Prezident İlham Əliyev: “Bu gün Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı və birliyi bölgə üçün önəmli amildir və sabitləşdirici rol oynayır”
Müasir dövrdə Azərbaycanın ən etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycanla onun tarixi strateji müttəfiqi olan Türkiyə arasında münasibətlər yüksək səviyyədə inkişaf edir və bu əlaqələr getdikcə daha da intensiv şəkil alır. Təbii ki, iki ölkə bu əlaqələrdən faydalanaraq istər region, istərsə də dünya dövlətləri ilə maraqlarının tam qorunması əsasında əməkdaşlıq qurmağa imkan verən və onu inkişaf etdirmək üçün ümumi strategiyaya əsaslanan siyasət həyata keçirir.
Azərbaycan regionda lider dövlət olmaqla bərabər, həmçinin, təhlükəsizlik, dövlətlərarası əlaqələr mərkəzinə çevrilən bir ölkədir. Bu gün Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı və birliyi bölgə üçün önəmli amildir, sabitləşdirici rol oynayır. Müstəqilliyinin cəmi 26 yaşı olan Azərbaycan Türkiyə üçün ən önəmli strateji tərəfdaşdır və iki dövlət arasındakı ticarət, siyasi, iqtisadi, təhsil, səhiyyə, hərbi, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq getdikcə güclənir.
Xatırladaq ki, Azərbaycanın dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə dövləti ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Ümummilli Lider Heydər Əliyev bu əlaqələrin yüksələn xətt üzrə inkişafını təmin edirdi. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin Müqaviləsi” çərçivəsində sıx əməkdaşlıq Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafının ilk əsas təzahürü idi. Fakt ondan ibarətdir ki, Azərbaycan regiondakı qlobal iqtisadi layihələrin həyata keçirilməsində Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirir. Birlikdə həyata keçirilən qlobal iqtisadi layihələr - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, TANAP və Bakı-Tbilisi-Qars Dəmir Yolu layihələri iki qardaş ölkəyə böyük dividendlər verir. Elə oktyabrın 31-də Bakıda iki ölkənin prezidentlərinin iştirakı ilə keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası və imzalanan yeni sazişlər bütün deyilənləri bir daha təsdiqləyir.
Sözügedən iclasda iki ölkə arasında siyasi əlaqələr, beynəlxalq təşkilatlardakı birgə fəaliyyət, iqtisadi, hərbi, hərbi-texniki əməkdaşlıq, enerji, nəqliyyat məsələləri ilə bağlı mövcud durum və gələcək planlar müzakirə edildi. Dövlət başçılarının iştirakı ilə iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığa dair anlaşma memorandumu, təhsil sahəsində əməkdaşlıq haqqında saziş, preferensial ticarət sazişinin imzalanmasına dair anlaşma memorandumu, müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında saziş, yem bitkiləri toxumu istehsalı və sertifikatlaşdırılması sahəsində əməkdaşlıq haqqında saziş imzalandı.
İki ölkə arasında hərbi-texniki sahədə birgə fəaliyyət davam edir. Türkiyənin gündən-günə inkişaf edən hərbi-sənaye kompleksi Azərbaycan üçün böyük maraq kəsb edir və ölkəmiz Türkiyədən hərbi təyinatlı məhsulları alır və bundan sonra da alacaq. İqtisadi sahədə imzalanmış sənəd də böyük əhəmiyyət kəsb edir. Preferensial, yəni imtiyazlı ticarət sazişi böyük məna daşıyır. Bu sazişin qüvvəyə minməsi nəticəsində iki ölkə arasında olan ticarət dövriyyəsi də böyük dərəcədə artacaq. İki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu da yüksəlir. Bu günə qədər Azərbaycandan Türkiyəyə 10 milyard, Türkiyədən Azərbaycana isə 11 milyard dollar sərmayə qoyulub. Yeni sazişlər bu sərmayələrin həcmini artıracaq və Azərbaycandan Türkiyəyə yatırılacaq sərmayənin 20 milyard dollara çatdırılması planlaşdırılır.
Oktyabrın 31-də keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının və imzalanan sənədlərin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, dövlət başçılarının həm təkbətək görüşündə, həm nümayəndə heyətlərinin iştirakı ilə keçirilən tədbirdə Türkiyə-Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olduğu bir daha təsdiqini tapıb: “Dünyada bir-birinə yaxın olan, bir-birinə bu qədər dəstək verən ikinci ölkə yoxdur. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı və birliyi bu gün ən yüksək zirvədədir”.
Dövlət başçısı vurğulayıb ki, bu gün Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı və birliyi bölgə üçün önəmli amildir və sabitləşdirici rol oynayır. Güclənən Türkiyə Azərbaycanın gücünü artırır. Bu da, bir daha əminlik yaradır ki, hər iki ölkə bundan sonra da ancaq inkişaf, tərəqqi və qələbə yolu ilə gedəcək. Türkiyə-Azərbaycan birliyi və qardaşlığı əbədi olacaq: “Biz qarşıya qoyduğumuz hədəflərə doğru inamla irəliləyirik. Əminəm ki, TANAP layihəsi yaxın zamanlarda başa çatacaq. Bu layihənin icrası ilə bağlı heç bir problem yoxdur. Bakı-Tbilisi-Qars Dəmir Yolu layihəsi isə, artıq istismara verildi. Bu, bizim böyük uğurumuzdur, böyük qələbəmizdir. Bu, bir daha göstərir ki, Türkiyə və Azərbaycanın iştirak etdikləri və təşəbbüskarları olduqları bütün layihələr icra edilir”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə vurğulayıb ki, bu gün siyasi, hərbi, iqtisadi, ticari, mədəni sahələrdə Türkiyə-Azərbaycan həmrəyliyi güclənməkdə davam edir. Qarşılıqlı səfərlər, nazirlərin intensiv görüşləri Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin və həmrəyliyin hansı səviyyədə olduğunu göstərir. Xüsusilə, son zamanlar müdafiə sənayesi sahəsindəki həmrəyliyik böyük əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin həcminin 1,6 milyard dollar olduğunu söyləyən Türkiyə Prezidenti vurğuladı ki, qısa müddətdə bu rəqəm 5 milyard dollara yüksələcək: “Türkiyə və Azərbaycan hər sahədə bu addımları atacaq. Nazirlər Kabinetimiz bir qərar qəbul edib. Qarşıya Naxçıvandan Türkiyəyə ildə 120 milyon dollarlıq idxal həcmi hədəfini qoyduq. Beləliklə, Naxçıvanı daha da inkişaf etdirmək, canlandırmaq üçün “Sən yalnız deyilsən, qardaş” deməyin, İnşallah, addımını atacağıq”.
Beləliklə də, Bakıda keçirilən Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının toplantısında və dövlət başçılarının təkbətək görüşündə müzakirə edilən məsələlər iki ölkə arasındakı möhkəm və sıx əməkdaşlığı daha da gücləndirəcək. İmzalanan yeni sənədlər, şübhəsiz ki, mövcud ikitərəfli əməkdaşlığın hüquqi bazasını daha da möhkəmləndirəcək. Azərbaycan və Türkiyə Prezidentləri arasında keçirilən hər bir görüşdə əldə olunan razılaşmalar yaxın gələcəkdə region üçün pozitiv nəticələr, uğurlar və nailiyyətlər vəd edir.
Türkiyə Prezidentinin söylədiyi kimi, Azərbaycan müstəqilliyini bərpa etməsindən bu günə qədər keçən müddət ərzində Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs və Prezident İlham Əliyevin rəhbərliyi altında regionda sabitliyin, əməkdaşlığın, eyni zamanda, mədəniyyətlərarası tolerantlığın alınmaz qalasına çevrilib. Digər tərəfdən, qlobal transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiquru kimi öz yerini və mövqeyini kifayət qədər möhkəmləndirib. Bütün bu uğurlar, əlbəttə ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə qazandığı yüksək etimad sayəsində reallaşıb. Dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirən Azərbaycanın adı, artıq inkişaf etməkdə olan ölkələr sırasında çəkilir.
“Səs” Analitik Qrupu