Ölkəmizdə baş verən ictimai-siyasi və mədəni proseslərin gedişində daim milli dövlətçilik mövqeyindən çıxış edərək, Azərbaycan əhalisinin sağlamlığı, xoşbəxtliyi, firavanlığı, sülh və əmin-amanlığın müdafiəsinə töhfələrini verən Azərbaycanın Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyeva, qısa bir zamanda, fəaliyyəti ilə dünyada tanındı, Azərbaycanı tanıtdı. Azərbaycan üçün gördüyü işlər yaşadığımız qloballaşma dövründə, Azərbaycanın dünyaya inteqrasiya etdiyi bir zamanda, əhəmiyyət kəsb etdi. Ölkəmizin milli-mənəvi dəyərlərin üzə çıxarılması, Azərbaycanın bir dövlət olaraq məxsusisiliyinin dünyəviləşməsi istiqamətində fondun həyata keçirdiyi işlər tarixin bu günü üçün deyil, zamanın axarında əsrlərin yaddaşıda iz buraxacaq hadisələlərə bağlıdır.
Heydər Əliyev Fondunun bu günə qədər həyata keçirdiyi irimiqyaslı layihələrin hər biri humanizm prinsiplərinə söykənərək, xalqın sosial rifahının yüksəlməsinə yönəlib. Müxtəlif yaşda olan insanlara qayğı fondun əsas fəaliyyət istiqamətini təşkil edir. “Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan cəmiyyətinin müdafiəyə ən çox ehtiyacı olan üzvlərinə, uşaq evləri və internatlardakı uşaqlara və yeniyetmələrə, qaçqın və məcburi köçkün uşaqlarına, habelə, müxtəlif xəstəliklərə mübtəla olan uşaqlara yardım göstərilməsi ilə bağlıdır”,- deyir Mehriban xanım Əliyeva. Görülən işlər Mehriban xanım Əliyevanın mənəvi tələbatından irəli gəlir. İnsanlara yadım etmək, kimsəsizə əl tutmaq prinsipi ilə yaşayan Mehriban xanım Əliyeva respublikanın işıqlı gələcəyi üçün böyük işlər görür. “Dünyada nəyi dəyişmək istərdiniz?” sualına “Dünyanı dəyişmək istəyim yoxdur. Mənə özümün dəyişməyim, ən yaxşı olmaq maraqlıdır. Fikrimcə, məşğuliyyət daha faydalıdır”, - deyə cavab verir. Fəaliyyəti ilə mərhəmətini, sadəliyini, insanlara sevgisini ifadə edən Mehriban Əliyeva “İstərdim ki, mərhəmətlilik insanlara, peşə fəaliyyətindən asılı olmayaraq, xas olsun”, - deməklə istənilən bir insanın ən ali keyfiyyətləri sırasında mərhəmətin olmasını arzulayır.
Azərbaycan cəmiyyətində gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən təhsilin inkişafına yönəlmiş genişmiqyaslı proqram və layihələri qısa bir zaman məsafəsində, böyük uğurlara səbəb oldu. “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində respublika üzrə uşaq müəssisələri əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqla təchiz olunmuş, əlavə yardımçı binalar tikilmiş və kommunal şərait yaxşılaşdırılmışdır. Azərbaycan Birinci Xanımının təşəbbüsü ilə uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün Bakının Nizami rayonunda 50 mənzilli yaşayış binası tikilib istifadəyə verilmişdir.
DİNLƏR VƏ MƏDƏNİYYƏTLƏRARASI DİALOQUN PARLAQ NÜMUNƏLƏRİ TARİXƏ YAZILIB
Azərbaycanda bütün dövrlərdə ictimai-siyasi quruluşdan asılı olmayaraq, müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıblar. Bu gün də belədir. Müasir dünyamızda çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu, ən böyük sərvətlərdən biridir. Təsadüfi deyildir ki, son illər mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa töhfələrini verir. Müasir dövrümüzdə Heydər Əliyev Fondu, nəinki Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına böyük əhəmiyyət verir. Fondun layihələrindən olan “Azərbaycan - tolerantlığın ünvanı” layihəsi çərçivəsində Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpası Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə bir daha ehtiva edir. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombaların bərpasında əhəmiyyətili işlərə imza atmışdır. Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və bu addım dinlər və mədəniyyətlərarası dialoqun daha bir parlaq nümunəsi olaraq tarixə yazıldı. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirmiş oldu. Heydər Əliyev Fondunun Fransanın Orn Departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etməsi də “Azərbaycan - tolerantlığın ünvanı” layihəsi çərçivəsində reallığa çevrilib.
ÖLKƏMİZDƏ KEÇİRİLƏN BÜTÜN TƏDBİRLƏR YÜKSƏK TƏŞKİLATÇILIQ SƏVİYYƏSİ VƏ KEYFİYYƏT STANDARTI İLƏ SEÇİLİR
Ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsi, sosial inkişafı bütün sahələrdə böyük nailiyyətlərin əldə olunmasına ciddi zəmin yaradıb. Ölkə başçısı İlham Əliyevin ardıcıl olaraq, həyatın bütün sahələrinin inkişafı üzrə həyata keçirdiyi islahatlar, qəbul olunmuş dövlət proqramları Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri arasında özünə layiqli yer tapmasına şərait yaradıb. Azərbaycanın sürətli inkişafı öləmizdə idman hərakatının daha geniş vüsüt almasına səbəb olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun olaraq, idman ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ölkəmizdə dövlət səviyyəsində idmana və Olimpiya hərəkatının inkişafına göstərilən diqqət və qayğının nümunəsinin nəticəsidir ki, Birinci Avropa Oyunları Bakıda keçirildi. Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın Avropanın həyatında baş verəcək ilk belə hadisəyə ev sahibliyi etməsi həm də ölkəmizin idman sahəsində son illərdə qazandığı uğurlardan qaynaqlanırdı. İlk Avropa Oyunlarının Təşkilat Komitəsinə Mehriban Əliyevanın sədr təyin edilməsi artıq hər şeyi demiş oldu.
Təşkilatçılıq bacarığı ilə seçilən Azərbaycanın Birinci Xanımının rəhbərliyi ilə indiyə qədər keçirilən bütün tədbirlər yüksək təşkilatçılıq səviyyəsi və keyfiyyət standartı ilə seçilib. Azərbaycan ictimaiyyəti və beynəlxaq təşkilatlar, xarici qonaqlar “Eurovision-2012” yarışmasında bu təşkilatçılıq bacarığının hansı səviyyədə olmasının şahidi oldular. Məhz Azərbaycan dövlətinin iradəsi, Mehriban xanım Əliyevanın təşkilatçılıq qabiliyyəti sayəsində “Eurovision” tarixində yeni keyfiyyət standartı müəyyən edildi və ölkəmiz böyük miqyaslı yarışı ən yüksək səviyyədə keçirməklə nüfuz qazandı. Mehriban Əliyeva üzərinə düşən öhdəliyi böyük məsuliyyətlə yerinə yetirdi. Hər işdə peşəkar olduğun bir daha göstərdi. 2017-ci ildə isə paytaxtımızda keçirilən İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə Mehriban Xanım Əliyevanın sədrlik etməsi də, əlbəttə ki, IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ilin ən böyük idman hadisəsi olduğuna şübhə yaratmadı.
“HƏR BİR CƏMİYYƏTDƏ MƏRHƏMƏT, İNSANPƏRVƏRLİK, QAYĞI KİMİ HİSSLƏR ƏSAS YER TUTMALIDIR”
Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyevanın Milli Məclisin deputatı olduğu illərdə amnistiya təşəbbüsləri də cəmiyyətimizdə geniş rezonans doğurub və bu, Mehriban xanımın humanizm prinsiplərnə sadiqliyini təsdiq etmiş oldu. Milli Məclisdəki fəaliyyəti dövründə Mehriban xanım Əliyeva humanizm prinsiplərinə sadiqliyini dəfələrlə sübut etmişdir. Onun təşəbbüsü ilə hazırlanmış Amnistiya Aktları 2007, 2009, 2013 və 2016-cı illərdə Milli Məclis tərəfindən qəbul olunmuş, nəticədə, minlərlə məhkum müxtəlif növ cəzalardan azad edilmişdir. “Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki, həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti, məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir”, - deyir Mehriban xanım Əliyeva. Onun simasında Azərbaycan qadını, ilk dəfə olaraq, humanist dəyərləri mənəvi kamilliyin əsas meyarı kimi önə çıxarır, ədalətli cəmiyyətin bərqərar edilməsinin zəruri şərtlərini müəyyən edir. Beləliklə, Azərbaycanın qadın hərəkatında güclü dövlət, ədalətli cəmiyyət və azad qadın anlayışı bir-birinə möhkəm tellərlə bağlanaraq, sosial-mədəni inkişafımıza töhfələr verir.
AZƏRBAYCANIN MADDİ VƏ MƏNƏVİ İRSİ YUNESKO-NUN NADİR ƏSƏRLƏRİ SIRASINDADIR
Bu gün Azərbaycanla YUNESKO arasında əlaqələr davamlı şəkildə həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun apardığı məqsədyönlü fəaliyyətini xüsusi qeyd etməliyik. Azərbaycanın maddi və mənəvi irsinin YUNESKO-nun nadir əsərləri sırasına daxil edilməsi beynəlxalq əməkdaşlığın əsas göstəriciləridir. Belə ki, hazırda muğam ifaçılığı sənəti, Azərbaycan aşıq sənəti, Novruz Bayramı, Azərbaycan xalçası, Tar ifaçılığı sənəti, “Kəlağayı simvolizmi və ənənəvi sənəti” və s. YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, Çövkən-Qarabağ Atüstü Oyun ənənəsi isə YUNESKO-nun təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alması Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davamlığını diqqətə çatdırır. Sözsüz ki, sadaladığımız nadir irsin bu siyahıya daxil edilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci Xanımı, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyevanın rolu xüsusidir.
Bu ilin yadda qalan hadisələrindən biri olan Cənubi Koreya Respublikasının Jeju adasında YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyasında Azərbaycanın təqdim etdiyi “Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi” YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi.
Göründüyü kimi, YUNESKO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna rolu var.
XALQIMIZIN MİN İLLƏR BOYU YARATDIĞI MADDİ-MƏNƏVİ DƏYƏRLƏRİ DÜNYADA TANIDILIR
Heydər Əliyev Fondunun fəaliyyət göstərdiyi sahələrdən biri də elm və texnologiyadır. Azərbaycan həqiqətlərinin internet şəbəkəsi vasitəsilə dünyaya yayılması və xalqımızın min illər boyu yaratdığı maddi-mənəvi dəyərlərin dünyaya tanıdılması məqsədi ilə fond tərəfindən materialların həcminə, zənginliyinə və əhatəliliyinə, habelə, istifadə olunmuş internet texnologiyalarına görə ölkəmizdə analoqu olmayan “Azərbaycan” internet portalı yaradılıb. Azərbaycan, ingilis və rus dillərində tərtib olunan “Azərbaycan” portalı ölkəmizin beynəlxalq aləmdə təbliği işinə, dünyada Azərbaycan haqqında tam, həqiqi və dolğun təsəvvür yaradılmasına böyük kömək göstərir. Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən müxtəlif saytlar və multimedia diskləri hazırlanıb.
Azərbaycan haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmağa önəm verən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş layihələr sırasında “Qarabağ həqiqətləri” bukletlər toplusunun nəşri xüsusi əhəmiyyətə malikdir. Qarabağın tarixi, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin başlanması, onun nəticəsində ölkəmizə dəyən ziyan, Xocalı faciəsi, ermənilərin dünyanın müxtəlif ölkələrində törətdiyi terror aktları haqqında faktları əks etdirən və ingilis, fransız, alman, rus, macar dillərində nəşr olunmuş bukletlər indiyədək bir çox xarici ölkələrdə yayılmışdır. “Müharibə və tarixi-mədəniyyət abidələrimiz” kitabında Azərbaycanın işğal olunmuş ərazilərindəki ziyarətgahlar və digər tarixi-mədəniyyət abidələri haqqında ətraflı məlumat verilir.
“Qarabağ həqiqətləri” silsiləsinin davamı olaraq Heydər Əliyev Fondu Ermənistanın Azərbaycan mədəniyyətinə, maddi-mənəvi irsimizə qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi vandalizm siyasətindən və onun acı nəticələrindən bəhs edən “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabını ingilis dilində nəşr etdirib. Kitaba işğal olunmuş rayonlarımızdakı mədəni sərvətlərimizin siyahısı, xəritələr, habelə Ermənistan ərazisində və işğal altındakı bölgələrimizdəki tarixi və mədəniyyət abidələrimizin əvvəlki və indiki vəziyyətini əks etdirən videomateriallar əlavə olunub.
Mehriban Əliyeva azərbaycançılıq ideyalarının çarçısı olaraq Azərbaycandan kənarda da amalını gerçəkləşdirmək yönümündə irimiqyaslı layihələri ilə çıxış edir. Onun böyük təşəbbüsü ilə müasir dövrümüzdə fondun ABŞ, Rusiya Federasiyası, Rumıniya və Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir. Sözsüz ki, bu cür dövlətlərdə nümayəndəliklərin yaranması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətlidir. Xüsusən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmasında, birmənalı olaraq, fəaliyyətini davam etdirir. Bildiyimiz kimi, hər il dünyanın bir sıra böyük şəhərlərində - Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Paris, Praqa, Vaşinqton, Nyu-York, Varşava, London, Haaqa, Dubay, Kiyev, Tbilisi və başqa ölkələrdə Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyalar həyata keçirilir ki, bunların hər birində təşəbbüskar Heydər Əliyev Fondudur.
Azərbaycanın Birinci Xanımının humanist prinsipləri, insanların taleyinə olan isti münasibəti çoxşaxəli fəaliiyyətində özünü göstərir. Bəli, bu gün Mehriban xanım Əliyeva milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verir. Azərbaycanın Birinci Xanımının Azərbaycan üçün gördüyü işlər ölkəmizin ictimai-siyasi və mədəni həyatında danılmaz amillərdir.
NƏZAKƏT ƏLƏDDİNQIZI