PDF Oxu

Siyasət

  • 4 738

Milli Məclisin 2017-ci ildə son iclası keçirilib

Milli Məclisin 2017-ci ildə son iclası keçirilib

Dekabrın 29-da Milli Məclisin 2017-ci il payız sessiyasında son iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclası Milli Məclisin sədri Oqtay Əsədov aparıb.
Gündəliyin təsdiqindən sonra deputatlar Fazil Mustafa, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Zahid Oruc, Qənirə Paşayeva, Rasim Musabəyov, Əflatun Amaşov, Aytən Mustafazadə, Tahir Kərimli, Fuad Muradov, Musa Qasımlı, Hikmət Məmmədov, İlham Əliyev ölkə gündəmindəki vacib məsələlərlə bağlı fikirlərini bildiriblər. Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.
Əvvəlcə hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi haqqında məsələ ilə əlaqədar məlumat verib. Bildirilib ki, ölkə Prezidenti tərəfindən Konstitusiyaya müvafiq olaraq Qabil Neymət oğlu Məmmədovun Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi təqdim edilir. Komitə sədri fikirlərini bildirdikdən sonra namizədin təqdimatı təsdiqlənib.
Sonra parlament sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Milli Məclisin 2002-ci il 15 noyabr tarixli Qərarında dəyişikliklər edilməsi barədə sənədi təqdim edib. Birinci vitse-spiker bildirib ki, qərara təklif olunan dəyişiklik ölkəmizdə keçirilmiş sonuncu referendum nəticəsində Konstitusiyaya edilmiş dəyişikliklərlə bağlıdır. Vitse-spiker sənəddə aparılan redaktə xarakterli dəyişiklikləri şərh edib. Sənəd səsə qoyularaq qəbul edilib.
Ziyafət Əsgərov “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Birinci vitse-spiker bildirib ki, hazırda qüvvədə olan qanun 1991-ci ildə qəbul olunub. Yeni qanun layihəsinin qəbul olunması zərurəti isə ölkəmizdə keçirilmiş sonuncu referendum nəticəsində Konstitusiyaya edilmiş dəyişikliklərdən sonra yaranıb. Bu sənəd Silahlı Qüvvələrimizin hüquqi bazasının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Qanun layihəsi çərçivə xarakterlidir və ümumi prinsipləri müəyyən edir. Ziyafət Əsgərov sənədin əvvəlki oxunuşlarda müzakirəsindən sonra aparılan dəyişiklikləri diqqətə çatdırıb. Qanun layihəsi səsvermə yolu ilə təsdiqlənib. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin təsdiq edilməsi barədə” qanun layihəsini təqdim edib. O, sənədin əhəmiyyəti və qardaş ölkələrlə strateji əlaqələrin genişləndirilməsi sahəsində görülən işlərdən danışıb. Deputatlar Bəyannaməni səsvermə yolu ilə təsdiqlədilər. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə sənədlə əlaqədar məlumat verib. Saziş səsə qoyularaq qəbul edilib. Sonra aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Azərbaycan və Türkmənistan Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Komitə sədri hazırda dünyada ətraf mühitin qorunması, bitki və heyvan sağlamlığının mühafizəsi sahəsində görülən işlərə dəstək olaraq belə bir sənədin qəbul edilməsinin zəruriliyini vurğulayıb. Sənəd səsə qoyularaq təsdiqlənib.
Birinci vitse-spiker Ziyafət Əsgərov “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Sənədlə bağlı məlumatda bildirilib ki, qanun layihəsi 18 maddədən ibarətdir. Sazişdə hər iki tərəflə əməkdaşlıq edəcək orqanların adları, əməkdaşlığın formaları, yardımın növləri və digər məsələlər öz əksini tapır. Saziş müddətsiz olaraq bağlanılıb. Qanun layihəsi səsvermə yolu ilə təsdiq edilib.
Sonra regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə sənədləri birlikdə şərh edib. Qeyd olunub ki, hər iki sənəddə dəfn mərasimləri ilə əlaqədar bələdiyyələrin vəzifələri müəyyənləşdirilir. Sənəddə qəbiristanlıqların salınması və idarə olunmasında bələdiyyələrin üzərinə düşən vəzifələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməsini təmin etmək məqsədilə bəzi dəyişikliklər edilib. Bildirilib ki, qanunun 7.2-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən qəbiristanlıqların yerləşdiyi bələdiyyə torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında sənədlə bağlı məlumat verib. Qeyd edilib ki, qanunvericiliyin dəqiqləşdirilməsi, gömrük nəzarəti zamanı şəxsi yoxlamanın (videoçəkilişdən istifadə etməklə şəxsi yoxlamanın aparılması) ilə bağlı məsələləri tənzimləmək məqsədilə hazırlanıb. Qanunla bağlı hal şahidlərinin iştirakı yalnız şəxsi yoxlama zamanı videoçəkilişdən istifadə edilmədiyi hallarda məcburi olacaq. Eyni zamanda, şəxsi yoxlama zamanı şəxsin soyundurulması zərurəti yarandığı hallarda videoçəkilişdən istifadəyə yol verilməyəcək. Müzakirələrdən sonra sənəd səsvermə yolu ilə təsdiqlənib.
Sonra Ziyad Səmədzadə “Sahibkarlıq fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi şərh edib. Qeyd olunub ki, qanun layihəsi sahibkarlıq subyektlərinə dövlət dəstəyi və güzəştlərin tətbiqinin səmərəliliyini artırmaq üçün onların mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri üzrə təsnifləşdirilməsi məqsədilə hazırlanıb. Sənəd səsvermə yolu ilə təsdiqlənib.
Sonra əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Turizm haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi şərh edib. Komitə sədri bildirib ki, sənəddə aparılan dəyişiklik Miqrasiya Məcəlləsinə uyğunlaşdırma xarakteri daşıyır. Qanunun 7.1-ci (Turizm vizası) maddəsinə edilmiş əlavəyə əsasən, elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü müddətində baxılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir. Bəndə edilən əlavəyə əsasən, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə buna ən geci 3 saat müddətində baxılacaq. Komitə sədri yeni əlavənin çox əhəmiyyətli və vacib olduğunu vurğulayıb, dəyişikliyin turizmin inkişafına, bu sahənin daha da təkmilləşdirilməsinə xidmət edəcəyini qeyd edib. Bildirilib ki, bu yenilik əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəyə gəliş-gedişini asanlaşdırmış olacaq. Sənəd səsə qoyularaq təsdiqlənib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında sənədlə bağlı danışarkən bildirib ki, təklif olunan dəyişikliklər əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəyə gediş-gəlişi zamanı çoxdəfəlik vizaların verilməsini vahid elektron portalın vasitəsilə sürətləndirmək xarakteri daşıyır. Qeyd edilib ki, sənəddə bunun üçün 90 gün müddət nəzərdə tutulur. Sənəd səsə qoyularaq təsdiqlənib. Sonra Əli Hüseynli “Yol hərəkəti haqqında” Qanunda təklif olunan dəyişiklikləri şərh edərkən bildirib ki, bu, ötən il qəbul edilmiş “Avtomobil yolları haqqında” Qanuna edilmiş dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır. Dəyişikliklər redaktə xarakterlidir. Bu sənəd də səsə qoyularaq təsdiq edilib.
Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində edilən dəyişiklikləri də diqqətə çatdırıb. Qeyd edilib ki, sənəddəki dəyişikliklər texniki xarakterlidir. Sənəd səsvermə yolu ilə təsdiq edilib. İclasda deputat Məlahət İbrahimqızı “Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti”nin mətnini oxuyub. Müraciət təsdiq edilib. İclasın sonunda Milli Məclisin sədri Oqtay Əsədov 2017-ci il payız sessiyasının sona çatması ilə əlaqədar yekun çıxış edib. Daha sonra spiker Milli Məclisin payız sessiyasını bağlı elan edib. Dövlət himni səsləndirildikdən sonra Milli Məclisin payız sessiyası öz işini başa çatdırıb.

Digər xəbərlər