Qətiyyətli, məqsədyönlü və müdrik idarəçilik faktoru xalqımızın rifahına, dövlətimizin və
dövlətçiliyimizin inkişaf və tərəqqisinə xidmət edən əsaslı və fundamental reallıqdır
Müstəqil Azərbaycan Respublikası günü-gündən inkişaf edir. Bu faktor istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə yüksək şəkildə qiymətləndirilir. Bu gün paytaxt Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib, eləcə də, Azərbaycanın bütün bölgələri və yaşayış məntəqələri tanınmaz dərəcədə dəyişilib, inkişaf etdirilib, müasir infrastruktur layihələri reallaşdırılaraq ən yüksək dünya standartlarına uyğunlaşdırılıb. O cümlədən, Azərbaycan qlobal humanitar problemlərin səmərəli müzakirəsi üçün mərkəzə çevrilib. Söz yox ki, bütün bunların əsasında Ulu Öndər Heydər Əliyev ideologiyası dayanır və bu ideologiya Onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Məhz bu amilləri nəzərə alarsaq, bir çox nüfuzlu beynəlxalq təşkilatların təqdim etdikləri hesabatların da reallığının şahidlərinə çevrilərik.
Prezident İlham Əliyev daim vurğulayır ki, iqtisadi artım məqsəd deyil, insanların rifahının yüksəldilməsi vasitəsidir
2017-ci ilin martında BMT, Dünya Bankı, digər inkişaf institutlarının dərc etdirdikləri hesabatlardakı məlumatlar təhlil edilib və nəticə olaraq, bəlli olur ki, Azərbaycanın göstəriciləri bir sıra “G 7”, “G 20”, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin göstəriciləri ilə müqayisə edilə bilər. Belə ki, hazırda “G 20” dünya istehsalının 85 və dünya ticarətinin 75 faizini təmin edir. Məhz bu konteksti nəzərə alarsaq, ölkə başçımızın, əsasən, xalqın rifahı üçün sosial siyasət yürütməsi barədə vurğuladığı fikirləri bir daha xatırlamalıyıq. Prezident İlham Əliyev daim vurğulayır ki, iqtisadi artım məqsəd deyil, insanların rifahının yüksəldilməsi vasitəsidir. Bu baxımdan, son illər ölkədə reallaşdırılan sosial siyasət də bu istiqamətə yönəldilib. Beynəlxalq ictimaiyyətin Azərbaycan Respublikasında gerçəkləşdirilən sosial siyasətə verdiyi qiymət bir çox sənədlərdə, o cümlədən, 2017-ci il martın 21-də Stokholmda BMT tərəfindən təqdimatı keçirilən İnsan İnkişafı Haqqında Hesabatda da əksini tapıb. Beynəlxalq statistikaya əsasən, müstəqilliyinin 25 ili dövründə, ölkəmizdə dövlət idarəçiliyi sahəsində uğurlu siyasət nəticəsində, Azərbaycan Respublikasının uzunmüddətli tərəqqinin əsas şərti olan davamlı inkişafı hədəfləyən nailiyyətləri “böyük yeddilik” dövlətləri ilə müqayisə olunacaq səviyyədədir, bəzi hallarda isə, onların göstəricilərindən üstündür. Misal üçün, Azərbaycan Respublikasının davamlı inkişafının qeyd olunan indikatoru üzrə göstəriciləri “böyük yeddilik” ölkələrinin orta göstəricisindən, həmçinin, ABŞ, Kanada, Fransa və Yaponiya kimi dövlətlərinkindən yüksəkdir.
Göstərilən nailiyyətlər ölkədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin göstəricisidir. Davamlı inkişafa yol açan digər bir məqam ölkədə dövlət siyasətinin reallaşdırılması zamanı komplimentarlıq prinsiplərinin geniş tətbiqidir.
Dövlətimizin və dövlətçiliyimizin inkişaf və tərəqqisinə xidmət edən əsaslı və fundamental reallıq!
Milli maraqların qlobal tendensiyalarla dəqiq uzlaşdırılması, ikitərəfli və çoxtərəfli beynəlxalq əməkdaşlıq çərçivəsində ortaqların maraqlarının nəzərə alınması reallaşdırılan layihələrin uğurunu təmin edən önəmli faktorlardır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşdirilən bütün layihələr uğurlu qlobal və regional inkişafa yol açır və bütün iştirakçıların maraqlarını təmin edir.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev bir neçə dəfə öz çıxışlarında Azərbaycanın bu gün beynəlxalq aləmə ölkəni necə idarə etmək nümunəsini sərgiləyir. Bu qətiyyətli, məqsədyönlü və müdrik idarəçilik faktoru isə xalqımızın rifahına, dövlətimizin və dövlətçiliyimizin inkişaf və tərəqqisinə xidmət edən əsaslı və undamental reallıqdır.
Rövşən NURƏDDİNOĞLU