PDF Oxu

Siyasət

  • 7 818

Xankəndi şəhərinin işğalından 26 il ötür

Xankəndi şəhərinin işğalından 26 il ötür

Kərkicahan qəsəbəsinin ələ keçirilməsi ilə Xankəndinin işğalı başa çatdırılıb

Bu gün Azərbaycanın Xankəndi şəhəri və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik olan Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalından 26 il ötür. 1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılıb. İşğal gününə qədər Xankəndi ərazi vahidliyinin tərkib hissəsi olan Kərkicahanın müdafiəsi, kənd sakinlərindən yerli özünümüdafiə dəstələrindən, yeni yaranmış olan polis və Milli Ordunun bir qrup əsgərləri tərəfindən təşkil olunub.
Xankəndi istiqamətindən Kərkicahana doğru hücuma keçən erməni silahlılarının istifadəsində olan hərbi texnika və ağır silahların qarşısında bu cür müdafiə dəstələri, son nəticədə, geri çəkilməyə məcbur olublar. Özünümüdafiə dəstələrinin bir müddət erməni silahlılarının hücumlarının qarşısını almaları nəticəsində dinc əhali qəsəbədən çıxarılıb. İşğaldan əvvəl əhali 350 ailə təsərrüfatı nəzdində 1796 nəfər təşkil edib. İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, on dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyektləri dağıdılıb. Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid olub, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Şəhid olanlardan 3 nəfər qadın, 2 nəfər isə azyaşlı uşaq olub.
Qeyd edək ki, ölkəmiz təcavüzkar Ermənistanın işğalçılıq siyasəti nəticəsində, 1 milyondan çox soydaşlarımız öz doğma yurd-yuvalarından qaçqın düşsələr də, Azərbaycan dövləti bu insanları ağrı-acıları ilə tək qoymadı, onları düşdükləri ağır vəziyyətdən qurtarmaq üçün tədbirlər həyata keçirməyə başladı. Bütün qaçqın və məcburi köçkünlərin problemini ölkənin əsas problemi elan edən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlərə start verildi, çadır şəhərciklərinin ləğvinə başlanıldı, qaçqın və məcburi köçkünlər üçün bütün şəraiti olan yeni qəsəbələr salındı. Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu sahədə tədbirlər həyata keçirilir.
Cənab İlham Əliyevin Prezident kimi imzaladığı ilk sərəncamlarından biri 2004-cü ildə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı ilə bağlıdır. Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkünlərin sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir. Təqdirəlayiq haldır ki, bu gün ölkədəki bütün qaçqın və məcburi köçkünlər dövlətin təminatındadır, onların problemlərinin həlli isə dövlət rəhbərliyinin gündəlik diqqət mərkəzindədir. Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirən Prezident İlham Əliyev tərəfindən 2003-2017-ci illərdə 50-dən arıq Fərman və Sərəncam imzalanıb. 2007-ci ildə ölkədə qaçqın və məcburi köçkünlər üçün salınan 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində, qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Statistik rəqəmlərə diqqət etsək, görərik ki, qaçqın və məcburi köçkünlər arasında yoxsulluğun səviyyəsi 75 faizdən 12 faizə enib. Bölgələrdə məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb, 250 min köçkün yeni mənzillə təmin olunub, salınan müasir qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa edilib. Bakı şəhərində və Abşeron rayonu ərazisində də 3 qəsəbə, 9 məhəllə salınıb, 6500 ailə və 29 min nəfər yeni mənzillərə köçürülüb. Bu qəsəbələr bütün lazımi infrastrukturla təmin olunub. İndiyədək 50 mindən çox ailənin və ya 250 mindən çox qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət göstərir. Belə ki, bu ilin mayında Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən "Ümid Yaşayış Kompleksi"nin təməli qoyulub. Abşeron rayonunun Masazır, Mehdiabad, o cümlədən, Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilib. Bu yaxınlarda isə, 1170 məcburi köçkün ailəsi üçün Tərtər rayonunda inşa olunan dördmərtəbəli 34 yaşayış binasının açılışı oldu. Bu, sayca 97-ci qəsəbə idi ki, Azərbaycan dövləti köçkünlər üçün istifadəyə verdi.
Məcburi köçkünlər dövlət qayğısı ilə əhatə olunublar, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm tədbirlər görülüb. Lakin bu diqqət onların doğma ocaqlarına qayıtmaq arzularını unutdurmayıb, öz dədə-baba yurdlarına qayıtmaq ümidlərini daha da artırıb. Onlar Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal olunan torpaqlarımızın geri qaytarılacağına inanır və qələbə uğrunda savaşa hər an hazır olduqlarını bildirirlər.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər