“Bu gün ATƏT-in Minsk qrupu həmsədlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni ideyaları yoxdur”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.Onun sözlərinə görə, həmsədlərin yeganə ideyaları da odur ki, təmas xəttində ATƏT müşahidəçilərinin sayı artırılsın: “Amma bunun heç bir xeyri yoxdur. Çünki bununla status-kvonun uzanmasına şərait yarana bilər. Əlbəttə? biz atəşkəsin qorunması istərdik. Amma indiki vəziyyətdə heç bir addım atılmır və mərhələli plan işə düşmür. Onların danışıqlarında xırda detallar ola bilər ki, bu da münaqişənin həllinə az təsiri olacaq”.E.Şahinoğlu əlavə edib ki, Ermənistanın illərdir gördüyü iş danışıqlar prosesini uzatmaqdır: “İndi də onlar ortaya yeni bəhanə atıblar. Guya neçə illərdir ki, danışıqlar mərhələli şəkildə getmir əksinə paket həlli içində mərhələli həlldən gedir. Bu başdan ayağa saxtakarlıq və yalandır. Çünki Azərbaycan heç bir zaman 1-2-3-cü mərhələni keçmədən danışıqlar prosesində referendum müstəvisində müzakirəyə getməyəcək. Amma bunlar məsələni elə qələmə veriblər ki, guya referendum tarixi müəyyənləşməlidir ki, Ermənistan torpaqları boşaltsın və danışıqlarda bu səpkidə getsin. Çox təəssüf ki, həmsədrlər də bu məsələyə aydınlıq gətirmirlər”.Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) Ermənistana səfərlərinin vaxtı məlum olub. Vasitəçilər Ermənistana fevralın 7-də səfər edəcəklər.Onlar İrəvanda Ermənistan rəhbərliyi ilə danışıqlar aparacaqlar. Fevralın 3-də isə həmsədrlərin Bakıya səfəri olacaq. Vasitəçilər fevralın 4-də Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcəklər.Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.
sia.az