PDF Oxu

Siyasət

  • 4 293

Azərbaycanda həyata keçirilən inkişaf siyasəti dünya birliyinin diqqət mərkəzindədir

Azərbaycanda həyata keçirilən inkişaf siyasəti dünya birliyinin diqqət mərkəzindədir

Prezident İlham Əliyev Davosda bir sıra mühüm görüşlər keçirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşüb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Məhəmməd Barkindo görüşdə dedi: “Biz Azərbaycanın OPEC və qeyri-OPEC ölkələrinin bir araya gətirilməsi və 2016-cı ilin dekabrında bununla bağlı tarixi qərarın qəbul edilməsində fəal liderlik rolunu yüksək qiymətləndiririk”.
Prezident İlham Əliyev, öz növbəsində, Məhəmməd Barkindonun OPEC-in baş katibi kimi fəaliyyətinin biznes ictimaiyyəti və ölkələrin gözləntilərinin reallaşmasında mühüm rol oynadığını vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın bundan sonra da OPEC ilə uğurlu əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə edərək Məhəmməd Barkindonu ölkəmizə səfərə dəvət etdi. OPEC-in baş katibi dəvəti minnətdarlıqla qəbul etdi.
Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, Azərbaycan ilə Gürcüstanın həyata keçirdiyi qlobal layihələrin əhəmiyyətindən danışıldı. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətinə toxunulan görüşdə TANAP layihəsinin uğurla icra olunduğu məmnunluqla qeyd edildi. Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “VTB Bank”ın prezidenti, idarə heyətinin sədri Andrey Kostin ilə görüşüb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Andrey Kostin Azərbaycanda fəaliyyətlərini inkişaf etdirmək əzmində olduqlarını vurğulayaraq kapitalın həcmini artırmağa maraq göstərdiklərini bildirdi. “VTB Bank”ın prezidenti qarşılıqlı investisiya imkanlarının öyrənilməsinin əhəmiyyətindən danışdı və Azərbaycan Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlıq etdiklərini vurğuladı. O, bu işlərdə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıq etdi.
Prezident İlham Əliyev ölkəmizin “VTB Bank” ilə əməkdaşlığının genişləndirilməsindən məmnunluğunu ifadə etdi, Azərbaycan Dövlət Neft Fondunun “VTB Bank”ın fəal səhmdarlarından biri olduğunu vurğuladı. Dövlətimizin başçısı Azərbaycan tərəfinin “VTB Bank” ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu dedi və bu əməkdaşlığın ölkəmizdə özəl sektorun fəaliyyətinin genişləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirdi.
Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “SUEZ GROUP” şirkətinin baş icraçı vitse-prezidenti və “MEDEF International”ın Fransa-Azərbaycan Biznes Şurasının sədri xanım Marie-Ange Debon ilə görüşüb. Xanım Marie-Ange Debon Prezident İlham Əliyevə “SUEZ GROUP”un Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verərək ölkəmizdəki tərəfdaşlarla çox uğurla əməkdaşlıq etdiklərini bildirdi. Gələcək planlar barədə danışan Marie-Ange Debon Prezident İlham Əliyevə su, kanalizasiya və yağış sularının aradan qaldırılması sahələrindəki yeni texnologiyalar barədə məlumat verdi.
Prezident İlham Əliyev “SUEZ GROUP”un gördüyü işlərdən məmnunluğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycanın gələcəkdə də “SUEZ GROUP”la əməkdaşlıq etməkdə maraqlı olduğunu qeyd etdi.
Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel ilə görüşü olub. Görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlərdən, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan uğurlu addımlardan danışıldı. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin prioritet istiqamətlərdən biri olduğu qeyd edildi və bu sahədə əldə olunan nailiyyətlərdən söhbət açıldı. “Microsoft” ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi və əməkdaşlığın perspektivləri müzakirə olundu.
Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xəlid Əl Falih ilə görüşü olub. Xəlid Əl Falih Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarını və rəğbət hissini dövlətimizin başçısına çatdırdı. O, Kralın Azərbaycan Prezidentinin bu yaxınlarda ona göndərdiyi məktubdan böyük məmnunluq hissi keçirdiyini bildirdi.
Prezident İlham Əliyev məktubunda Krala və Səudiyyə Ərəbistanına dərin hörmətini ifadə etdiyini, ölkələrimiz arasında tərəfdaşlıq və əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu vurğuladı. Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığın genişləndirilməsi üçün perspektivlərin, iqtisadi, enerji təhlükəsizliyi və ticarət sahələrində əməkdaşlıq üçün yaxşı imkanların mövcudluğunu bildirdi. Söhbət zamanı OPEC çərçivəsində əməkdaşlıqdan və SOCAR və “Saudi Ramko” şirkətləri arasında işbirliyindən danışıldı. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarına görə təşəkkür etdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş etdi.

Digər xəbərlər