Mehriban Əliyeva: “...Bizim həyata keçirdiyimiz hər bir layihə, ilk növbədə, vətəndaşların maraqlarını qorumağa və köməyə ehtiyacı olan insanlara yardım etməyə yönəlib”
Beynəlxalq aləmdə ciddi mövqe qazanaraq qüdrətli dövlətə çevrilən Azərbaycanın bütün şəhər və rayonlarında abadlıq-quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir. Müasir Azərbaycanın istənilən sahəsində əldə edilən nailiyyətlər ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında özünü büruzə verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrası ölkəmizin sosial-iqtisadi inkişafına müsbət təsirini göstərib. Bu uğurların əldə olunmasında, mühüm layihələrin reallaşdırılmasında Heydər Əliyev Fondun da rolu müstəsnadır. Yarandığı zamandan ictimai həyatın bütün sahələrinə nüfuz edərək elm, təhsil və səhiyyə sahəsində həyata keçirdiyi layihələri, eləcə də humanizm, xeyriyyəçilik, və insansevərlik idealları böyük rəğbətlə qarşılanıb. Cəmiyyətin daha çox qayğıya ehtiyacı olan təbəqələrinə, valideyn himayəsindən məhrum olmuş uşaqlara, şəhid ailələri, qaçqın və məcburi köçkünlərə yönələn layihə və proqramlarını ardıcıl olaraq həyata keçirib.
“ÖLKƏMİZİN İCTİMAİ-SİYASİ, SOSİAL-MƏDƏNİ HƏYATINI ƏHATƏ EDƏN MÜHÜM LAYİHƏLƏRİN REALLAŞDIRILMASI İSTİQAMƏTİNDƏ UĞURLU NƏTİCƏLƏR ƏLDƏ EDİLMİŞDİR”
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2016-cı ilin fevral ayında təsis edilən “Regional İnkişaf” İctimai Birliyi də vətəndaş cəmiyyəti quruculuğunda əhəmiyyətli layihələr reallaşdırıb. Bölgələrdə yaşayan vətəndaşların üzləşdiyi problemlərin, yerli əhalini kompleks şəkildə narahat edən problemlərin aradan qaldırılması kimi məsələləri əsas məqsəd kimi qarşıya qoyaraq elm, təhsil, səhiyyə, mədəniyyət, sosial, idman, ekologiya, İKT və infrastruktur layihələri həyata keçirir. Qısa bir zaman məsafəsində insan kapitalının formalaşdırılması, əhalinin tibbi sağlamlığının mühafizəsi, sosial-məişət təminatının yaxşılaşdırılması istiqamətində müxtəlif səpgili tədbirlər həyata keçirib. İnsanların müxtəlif növ problemlərlə üzləşərək onların həlli üçün ayrı-ayrı qurumlara müraciət edən “Regional İnkişaf” İctimai Birliyi, məhz həmin problemləri aidiyyəti təşkilatlara çatdıran vasitəçi qurum kimi fəaliyyətini davam etdirir. Bu günlərdə “Regional İnkişaf” İctimai Birliyinin keçirdiyi Birinci Konfransda qeyd olunduğu kimi, İctimai Birlik rayon sakinlərindən yaşayış evlərinə kollektiv müraciət əsasında ilkin mərhələdə 105 evə dövlət reyestrindən çıxarış hazırlanaraq təqdim edilib. “Regional İnkişaf” İctimai Birliyi və Böyük Britaniyanın Azərbaycana Birgə Yardım Təşkilatı arasında əməkdaşlıq haqqında imzalanan memorandum çərçivəsində UAFA nümayəndələri Biləsuvar və Cəlilabad rayonlarında 300-dən çox aztəminatlı və sosial dəstəyə ehtiyacı olan ailədə görüşlər keçirib, onlara müxtəlif dövlət qurumlarının xidmətlərindən istifadəsinin genişləndirilməsi, ailə sahibkarlığının, davamlı kənd təsərrüfatı imkanlarının inkişaf etdirilməsi, müasir metodologiyalardan istifadə etməklə uşaqlara aid səhiyyə, təhsil, habelə, sosial xidmətlər şəbəkəsinin gücləndirilməsi istiqamətində təşkilati və hüquqi yardım göstərib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın konfrans iştirakçılarına ünvanladığı məktubda bildirilir ki, bizim həyata keçirdiyimiz hər bir layihə, ilk növbədə, vətəndaşların maraqlarını qorumağa və köməyə ehtiyacı olan insanlara yardım etməyə yönəlib: “Regional İnkişaf” İctimai Birliyini təsis edərkən əsas məqsədimiz dövlət qurumları, qeyri-hökumət təşkilatları, sahibkarlar və yerli əhali arasında konstruktiv əməkdaşlıq modeli yaradaq, insanları narahat edən problemlərin aradan qaldırılmasına nail olmaq idi. Düşünürəm ki, biz bunu bacardıq. Regionlarda ictimai nəzarətin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu, ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatını əhatə edən mühüm layihələrin reallaşdırılması istiqamətində uğurlu nəticələr əldə edilmişdir”.
Həqiqətən də, “Regional İnkişaf” İctimai Birliyi qısa bir vaxt ərizində regionların həyatında mühüm rol oynayıb. Birliyin müxtəlif regional mərkəzləri respublikanın şəhər və rayonlarında təşkilatın qarşıya qoyduğu vəzifələrdən irəli gələrək ayrı-ayrı sahələr üzrə təhlillər aparır. Əhali ilə sıx münasibətlərin qurulması, mövcud problemlərin aşkarlanması, müxtəlif sahələr üzrə birbaşa məlumatların əldə edilməsi məqsədilə vətəndaşlarla yerlərdə görüşlər keçirirlər. RİİB-in regionlarda ictimai nəzarətin həyata keçirilməsində, region sakinləri ilə dövlət və bələdiyyə orqanları arasında dialoqun inkişaf etdirilməsində göstərdiyi təşəbbüslər də diqqətəlayiqdir. İctimai Birliyin üzvləri və könüllülər sakinlərlə daima ünsiyyətdə olur. Təbii ki, bütün görülən işlər Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən qaynaqlanır.
Nəzakət ƏLƏDDİNQIZI