“Sirr deyil ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri ölkədə sahibkarlığın inkişaf etdirilməsindən ibarətdir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyev sahibkarların bütün qayğılarına diqqətlə yanaşıb və onların ən yaxın dostu olduğunu bəyan edib: “Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son 14 ildə sahibkarlıq sektorunda davamlı islahatların həyata keçirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də, yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalı və digər sahələrlə bağlı sistemli tədbirlərin miqyası daha da genişlənib. Sahibkarların hüquqlarının müdafiəsi və sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması ilə bağlı qətiyyətli addımlar atılıb. Təsadüfi deyildir ki, zamanın tələblərinə uyğun olaraq aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması sahəsində görülən ardıcıl işlər, özəl sektorun inkişafına dövlət qayğısı nəticəsində sahibkarların sayı sürətlə artır, ən müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli müəssisələr açılır, ölkə iqtisadiyyatına investisiya qoyuluşu genişlənir. Azərbaycanın iş adamları dünyanın bir çox ölkələrində qarşılıqlı fayda əsasında işgüzar əlaqələr quraraq uğurla fəaliyyət göstərirlər”.“Elə ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədi ilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Sahibkarlar Günü”nün təsis edilməsi də dövlətin sahibkarlara olan diqqət və qayğısının bariz nümunəsidir” – deyə söyləyən Sədaqət Vəliyeva əlavə edib ki, Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətinin başlıca hədəflərini təşkil etməkdədir: “Azərbaycan Prezidentinin sahibkarlara olan yüksək münasibəti qarşılıqlı etimad və etibara söykənir. Dövlət başçısı sahibkarları iqtisadiyyatın lokomotivi hesab edərək milli inkişafın aktiv qüvvəsi kimi müasir çağırışlara hazır olmağa, mübariz, qətiyyətli, neqativ hallara qarşı barışmaz olmağa səsləyir”.
sia.az