PDF Oxu

Siyasət

  • 7 913

Mehriban xanım Əliyevanın xeyriyyəçilik əməlləri humanizm prinsiplərindən qaynaqlanır

Mehriban xanım Əliyevanın xeyriyyəçilik əməlləri humanizm prinsiplərindən qaynaqlanır

Mehriban Əliyeva: “Azərbaycan və Rusiya strateji tərəfdaşlardır və əlbəttə ki, bizim humanitar sahədə əməkdaşlığımız bu tərəfdaşlığın çox mühüm hissəsidir”
Müasir dövrümüzdə Ümummilli Lider Heydər Əliyevin müdrikliyinə əsaslanan həyat fəlsəfəsi, xalqa xidmət missiyası - ideyaları bir elm olaraq öyrənilir və geniş formada təbliğ olunur. Onun irsinin təbliğində adını daşıyan Heydər Əliyev Fondu, böyük missiyanın daşıyıcısı olaraq, bu istiqamətdə ardıcıl olaraq işlər görür.
Ümummilli Lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, Onun bütün nəsillərə örnək olan irsini təbliğ etmək məqsədi ilə fəaliyyətə başlayan Heydər Əliyev Fondu Azərbaycanın sosial inkişafına xidmət edən genişmiqyaslı proqram və layihələrin icraçısına çevrildi. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və məqsədyönlü fəalliyyəti nəticəsində, müxtəlif sahələri əhatə edən çoxsaylı layihələr reallaşdırılmış, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurulmuş, Bakıda bir sıra dövlətlərin iştirakı ilə möhtəşəm konfrans və festivalların keçirilməsinə müvəffəq olunmuşdur. Azərbaycan cəmiyyətində gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən təhsilin inkişafına yönəlmiş genişmiqyaslı proqram və layihələri qısa bir zaman məsafəsində böyük uğurlara səbəb oldu.

TOLERANTLIĞIN ÜNVANI - AZƏRBAYCAN

Heydər Əliyev Fondunun xüsusi diqqət yetirdiyi prioritet sahələrdən biri də ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasıdır. “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi əsasında 2006-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa işləri aparılıb. Dini abidələr bərpa edilərək, istifadəyə verilib. Qeyd olunan layihə çərçivəsində Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa işləri aparılıb. Layihənin digər tərkib hissəsi “Or-Avner” Beynəlxalq Fondu ilə birgə Bakıda yaşayan yəhudi uşaqları üçün 600 yerlik Təhsil Mərkəzi inşa olunub. Azərbaycanda məskunlaşan xalqların etnomədəni komponentlərinin inkişafına yönələn tədbirlərin həyata keçirilməsi istiqamətində də Azərbaycanda görülən işlər, məhz müasir dövrümüzdə dövlətin bütün millətdən olan insanlara diqqət və qayğı ilə yanaşmasının nəticəsidir. Fond tərəfindən Bakıdakı Müqəddəs Məryəm kilsəsi təmir və bərpa olunmuşdur.
Dünyada gedən qloballaşma prosesində milli-mənəvi dəyərlər qorunub-saxlanılır və milli özünüdərk, milli ideologiya və azərbaycançılıq məfkurəsi əsas aparıcı xətt olaraq təbliğ edilir. Bu prosesdə Heydər Əliyev Fondu, qeyri-hökumət qurum olaraq, əhəmiyyət kəsb edən layihələrə imza atır. Fond Azərbaycan tarixi və mədəni abidələri, xalçaçılıq sənəti, muğam sənəti və s. ətrafında təbliğat işləri aparır, dünyanı mədəni irsimizlə tanış edir və onun inkişafına çalışır. Avropa ailəsinin üzvü olan Azərbaycanın zəngin mədəniyyəti və tarixi irsi haqqında güclü təbliğat aparılır. Şərq və Qərb sivilizasiyalarının mədəni nailiyyətlərini uğurla sintez etmiş Azərbaycan mədəniyyətinin böyük və görkəmli xadimləri sayəsində, bu gün Azərbaycan bəşəriyyətin mədəni liderlərindən birinə çevrilib. Heydər Əliyev Fondunun Azərbaycan musiqisinə - muğamına olan diqqəti və təbliği sayəsində bu janr özünün yeni bir inkişaf mərhələsini yaşayır. Təsadüfi deyil ki, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Kanadada “İlahi Muza - Azərbaycan Muğamının Hamisi” adlı abidəsi qoyulub. Bu abidə elit mənzərəli Niagara on the Lake şəhərinin (Kanadanın birinci paytaxtı) təmtəraqlı malikanələrindən birini bəzəyir. Fondun gördüyü işlər qeyri-millətlərin nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. Belə ki, Azərbaycan muğamının dirçəldilməsi və onun beynəlxalq səviyyədə geniş təbliğ edilməsi, habelə, bütün dünyada sülh naminə sivilizasiyaların dialoqunun səmərəli inkişafı və möhkəmlənməsi, dünya mədəniyyətlərinin bir-birinə yaxınlaşması və qarşılıqlı nüfuz etməsi Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Azərbaycan musiqisi, onun təsviri sənəti, nadir qədim muğam minlərlə avropalını bənzərsiz bədii gözəlliyi və mənəvi kamilliyi, habelə, fəlsəfi məzmununun dərinliyi ilə fəth edir. Bir-birinin ardınca Azərbaycanın mənəvi incilərinin Dünya Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması da Mehriban Əliyevanın adı ilə bağlıdır.

MESENATLIQ,
XEYRİYYƏÇİLİK
FƏALİYYƏTİ,
SOSİAL- MƏDƏNİ
LAYİHƏLƏRİN MƏNTİQİ

Qeyd edək ki, Mehriban xanım Əliyevanın beynəlxalq səviyyədə gördüyü işlər cavabsız qalmamış, dünya dövlətləri, nüfuzlu təşkilatlar tərəfindən müxtəlif adlara və mükafatlara layiq görülmüşdür. Onun hər bir uğuru Azərbaycanın nailiyyəti və yüksəkliyidir. O, 2004-cü ildən Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub-saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə, YUNESKO-nun Xoşməramlı Səfiri adını daşıyır. 2005-ci ildə Mehriban xanım Əliyeva “İlin Qadını” seçilib. 2005-ci ildə ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə, Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə, sivilizasiyalararası dialoq da daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, təhsilə, həmçinin, islam aləmində görülən işlərə böyük dəstəyinə görə, İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görülüb. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə, “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülməsi Onun dünya miqyasında əməllərinin, birmənalı olaraq, qiymətləndirilməsini əyani olaraq təsdiqləyir. Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə, Mehriban xanım Əliyeva Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edildi. Bir il sonra isə, Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə, Fransa Respublikası Prezidentinin Sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edildi. Elə həmin il uğur Onu müşayiət etdiyindən, YUNESKO-nun “Qızıl Motsart” medalı Mehriban xanım Əliyevaya təqdim olundu. Mehriban xanım Əliyeva Türk Dünyası Mədəni İrsinin zəngin parçası olan Azərbaycan Türklərinin Maddi və Qeyri-Maddi Mədəniyyət Abidələrinin Qorunması və Təbliği sahəsində böyük xidmətlərinə görə TÜRKSAV-ın “Türk dünyasına xidmət” mükafatına layiq görülüb. Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə, “Heydər Əliyev Mükafatı” ilə təltif edilib. Bütün bunlar Mehriban xanımın Azərbaycan xalqı qarşısında xidmətlərinə olan mükafat və qiymətdir. Türkiyənin nüfuzlu iqtisadiyyat və iş dünyası nəşri olan “Ekovitrin” jurnalının keçirdiyi sorğunun nəticələrinə görə, Azərbaycanın Birinci Xanımı 2011-ci ilin yekunları üzrə “İlin Birinci Xanımı” nominasiyasının qalibi oldu. “İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru” Diplomu və Xatirə nişanı ilə təltif edildi. Onu da vurğulayaq ki, ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə, Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülmüşdü. Daha sonra “İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru” Diplomu və Xatirə nişanı ilə təltif edilib.
Fəaliyyəti dövründə əldə etdiyi bu nailiyyətlər, fondun qeyri-hökumət təşkilatı olaraq, həyata keçirdiyi layihələri ilə təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə, böyük nüfuz qazandığını göstərir.
İctimai, mesenatlıq və xeyriyyəçilik əməlləri, xalqlar arasında dostluğun möhkəmlənməsi, sivilizasiyalararası dialoq da daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyət, qayğıya ehtiyacı olan uşaqlara, təhsilə diqqət və s. Mehriban Əliyevanın humanizm prinsiplərindən qaynaqlanır. Onu da vurğulayaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr arasında əməkdaşlığın inkişafında müstəsna xidmətləri ilə seçilir. Göründüyü kimi, dünyanın bütün ölkələrində fondun Azərbaycan həqiqətlərinin təqdimi istiqamətində gördüyü işlərə münasibət yüksəkdir. Dünyanın bir sıra nüfuzlu mükafatlarına layiq görülməsi də, elə bu bəşəri dəyərlərə münasibətinin və fəaliyyətinin nəticəsidir. Bu günlərdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilməsi də elə gördüyü işlərin nəticəsidir. Mehriban xanım Əliyevanı bu ordenlə Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə, habelə, Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə, Moskvanın və bütün Rusiyanın patriarxı Kirill təltif edib. Bu yüksək ordenlə kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlar təltif edilirlər. Mərasimdə çıxış edən Mehriban xanım Əliyeva bildirib ki, Azərbaycan öz köklərinə, öz ənənələrinə və öz tarixinə çox hörmət edən ölkədir. Lakin bununla bərabər, Azərbaycan dünyaya açıq ölkədir: “Biz başqa dövlətlərlə, başqa ölkələrlə dostluq münasibətləri qurmaq istəyirik və bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq əsasında qurulur. Azərbaycan və Rusiya strateji tərəfdaşlardır və əlbəttə ki, bizim humanitar sahədə əməkdaşlığımız bu tərəfdaşlığın çox mühüm hissəsidir”.
Mehriban Əliyeva qarşıya qoyduğu məqsədə doğru daim addımlayır. Özünü, özünün kimliyini gördüyü işlərlə təsdiqləyir və cahanda məxsusi dəyərlərini ortaya qoyaraq, öz həyat missiyasını gerçəkləşdirir, öz rolunu və obrazını yaradaraq, Azərbaycan tarixinə silinməz portret həkk edir. Gördüyü işlərində təvazökarlıq göstərir. “...Ömür boyu mənim həyat amalım belə olmuşdur ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə çarpdırmaq olmaz. İndi mən bundan, demək olar ki, məhrumam. Birinci xanım statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmirəm ki, o, ictimaiyyətin diqqətini cəlb etməsin. Bu isə özünü göstərməkdən tamamilə uzaq adam kimi mənə kifayət qədər çətin olur”. Mehriban Əliyeva, həqiqətən, kimliyini və böyüklüyünü bu dünyada gördüyü işlərlə reallaşdırır. Həyat və vəzifə missiyası bir etalon olaraq cəmiyyətə təqdim olunur. Bu təqdimatda Azərbaycan və onun inkişafı dayanır.
Azərbaycanın çiçəklənməsinin və beynəlxalq nüfuzunun artmasına böyük töhfələr verən Mehriban Əliyevanın gələcək fəaliyyətinin əsasında da qeyd etdiyimiz məsələlərin daha da geniş bir planda və layihələr əsasında həyata keçirilməsi dayanır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər