“Bu il keçiriləcək prezident seçkilərində ən real və qələbə qazanacaq namizəd ölkənin indiki Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevdir. O hakimiyyətdə olduğu müddətdə Azərbaycanın milli maraqlarını yüksək səviyyədə qorumuş, ölkəmizin daxili və xarici siyasətində uğurlu nəticələr əldə etmiş, ölkənin strategiya və taktikasını müasir tələblərə uyğun olaraq formalaşdıra bilmişdir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, ilk növbədə Azərbaycan bütün məsələlərdə özünün müstəqil dövlət kimi siyasətini yeridə bilir və heç bir halda ölkəmizin bu və ya digər məsələdə onun maraqlarına cavab vermirsə Azərbaycana hansısa bir prinsipi qəbul etdirmək mümkün deyil: “İkincisi, Azərbaycan dövlətçiliyi özünün əsas vəzifəsi kimi vətəndaşının hüquq və azadlıqlarının qorunmasını qəbul edir və ildən-ilə insanlarımızın sosial vəziyyəti yaxşılaşır. İnkişaf təkcə paytaxtda deyil, regionlarda da gedir. Bu gün Bakı ilə yanaşı artıq digər bölgələrimizdə də sənaye mərkəzləri fondu formalaşmağa başlayıb. Əvvəllər insanların sabaha inamı çox az idi. İnsanlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun durmadan artdığını gördülər. Azərbaycan hüquqi demokratik dövlət kimi özünün şərəfli tarixini yaza bilmişdir. Konstitusiyamıza vaxtaşırı edilən dəyişikliklər hüquqi dövlətin əsaslarını möhkəmləndirir. Eyni zamanda vətəndaşların hüquqlarını daha dəqiq şəkildə qoruya bilir. Cənab Prezidentimizin düşünülmüş daxili və xarici siyasəti bütün sahələrdə uğurlar gətirir. Onun strateji təfəkkürə malik olması, demokratik ruhlu bir siyasətçi olması, maraqlarımız məsələsində prinsipial mövqeyini müdafiə etməsi göz qabağındadır.Cənab Prezidentimizin siyasi nüfuzunu və reytinqini artıran məsələlərdən biri də Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində səy göstərməsidir. 2016-cı ilin aprel ayındakı hadisələr Azərbaycanın müdafiə qabiliyyətinin yüksəldiyini, cənab Prezidentimizin Ali Baş Komandan kimi üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirdiyini göstərir. Ölkə başçısı qəlbən Azərbaycana bağlıdır. Dövlət başçısı cəmiyyətə kifayət qədər açıqdır. Onun vaxtaşırı əhalinin müəyyən təbəqələri ilə görüşü hakimiyyət və cəmiyyət arasında möhkəm bir körpünün olduğunu göstərir. Ümumən götürdükdə Azərbaycan xalqı özünün dəyərli oğlu ilə fəxr edir və həmişə ona dəstək verməyə hazırdır”.
sia.az