Yeni Azərbaycan Partiyasının (YAP) ilk rayon təşkilatı 1993-cü il yanvarın 23-də əbədiyaşar liderimiz Heydər Əliyevin iştirakı ilə Şərur rayonunda yaradılıb. Ulu Öndər təsis konfransındakı çıxışında torpaqlarımızın işğal olunduğu, iqtisadiyyatın get-gedə iflic vəziyyətinə düşdüyü, ölkənin parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir şəraitdə YAP-ın yaranmasının zərurət olduğunu bəyan etdi və təşkilat üzvlərinin bu ağır problemlərin tezliklə aradan qaldırılması üçün partiyanın fəaliyyətində yaxından iştirak edəcəklərinə əminliyini bildirdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şərur şəhərindəki “Bahar” kinoteatrında təşkil olunan yubiley tədbirində YAP Şərur rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev deyib.Əmir Babayev qeyd edib ki, həmin il havaların qarlı və şaxtalı olmasına baxmayaraq, ən ucqar kəndlərdən də partiyanın yüzlərlə təəssübkeşi Şərur şəhərindəki Mədəniyyət Sarayına toplaşmışdı. Bu, şərurluların dahi şəxsiyyətə olan sonsuz sevgisinin təzahürü idi.“Yarandığı ilk günlərdə YAP Şərur rayon təşkilatının 34 ərazi ilk təşkilatında 3 min nəfərə yaxın üzvü var idi ki, bunların da 12 faizini qadınlar, 17 faizini gənclər təşkil edirdi”, – deyən Əmir Babayev bildirib ki, hazırda rayon təşkilatı 87 ilk təşkilatda 10 min 424 nəfər partiya üzvünü birləşdirir. Onların 31 faizini gənclər, 29,5 faizini qadınlar təşkil edir. Ötən il YAP sıralarına 121 nəfər qəbul olunub ki, bunların da 63-ü qadın, 112-si isə gənclərdir. Partiya üzvləri, xüsusilə gənclər mühüm dövlət vəzifələrinə irəli çəkilir, ictimai təşkilatlarda təmsil olunurlar. YAP Şərur rayon təşkilatı üzvlərindən 6 nəfər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, 336-sı isə bələdiyyə üzvüdür.Məruzəçi vurğulayıb ki, partiyanın Şərur rayon təşkilatı öz fəaliyyətini YAP-ın 2013-cü ilin iyununda keçirilən V Qurultayı və Muxtar Respublika Təşkilatı Siyasi Şurasının 2017-ci il martın 16-da keçirilən iclasında qarşıya qoyulan vəzifələrin ardıcıl icrası istiqamətində qurub.YAP Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov çıxışında bildirib ki, 25 illik tarixə və böyük siyasi nüfuza malik YAP-ın əsasının Ulu Öndər tərəfindən doğma diyarımızda qoyulması hər birimiz üçün qürurvericidir. “Şərurda partiyanın rayon təşkilatının yaradılması isə həm də o zamankı Azərbaycan cəmiyyətinə önəmli bir siyasi mesaj idi. Rayon təşkilatının təsis konfransında partiyanın banisi, Ümummilli Liderimiz, o zamanlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan dahi şəxsiyyət Heydər Əliyevin iştirakı, burada yeni dövr üçün söylədiyi proqram xarakterli çıxışı, ölkənin düşdüyü mürəkkəb və ağır vəziyyətdən çıxış yolları barədə dəyərli fikirləri, heç şübhəsiz, rayon təşkilatının təsis edilməsini bütövlükdə Azərbaycanın ictimai-siyasi gündəminə gətirdi. Bu, həm də tezliklə digər rayonlarda da təşkilatlanma işinə əyani nümunə oldu”, - deyə A.İbrahimov qeyd edib.Azərbaycanın ictimai-siyasi və mədəni həyatında xüsusi yeri olan YAP-ın yaradılmasından ötən müddət ərzində respublikamızın sürətlə inkişaf etdiyini vurğulayan Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov deyib ki, ötən 22 ildə muxtar respublikada əsrə bərabər quruculuq işləri görülüb. Bu, xalqa olan bağlılığın, dövlətə, Heydər Əliyev siyasətinə sədaqətin bariz nümunəsidir. Blokadada olmasına baxmayaraq muxtar respublikada tikilən, yaxud əsaslı şəkildə yenidən qurulan çoxsaylı məktəblər, inzibati binalar, aparılan yaşıllaşdırma, quruculuq və abadlıq işləri sayəsində şəhər və kəndlərimizin siması tamamilə dəyişib. Bunu Şərur rayonunun timsalında da aydın görmək mümkündür. Təkcə ötən il rayonun müxtəlif yaşayış məntəqələrində bütün maliyyə mənbələrindən tikinti-quraşdırma işlərinə sərf edilən investisiyanın dəyəri 70 milyon manatdan çox olub.Tədbirdə çıxış edən İbadulla kənd tam orta məktəbinin müəllimi Ülkər Məmmədova və YAP Şərur rayon təşkilatı Gənclər Birliyinin sədri Mirkərim Seyidov əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin bu gün də uğurla davam etdirildiyini, dövlət idarəçiliyində gənclərin potensialından geniş istifadə olunduğunu qeyd ediblər.Sonra partiya üzvlüyünə yeni daxil olmuş bir qrup gəncə üzvlük vəsiqələri, partiya fəallarına isə hədiyyələr təqdim olunub.
AZƏRTAC