Prezident İlham Əliyev Davosda bir sıra mühüm görüşlər keçirib
Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Lazard Freres” şirkətinin sədri və baş icraçı direktoru Metyu Piqas ilə görüşüb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Metyu Piqas “Lazard Freres” şirkətinin uzun illərdir Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirdi. O, gələcəkdə ölkəmizdə yeni biznes layihələrində iştirak edəcəklərinə ümidvar olduğunu vurğuladı.
Prezident İlham Əliyev “Lazard Freres” şirkətinin ölkəmizdəki fəaliyyətini müsbət qiymətləndirdi və onun Azərbaycanda gələcək fəaliyyətinin də uğurlu olacağına əminliyini ifadə etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda ABŞ-ın “Blackstone” şirkətinin həmtəsisçisi və icraçı direktoru Stiven Şvarzman ilə görüşüb. Stiven Şvarzman bir müddət bundan əvvəl Azərbaycanda səfərdə olduğunu, ölkəmizin tarixi və müasir simasının onda dərin təəssürat yaratdığını bildirdi. O, “Blackstone” şirkətinin Azərbaycan Dövlət Neft Fondu ilə əməkdaşlığının uğurlu olduğunu vurğuladı.
Prezident İlham Əliyev “Blackstone” şirkətinin ölkəmizlə əməkdaşlığını müsbət qiymətləndirdi. Görüşdə gələcək əməkdaşlığa dair məsələlər müzakirə olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda “IBM” şirkətinin baş icraçı direktoru xanım Cinni Rometti ilə görüşüb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, xanım Cinni Rometti Azərbaycan ilə əməkdaşlığın uğurlu olduğunu, “IBM” şirkətinin Cənubi Qafqaz regionunda ilk dəfə Azərbaycanda birgə müəssisə yaratdığını vurğuladı. Bunun da ölkəmizin coğrafi mövqeyi, uğurlu inkişafı və innovasiyaya yüksək qiymət verməsi ilə bağlı olduğunu deyən Cinni Rometti bu müəssisənin yaradılması ilə Azərbaycanda insan kapitalının daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev “IBM” şirkətinin ölkəmizdəki fəaliyyətinin uğurlu olduğunu, mövcud əməkdaşlığın gələcək əlaqələrin inkişafına töhfə verəcəyini vurğuladı.
Qeyd edək ki, “IBM” şirkətinin Azərbaycana yatırdığı investisiya nəticəsində yüksək ixtisaslı kadrlardan ibarət yeni iş yerləri açılacaq, SOCAR-”IBM” əməkdaşlığı nəticəsində ən müasir texnologiyalardan istifadəyə geniş imkan yaradılacaq, SOCAR-ın əməkdaşları müasir texnologiyalardan istifadə edərək bilik və bacarıqlarını təkmilləşdirəcəklər. Layihə üzərində 1500-dək işçi çalışacaq ki, bu da dünya səviyyəli mütəxəssislərin hazırlanmasına rəvac verəcək. Layihədə Bakı Ali Neft Məktəbinin, o cümlədən Azərbaycanın digər universitetlərinin iştirakı da təmin olunacaq. Bu layihənin icrası nəticəsində ölkəmizin regionda innovasiyaların tətbiqi sahəsində nüfuzu daha da artacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 24-də Davosda ABŞ-ın “Carlyle Group” şirkətinin həmtəsisçisi və icraçı direktoru Devid Rubinşteyn ilə görüşü olub. Görüşdə Azərbaycan Dövlət Neft Fondu ilə “Carlyle Group” arasında əməkdaşlığın yüksək səviyyədə olduğu bildirildi, əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulandı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşüb. Görüşdə “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı görülən işlər barədə fikir mübadiləsi aparıldı, bu ilin fevralında Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti toplantısının keçiriləcəyi qeyd olundu. Söhbət zamanı TANAP və TAP kəmərlərinin maliyyələşdirilməsi, TANAP qaz kəmərinin bu il ərzində istismara verilməsi, “Şahdəniz-2” yatağından ilk qazın hasil olunması ilə bağlı məsələlər müzakirə edildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan müqavilənin uzadılmasının əhəmiyyəti vurğulandı. Bu il “Şahdəniz-2” yatağından ilk qazın hasil olunacağı, TANAP kəmərinin istismara veriləcəyi bildirildi. Söhbət zamanı Azərbaycanda neft hasilatının perspektivləri ilə bağlı məsələlər müzakirə olundu. Prezident İlham Əliyev Robert Dadlini Bakıya səfərə dəvət etdi.
Yanvarın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə görüşü olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri məmnunluqla xatırlandı, səfərin nəticələrinin Azərbaycan-İsrail əlaqələrinin inkişafına yeni təkan verdiyi qeyd olundu. Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edildi, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı.