovadakı iqamətgahında keçirilən görüşdə Rusiyanın 2017-ci ildə MDB-yə sədrliyinə yekun vurulub və birlik çərçivəsində müxtəlif sahələrdə gələcək əməkdaşlıq barədə fikir mübadilələri aparılıb.
İstər sosial, istər iqtisadi, istərsə də digər sahələrdə əldə edilən uğur və nailiyyətləri ilə ön sıralarda dayanan Azərbaycan və onun dövlət rəhbəri həmçinin əhəmiyyətli təşəbbüsləri ilə sözügedən məkanın aparıcı ölkəsi sırasına yüksəldib
Ümumiyyətlə, bu səpgidə görüşün baş tutması ilk növbədə MDB məkanında iqtisadi inkişafın, sabitliyin və təhlükəsizlik təminatının qorunmasına doğru atılan mühüm addım kimi qiymətləndirmək olar. Belə ki, bu barədə dövlət başçıları ilə görüşdə çıxış edən Rusiya prezidenti Vladimir Putin də qeyd edib. Onun sözlərinə görə, bütün bu amillər üzərində bundan sonra da mütəşəkkil işlər aparılacaq, regional məsələlər və qarşıda dayanan planlar istiqamətində daha böyük işlər görüləcək. O cümlədən, dünyada cərəyan edən proseslər ətrafında da müzakirələr davamlı xarakter alacaq. Xüsusilə, terrora, transsərhəd cinayətkarlığa və narkotrafikə qarşı mübarizədə MDB ölkələrinin birgə fəaliyyətinin əhəmiyyəti Vladimir Putin tərəfindən xüsusilə vurğulanıb. "Şadam ki, Yeni il qabağı, razılaşdığımız kimi, qeyri-rəsmi şəraitdə ötən ilə, MDB çərçivəsində birgə görülən işlərə yekun vurmağa, perspektivdəki planlar barədə danışmaq, regional və dünya gündəmini müzakirə etmək üçün toplaşmağa nail olduq"-deyə qeyd edən Rusiyanın dövlət başçısının bu fikirləri digər ölkələrin rəhbərləri tərəfindən də dəstəklənib.MDB məkanında inkişaf və tərəqqisi ilə seçilən və bu məkanda liderlik mövqeyində olan ölkəmizin fəaliyyəti hər zaman mühüm xüsusiyyətləri ilə fərqlənib. Daha dəqiq desək, istər sosial, istər iqtisadi, istərsə də digər sahələrdə əldə edilən uğur və nailiyyətləri ilə ön sıralarda dayanan Azərbaycan və onun dövlət rəhbəri həmçinin əhəmiyyətli təşəbbüsləri ilə sözügedən məkanın aparıcı ölkəsi sırasına yüksəldib. Məhz bu istiqamətdə ölkə başçısı İlham Əliyevin zaman-zaman vurğuladığı fikirləri bu dəfə də öz mühümlüyü ilə seçilib.
“Rusiya – MDB-ni birləşdirən ölkə, Birliyinin əsas ölkəsidir”
Beləliklə, Moskvadakı görüşdə Azərbaycan Prezidenti Cənab İlham Əliyev də çıxış edərək, MDB məkanına, o cümlədən, Rusiyanın ictimai-siyasi dairələrinə mühüm mesajlar ünvanlayıb. Belə ki, Rusiyanın MDB-ni birləşdirən ölkə olaraq dəyərləndirən dövlətimizin başçısı Şimal qonşumuzun stabilləşdirici faktor olduğunu vurğulayıb. SİTAT: “Rusiya – MDB-ni birləşdirən ölkə, Birliyinin əsas ölkəsidir. Ona görə də, təbii ki, Rusiyada baş verən müsbət proseslər bütün üzv ölkələrə müsbət təsir göstərir”.
Onu da qeyd edək ki, Rusiya xalqı da prezident seçkiləri ərəfəsindədir və dövlət başçısı postuna hazırkı prezident Vladimir Putinin namizədliyinin irəli sürüləcəyi şübhəsizdir. Bu baxımdan, onun rusiyalıların şəriksiz lider olduğunu hesab edən dövlət başçımız çıxışında qeyd edib ki, Vladimir Putinin rəhbərliyi altında Rusiya sosial-iqtisadi inkişafda çox böyük uğurlar əldə edib. SİTAT: “Rusiya beynəlxalq arenada böyük nüfuza malikdir və bu gün beynəlxalq işlərdə ən aparıcı rollardan birini oynayır. Sizin (V.Putinin-red.) rəhbərliyiniz altında ictimai siyasi stabillik təmin olunub. Bu, ictimai razılığa söykənir".
“İctimai-siyasi stabillik olmadan uğur əldə etmək mümkün deyil”
Məhz mövcud ictimai siyasi sabitliyin Rusiya xalqı tərəfindən razılıqla qarşılanması çərçivəsindən çıxış edən dövlət başçımız Azərbaycanda da hər kəsin bu faktora inandığını prezident seçkisində rusiyalıların düzgün qərar verəcəklərinə şübhə edilmədiyini bildirib. Çünki hər iki ölkənin – Azərbaycan və Rusiyanın bir-birinə bağlılığı, həmçinin münasibətlərin daim yüksək səviyyədə qorunub-saxlanılmasında Vladimir Putinin özünəməxsus rolu mövcuddur: "Biz çox yaxşı bilirik ki, ikitərəfli münasibətlərin uğurlu inkişafı sizin adınızla bağlıdır. İctimai-siyasi stabillik olmadan uğur əldə etmək mümkün deyil”.
“Rusiya bu gün dünya miqyasında stabilləşdirici faktordur"
Ölkə başçımız daha bir önəmli məqama toxunaraq bildirib ki, insanlar son illər olduqca qanlı hadisələrin, qarşıdurmaların, dinlərarası, konfessiyalararası ziddiyyətlərin, etnik münaqişələrin şahidi olub və ona görə də, bütün bu mövcud beynəlxalq panoram Vladimir Putinin istiqamətləndirdiyi kursunun düzgün olduğunu bir daha göstərir. “Ona görə ki, Rusiya bu gün dünya miqyasında stabilləşdirici faktordur"-deyə qeyd edən dövlət başçımız istər Rusiya ictimaiyyətinə, istər MDB məkanına, istərsə də beynəlxalq aləmə öz mühüm fikirlərini çatdırıb.Bu kimi nüansların Prezident İlham Əliyev tərəfindən önə sürülməsi isə Azərbaycanın sözügedən kontekstdə təşəbbüskar və söz sahibi olduğunun bariz göstəricisi olaraq dəyərləndirilə bilər.
sia.az