Mehriban xanım Əliyeva:”Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq əsasında qurulur”
Humanist, xeyriyyəçi layihələrilə dünya miqyasında tanınan və birmənalı olaraq, belə aksiyaların təşəbbüskarı kimi nüfuz qazanan Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyəti, genişmiqyaslı layihələri ilə beynəlxalq aləmdə nüfuza sahibdir. Təkcə Azərbaycanda deyil, bir sıra məkanlarda geniş aksiyalar həyata keçirir. Bu humanitar və mədəni tədbirlər, artıq beynəlxalq məkana bəlli olan həqiqətdir. Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasında “Azərbaycan - tolerantlığın ünvanı” layihəsi maraq doğuran və əhəmiyyətli tədbirlər sırasındadır. Layihə çərçivəsində müsəlman məscidləri ilə yanaşı, xristian kilsəsi də bərpa edilib, Azərbaycanda yaşayan yəhudi uşaqları üçün məktəb və mədəni mərkəz inşa olunub. Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpasında, bir sıra digər layihələrdə də təşəbbüskar olaraq iştirak edib.
Bütün bunlar Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə ehtiva edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müsahibələrinin birində dediyi kimi, dünyəvi müsəlman ölkəsi olan Azərbaycan yalnız xristian aləminə aid müqəddəs yerlərin və tarixi-mədəni abidələrin bərpasında iştirak etmir, eyni zamanda, ümumdünya əhəmiyyətli abidələri bərpa edir. Bu, fondun həyata keçirdiyi mühüm siyasətidir. Heydər Əliyev Fondu xristian aləminin incəsənəti, mənəvi dəyərləri, onun mədəniyyətinin daha da nümunəvi tərzdə parlamasına öz töhfəsini verir.
Azərbaycanda bütün dövrlərdə, ictimai-siyasi quruluşdan asılı olmayaraq, müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanların sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşadığını bildirən Mehriban xanım Əliyeva “Bu gün də çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu, ən böyük sərvətlərdən biridir” - deyib.
Bu görülən işlərin məntiqi olaraq, bu cür mühüm layihələr Rusiyada da həyata keçirilir. Dekabrın 26-da Moskvadakı Xilaskar İsa Məbədində Azərbaycanın Birinci vitse-prezidentinə Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilib. Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Patriarx Həştərxanda olarkən, Mehriban Əliyevanın Rus Pravoslav Kilsəsinin Müqəddəs Mələksima Knyaginya Olqa ordeninə layiq görülməsi barədə qərar qəbul edib. Qeyd edək ki, Knyaginya Olqa Rusiyanı xristianlaşdıran və vahid rus dövlətinin qurulmasında həlledici rol oynayan Knyaz Vladimirin nənəsi olub. 1988-ci ildə Rusiyada xristianlığın qəbul edilməsinin 1000 illiyi ilə əlaqədar təsis olunan Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlar təltif edilirlər. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva belə fəxri mükafata layiq görülməsindən və fəaliyyətinin bu cür yüksək qiymətləndirilməsindən xüsusi fərəh duyduyğun bildirib. “Həştərxan vilayəti ilə bizim çox səmimi dostluq münasibətlərimiz var”, - deyən Mehriban xanım Əliyeva bu vilayətin bizim dostumuz, qonşumuz olduğunu və burada uğurlu əməkdaşlıq nümunələrinin olduğunu bildirib: “2013-cü ildə Müqəddəs Mələksima Knyaz Vladimirə abidə ucaldılması, bu abidənin açılışı bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bu abidənin yaradılması üzərində Azərbaycanın ən yaxşı rəssamları və memarları çalışıb. Onlar bir il ərzində bizim Rus Pravoslav Kilsəsinə dərin hörmət və ehtiramımızı ifadə edən möhtəşəm monument yaratdılar”.
“BU GÜN AZƏRBAYCANDA RUS PRAVOSLAV KİLSƏSİNƏ MƏNSUB OLAN DİNDARLARIN SAYI 100 MİNDƏN ÇOXDUR”
Azərbaycan multikultural bir dövlət kimi dünyada tanınır. Tarixi İpək Yolunda yerləşən Azərbaycan ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyardır və ölkəmizdə multikulturalizm alternativi olmayan həyat tərzinə çevrilib. Azərbaycan, sözün həqiqi mənasında, dünyada tolerantlığa nümunə olan ölkədir. Bu, bütün dünyada qəbul olunur. Təsadüfi deyil ki, dünya dövlətləri Azərbaycanın bu sahədə öz təcrübəsini yaymasında maraqlıdır. Azərbaycan yüksək dəyərlərə sahib olan multikultural cəmiyyətdir. Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. Ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar. Bu dəyərlər insanları sülhə və dostluğa səsləyir. Azərbaycanın birinci vitse-prezidenti çıxışında Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı dövlət olduğunu bildirərək, qeyd edib ki, multikulturalizm, qarşılıqlı hörmət xalqımızın dünyagörüşünün və Azərbaycan hökumətinin dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycan torpağında müxtəlif konfessiyaların, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələri əsrlər boyu sülh və həmrəylik şəraitində yaşayıblar: “Ölkəmizin ərazisində yaşayan bütün xalqların bu mədəni müxtəlifliyi, heç şübhəsiz, bizim sərvətimizdir. Bu sözlər, bütünlüklə, rus pravoslav icmasına da aiddir. Bu gün Azərbaycanda Rus Pravoslav Kilsəsinə mənsub olan dindarların sayı 100 mindən çoxdur”.
Əminliklə vurğulaya bilərik ki, bu gün Azərbaycanda xristianlığın ayrı-ayrı cərəyanlarının icmaları sərbəst şəkildə fəaliyyət göstərir. Dünyada yəhudilərin azad şəkildə dini inanclarını icra etdiyi ölkələr içərisində Azərbaycan birinci yerdədir. Azərbaycan, demək olar ki, yəhudilərin İsraildən sonra ən azad dini icma şəklində fəaliyyət göstərdiyi bir ölkədir. Azərbaycanda 7 sinaqoq və 4 gürcü kilsəsi fəaliyyət göstərir. Hətta Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə baxmayaraq, Bakıda erməni kilsəsi qorunub-saxlanılır və bu gün də fəaliyyət göstərir. Təkcə elə bu fakt xalqımızın tolerantlığının bariz göstəricisidir. Bu gün multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı, bilavasitə, dövlət dəstəyindən qaynaqlanır.
“BİZ ÖZ KÖKLƏRİNƏ, ÖZ
ƏNƏNƏLƏRİNƏ, ÖZ TARİXİNƏ ÇOX HÖRMƏT EDƏN ÖLKƏYİK”
Bu gün Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir. Tolerantlığın məkanı, multikultural ənənələrə sadiq müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub-saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Ölkəmizin paytaxtında müntəzəm surətdə qarşılıqlı anlaşmaya və qarşılıqlı hörmətə nail olmağa yönəlmiş nüfuzlu beynəlxalq forumlar keçirildiyini diqqətə çatdıran Mehriban Əliyeva “2010-cu ildə bizim Vətənimizin paytaxtında Dünya Dini Liderlərinin Ümumdünya Sammiti keçirildiyini vurğulayıb: “2016-cı ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu baş tutdu. Bu il dekabrın 21-də “İslam Həmrəyliyi İli”nin yekunlarına həsr edilmiş konfrans keçirildi və bu konfransın mövzusu yenə də xalqlar arasında və müxtəlif dinlərin nümayəndələri arasında dialoqun qurulması idi. Fürsətdən istifadə edib, bu konfransa göndərdiyiniz məktuba və Rus Pravoslav Kilsəsinin yüksək səviyyədə təmsil olunmasına görə, Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Biz öz köklərinə, öz ənənələrinə, öz tarixinə çox hörmət edən ölkəyik. Lakin bununla bərabər, Azərbaycan dünyaya açıq ölkədir. Biz başqa dövlətlərlə, başqa ölkələrlə dostluq münasibətləri qurmaq istəyirik və bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq əsasında qurulur”.
Mehriban xanım Əliyeva Müasir Azərbaycanda böyük rus ədəbiyyatına və mədəniyyətinə tükənməz marağın olduğunu da diqqətə çatdırıb. Qeyd edib ki, məktəblərdə rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb və ölkəmizdə təhsil prosesinin tamamilə rus dilində olduğu 300 məktəb, hətta 300-dən çox məktəb fəaliyyət göstərir. Paytaxtda Azərbaycan Dövlət Rus Dram Teatrı və Slavyan Universiteti fəaliyyətdədir. Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filiallarının açılması meyli yaranıb, Lomonosov adına Moskva Dövlət Universitetinin filialı, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı çox uğurla fəaliyyət göstərir. Bütün bunların Azərbaycanla Rusiya arasında uğurlu əməkdaşlığına nümunə olduğunu bildirib.
Bütün dünyada, eləcə də, islam dünyasında böyük hörmətə, nüfuza malik olan Azərbaycan birgəyaşayışa, qarşılıqlı əməkdaşlığa töhfələrini verir, prinsipial və ədalətli mövqeyi ilə seçilir. Dostluğun möhkəmlənməsinə, insani dəyərlərə, sülh və əmin-amanlığa, üstünlük verərək, sülhsevər siyasətini dünyaya göstərir.
Nəzakət ƏLƏDDİNQIZI