PDF Oxu

Siyasət

  • 6 184

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Dekabrın 28-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.Daimi nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov xalqımızın birlik və mütəşəkkilliyinin, milli təəssübkeş və Vətənə sədaqətinin rəmzi olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə nümayəndəliyin kollektivini təbrik edib.

Bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının birlik, bərabərlik və bütövlük günüdür. Bu bayram müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.Bəxtiyar Əsgərov ulu öndər Heydər Əliyevin Azərbaycan tarixinə miras qoyduğu 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranma tarixindən danışıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin ən böyük arzularından biri dünyada yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyin formalaşdırılması idi. Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində, dünyanın bir çox ölkələrində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində böyük Azərbaycan torpağı dəfələrlə parçalanıb, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, bir-birindən ayrı düşüb. Vaxtilə iş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da vardır. Beləliklə də azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılıblar. Bu baxımdan həmrəylik günü xalqımızın birləşmək istəyinin nümunəsidir. 1991-ci il dekabrın 16-da ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunması haqqında qərar qəbul edib. Dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi dövlətimizin diqqət mərkəzində saxlanılıb. Görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən həmvətənlərimizin ümumi məqsəd, vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmiş hadisələrdəndir. Bu gün bütün dünya azərbaycanlıları üçün əziz olan 31 dekabr hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur.
Sonda Bəxtiyar Əsgərov bu bayramın yaranmasının məhz Naxçıvanla birbaşa bağlılığından, ulu öndər Heydər Əliyevin ideyalarının uğurla həyata keçirilməsindən, Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində dövlət müstəqilliyimizin hər il daha da möhkəmlənməsindən danışıb. Naxçıvan Muxtar Respublikasında Ali Məclisin sədri Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən silsilə tədbirlərdən bəhs edən Bəxtiyar Əsgərov qeyd edib ki, bu gün Naxçıvanda iqtisadi və sosial həyatın bütün sahələrində tərəqqiyə nail olunub, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib və bu işlər hazırda da davam etdirilməkdədir. Müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvanda abadlıq-quruculuq işlərinin əhatə dairəsinin genişləndirilməsi, Naxçıvan Muxtar Respublikasının daha da müasir görkəmə qovuşmasına zəmin yaradıb. İstifadəyə verilən yeni yollar, səhiyyə, təhsil və mədəniyyət müəssisələri, sənaye kompleksləri bu qədim diyarın inkişafında yeni mərhələnin əsasını qoyub. Bildirilib ki, günü-gündən daha sürətlə inkişaf edən müstəqil Azərbaycan isə bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzinə çevrilib. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz isə azərbaycançılıq amalı ətrafında milli birlik və həmrəylik nümayiş etdirərək, bütün qüvvə və bacarıqlarını ümummilli məqsədlər naminə səfərbər etməkdədirlər.
AZƏRTAC

Digər xəbərlər