Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevir şəhərinə səfər ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 27-də Mingəçevir şəhərinə səfərə gəliblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoydular. Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevirdə görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi.
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 424 MVt gücündə Mingəçevir Su Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak edib. AZƏRTAC xəbər verir ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, son illər Azərbaycanda energetika sahəsində çox mühüm layihələr icra olunub. Bu istiqamətdə həyata keçirilən işlər müsbət nəticəsini verməkdədir. Azərbaycanın enerji təminatında Mingəçevir Su Elektrik Stansiyasının xüsusi yeri və çəkisi var. Son dövrlərdə stansiyanın müasir tələblər səviyyəsinə çatdırılması və texniki cəhətdən müasirləşdirilməsi istiqamətində olduqca mühüm işlər görülüb. Mingəçevir Su Elektrik Stansiyası uzun illər Azərbaycan əhalisinin və ölkə iqtisadiyyatının elektrik enerjisinə tələbatının ödənilməsində mühüm rol oynayıb. Hələ 1941-ci ildə bu stansiyanın tikintisi və 1945-ci ildə birinci növbəsinin istismara verilməsi barədə qərar qəbul edilib. Lakin İkinci Dünya müharibəsinin başlanması tikinti işlərinin təxirə salınmasına səbəb olub. Nəhayət, 1945-ci ildə Mingəçevir su qovşağının və onun üzərində elektrik stansiyasının tikintisinə başlamaq mümkün olub. 1951-ci ildə burada ilk aqreqat istifadəyə verilib. Tikinti işləri isə 1955-ci ildə tamamlanıb. Beləliklə, Mingəçevir Su Elektrik Stansiyası 360 meqavat tam gücü ilə işə salınıb. Tənzimlənən su qovşağı illik orta su axını 12,5 milyard kubmetr olduqda ildə 1,4 milyard kilovat-saat elektrik enerjisi istehsal edilməsinə, 1,2 milyon hektar məhsuldar torpağın suvarılmasına və balıqçılığın inkişafına imkan verib. Su qovşağına yuyulma üsulu ilə yaradılan torpaq bənd, Su Elektrik Stansiyasının suqəbuledicisi, suburaxıcıları, baş bina, elektrotexniki qurğular, Yuxarı Qarabağ və Yuxarı Şirvan suvarma kanallarının suqəbulediciləri daxildir. Stansiyanın su anbarı öz tutumuna görə uzunmüddətli istifadə üçün kifayət qədər su ehtiyatına malikdir. Mərkəzin binasında ulu öndər Heydər Əliyevin büstü qoyulub. Dövlətimizin başçısı Mingəçevir Su Elektrik Stansiyasını əsaslı yenidənqurmadan sonra işə saldı.
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsi mərasimində iştirak edib. AZƏRTAC xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində “Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına 2011-ci ilin oktyabrında başlanıb. Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Mingəçevir şəhərində 151 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Şəhəri içməli su ilə təmin etmək üçün mənbə olaraq Mingəçevir su anbarı seçilib və onun yaxınlığında müasir sutəmizləyici qurğunun inşası layihələndirilib. İlkin mərhələdə burada təbii şəraitdə durulan suyun təmizləyici qurğuya ötürülməsi məqsədilə göldən təmizləyici qurğuya diametri 800 millimetr olan borularla 720 metr uzunluğunda əsas daşıyıcı kəmər inşa edilib. Təmizləyici qurğunun yeri elə seçilib ki, göldə suyun səviyyəsi minimum həddə düşəcəyi halda da buradan qurğuya su özüaxımlı rejimdə ötürüləcək. Təmizlənmiş suyun relyef baxımından yüksəklikdə yerləşən anbara ötürülməsi məqsədilə məhsuldarlığı saatda 2100 kubmetr olan nasos stansiyası quraşdırılıb. Suyun optimal idarə olunması və özüaxımlı rejimdə paylanması məqsədilə dəniz səviyyəsindən 85 metr yüksəklikdə tutumu 10 min kubmetr olan su anbarı inşa edilib. Hazırda qurğuda təmizlənmiş su bu anbara ötürülərək özüaxımlı rejimdə şəhər şəbəkəsinə verilir. Gələcəkdə bu qurğudan Yevlax şəhərinə və əhalisi 8500 nəfər olan 7 kəndə içməli suyun verilməsi nəzərdə tutulur. Bu məqsədlə Mingəçevir su anbarından Yevlax şəhərinə 35 kilometr uzunluğunda yeni magistral kəmərin və hər birinin tutumu 5 min kubmetr olan iki anbarın tikintisi layihələndirilib.
Artıq magistral kəmərin Kür çayının keçidinə qədər olan 2,8 kilometrlik hissəsi tikilərək hazır vəziyyətə gətirilib. Prezident İlham Əliyev Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsini bildirən düyməni basdı.
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışında iştirak edib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev Prezident İlham Əliyevə Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin fəaliyyəti və burada yaradılan şərait barədə məlumat verdi.
Azərbaycanın regionlarının elektrik təsərrüfatında silsilə və kompleks yenidənqurma tədbirləri uğurla davam etdirilir. Bu tədbirlər, ilk növbədə, elektrik enerjisinə tələbatın ödənilməsinə, rayonların elektrik enerjisi ilə təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasına, elektrik şəbəkələrində yüklənmələrin azalmasına, texniki itkilərin minimuma endirilməsinə imkan yaradıb. Hazırda respublikamızın bölgələrindəki energetika qurğuları həm müasir görünüşü, həm də texniki üstünlükləri ilə əvvəlkilərdən qat-qat üstündür. Bütün bu yeniliklər regionların sosial-iqtisadi inkişafına əsaslı töhfələrdir. Bildirildi ki, Avtomatik İdarəetmə və Nəzarət Mərkəzində elektrik enerjisinin alış nöqtəsindən istehlak nöqtəsinə qədər bütün mərhələlərdə şəbəkənin idarə olunması, balansın real vaxt rejimində və texnoloji itkilər müəyyənləşdirilərək təhlil edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi, sayğacların oxunması, fider və xətlər üzrə yük parametrlərinin virtual arxivləşdirilməsi, elektron xəritə vasitəsilə abonentlərin müraciətlərinə əsasən texniki şərtlərin verilməsi, istehlakçıların elektrik şəbəkəsinə qoşulması haqda sənədlərin hazırlanması işləri həyata keçiriləcək. Prezident İlham Əliyev Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzini işə saldı. Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 26 kilometrlik Aran-Qarağacı hissəsinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov yolun texniki göstəriciləri və görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, yolun ümumi uzunluğu 26 kilometr, eni isə 12 metrdir. Üçüncü texniki dərəcəli yol iki hərəkət hissəlidir. Hərəkət hissələrinin hər birinin eni 3,5 metrdir. Layihə çərçivəsində iki yeni körpü və beş yeraltı keçid inşa olunub, 53 boru quraşdırılıb. İşlərin yüksək keyfiyyətlə həyata keçirilməsi üçün yolun yenidən qurulması zamanı Avtomobil Yolları Dövlət Agentliyi bütün qüvvəsini səfərbər edib. İnşaat işləri texniki ardıcıllığa uyğun aparılıb. Mingəçevir-Bəhramtəpə avtomobil yolu respublikamızın regionları, o cümlədən Yevlax, Bərdə, Beyləqan rayonları arasında iqtisadi əlaqələrin, həmçinin turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əlaqələndirən bir magistral olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var. Beləliklə, ölkədə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində əsaslı dəyişikliklərin yer aldığı prosesi hər bir vətəndaş öz həyatında hiss edir.
Prezident İlham Əliyev Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan Aran-Qarağacı hissəsinin rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışında iştirak ediblər. İqtisadiyyat naziri Şahin Mustafayev və layihə rəhbəri Mehriban Axundova dövlətimizin başçısına və xanımına məlumat verdilər ki, ümumi dəyəri 144 milyon manat olan fabriklərin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında yaradılmış fabriklər Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz edilib.
Dövlətimizin başçısı və xanımı işçilərlə xatirə şəkli çəkdirdilər. Daha sonra Prezident İlham Əliyev “Open End” üsulu ilə iplik istehsalı müəssisəsini işə saldı.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeməkxanada yaradılan şəraitlə də tanış oldular. Yeni fabriklərlə tanışlıqdan sonra dövlətimizin başçısı və xanımı müəssisələrin işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdülər. Dövlətimizin başçısı görüşdə çıxış edib. Prezident İlham Əliyev çıxışında diqqətə çatdırıb ki, bu layihə həm Mingəçevirin və ümumiyyətlə, Azərbaycanın sənaye potensialını böyük dərəcədə gücləndirəcəkdir:
“Şadam ki, verilən bütün vədlər yerinə yetirildi. Hazırda Mingəçevir Sənaye Parkının ilk iki fabriki açılır. Bu, dövlət-özəl sektor tərəfdaşlığının gözəl təzahürüdür. Çünki dövlət özəl sektorun inkişafı üçün əlindən gələni əsirgəmir, sahibkarlara güzəştli şərtlərlə kreditlər, metodik tövsiyələr verilir, iş yerlərinin yaradılması istiqamətində böyük işlər aparılır. Eyni zamanda, dövlət sənaye parklarının yaradılması ilə özəl sektora şərait yaradır. Əgər dövlət bu funksiyanı öz üzərinə götürməsəydi, əlbəttə özəl sektor, sahibkarlar üçün belə nəhəng fabrikləri yaratmaq o qədər də asan olmayacaqdı. Özəl sektor isə öz növbəsində, həm dövlətin güzəştli şərtlərlə verilmiş kreditlərindən yararlanır, eyni zamanda, öz vəsaitini qoymaqla belə gözəl fabriklər yaradır. Ona görə Azərbaycanda son illər ərzində yaradılan sənaye zonaları, sənaye məhəllələri, sənaye parkları bu məqsədi güdür. Mən əvvəlki illərdə də demişəm ki, Mingəçevir ölkəmizin güclü sənaye mərkəzlərindən birinə çevrilməlidir və biz bunu artıq görürük.
Ölkəmizdə bir neçə şəhərdə sənaye məhəllələri, zonaları vardır. Onların ən böyüyü Sumqayıt Kimya Sənaye Parkıdır. Oraya yatırılan investisiyaların həcmi 2,7 milyard dollardır. Neftçala, Hacıqabul, Sabirabad, Masallı və digər şəhərlərdə sənaye zonaları yaradılacaq və yaradılır, o cümlədən Mingəçevirdə.
Bu fabriklərdə 700-750 insan işlə təmin edilir və burada çalışanların böyük əksəriyyəti qadınlardır. Bu da çox gözəl haldır. Çünki biz qadınları işlə təmin edirik və ümumiyyətlə, Mingəçevirdə işsizliyin aradan qaldırılması üçün bu fabriklərin çox böyük rolu olacaqdır. 700-750 insan burada daimi işlə təmin edilir. Buraya böyük vəsait yatırılıb, 140 milyon manat sərmayə qoyulub. Bu da onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox əlverişli məkandır, gözəl ölkədir. Son 15 il ərzində ölkə iqtisadiyyatına 230 milyard dollardan çox sərmayə qoyulub. İndi bizim əsas məqsədimiz ondan ibarətdir ki, bu sərmayə daha çox qeyri-neft sektoruna qoyulsun.
Azərbaycanda hazırda altı iplik fabriki fəaliyyət göstərir. Bu iki fabrik bu gün istifadəyə verilir. Beləliklə, onların sayı səkkizə qalxır və altı fabrikin istehsal gücü 24 min ton iplikdir. Bu iki fabrikdə isə 20 min ton iplik istehsal olunacaq.
Yəni, bu müasir fabriklərdə əvvəlki dövrlərdə istifadəyə verilmiş fabriklərlə demək olar ki, eyni səviyyədə iplik istehsal olunacaq və həm daxili tələbatı təmin edəcək, həm də ixrac olunacaq.
Bu gün bizim əsas məqsədimiz qeyri-neft ixracının artırılmasıdır və bu istiqamətdə də çox gözəl işlər görülür. Eyni zamanda, bu fabrikin timsalında biz ölkəmizin hərtərəfli inkişafını görürük. Çünki bu, böyük sənaye mərkəzidir, sənaye müəssisələridir. Eyni zamanda, burada əsas xammal yerli pambıqdır, mahlıcdır. Son illər ərzində pambıqçılığın sürətli inkişafı bu fabriklərin yaranmasına zəmin oldu. Əgər biz iki il bundan əvvəl pambıqçılığın dirçəldilməsi ilə ciddi məşğul olmasaydıq, bu fabriklər də yaranmayacaqdı. Çünki xaricdən mahlıc gətirmək, burada onu ipliyə çevirmək çox bahalı bir təşəbbüs ola bilərdi. Ona görə son iki il ərzində Azərbaycanda pambıq istehsalı 35 min tondan 207 min tona qalxıb. Ümid edirəm ki, bu il daha çox pambıq yığımı nəzərdə tutulur. Pambığın, mahlıcın əsas hissəsi Azərbaycanda emal olunacaq, beləliklə əlavə dəyər, iş yerləri yaranacaq və biz mahlıcı yox, hazırda ipliyi, gələcəkdə isə hazır məhsulu, tekstili, parçanı ixrac edə və daxili bazarı təmin edə bilərik.
Kənd təsərrüfatının sürətli inkişafına böyük dövlət dəstəyi göstərilir, texnika alınır, suvarma işləri aparılır, güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar verilir, o cümlədən pambıqçılığın inkişafı, sənaye müəssisələrinin yaradılması üçün dövlət öz dəstəyini göstərir. Özəl sektor da bu işlərdə çox fəaldır. Ona görə ölkəmizin hərtərəfli inkişafı üçün bu əsas istiqamət mütləq inkişaf edəcək. Sənaye istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı - Mingəçevirdə biz bu iki önəmli sahənin birləşməsini görürük və beləliklə, Mingəçevir dediyim kimi, Azərbaycanın ən güclü sənaye mərkəzlərindən birinə çevrilir. Əminəm ki, yaxın gələcəkdə Mingəçevirdə minlərlə yeni iş yeri yaradılacaqdır.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 27-də Mingəçevirdə “ASAN Həyat” kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər. Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Mingəçevir “ASAN Həyat” kompleksi barədə dövlətimizin başçısına və xanımına ətraflı məlumat verdilər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə yaradılan şəraitlə tanış oldular. Məlumat verildi ki, Mingəçevir “ASAN Həyat” kompleksi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 13-cü mərkəzidir. Şəhərin Zərifə Əliyeva prospekti-2 ünvanında yerləşən və öz möhtəşəmliyi ilə seçilən kompleksin binasının tikintisinə 2017-ci ildə başlanılıb. İnşaat işləri 2018-ci ilin fevralında başa çatdırılıb. Kompleks üçmərtəbəli inzibati binadan və üç ictimai iaşə obyektindən ibarətdir.
Dövlətimizin başçısı mərkəzi işə saldı. Bildirildi ki, bu günədək “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 20 milyona çatıb. Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyunundan etibarən təqribən 1 milyon 329 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib. Mərkəzdə kommunal xidmətlərin göstərilməsi üçün ayrıca bölmə yaradılıb. Burada “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən xidmətlər təqdim olunacaq.
Elektron xidmətlərin qiymətləndirilməsi üzrə nəticələrin təqdimatı zamanı bildirildi ki, dövlət orqanları tərəfindən vətəndaşlara təqdim edilən elektron xidmətlərin keyfiyyətinin müəyyənləşdirilməsi və xidmətlərin təkmilləşdirilməsi məqsədilə Dövlət Agentliyi tərəfindən 2013-cü ildən başlayaraq, hər il elektron xidmətlərin qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmə çərçivəsində elektron xidmətlərin təqdim edilməsi üçün uyğunluğu müəyyən edilir və çatışmazlıqların aradan qaldırılması istiqamətində təkliflər verilir.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “ASAN xidmət”lərin özünəxidmət terminalı vasitəsilə təqdim olunması barədə də məlumat verildi.
Qeyd edildi ki, məmur və vətəndaş arasında təmasın minimallaşdırılması məqsədilə hazırlanmış bu terminallar vasitəsilə vətəndaş müxtəlif xidmətlərdən vaxt itirmədən və əlavə heç bir yerə getmədən yararlana biləcək. Vətəndaş əldə etmək istədiyi xidməti seçməklə biometrik şəkil və digər məlumatları sistemə daxil edir, elektron ərizə formasını doldurur və xidmət üzrə müraciət edir. Daha bir yenilik isə “ASAN Ödəniş” sistemi üzərindən viza verilməsi prosesidir. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanın beynəlxalq hava limanlarında viza müraciəti prosesinin təmin edilməsi üçün “ASAN Ödəniş” terminallarından istifadə ediləcək. Terminallara inteqrasiya edilmiş “ASAN viza” sistemi vasitəsilə əcnəbilər elektron müraciət formasını dolduraraq viza rüsumunu terminaldan ödəyə biləcəklər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizaya dair müraciətlərinin nəticələrini də “ASAN Ödəniş” terminalından əldə edə biləcəklər.
Yeni layihələrdən biri də “ASAN Turist” mobil applikasiyasıdır. Bu layihə ölkəmizə gələn turistlərin bütün turizm xidmətlərindən yararlanmasına imkan verəcək vahid platformadır. Turistlər applikasiyadan istifadə etməklə öz maraq dairəsinə uyğun obyektləri naviqatordan rahatlıqla taparaq xidmətlərdən istifadə edə, turizm şirkətlərinin regionlara təşkil etdikləri turlardan yararlana və özləri üçün səfərləri planlaşdıra bilərlər.
Mingəçevir “ASAN Həyat” konsepsiyası Mingəçevir “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərinin istifadəyə verilməsini də nəzərdə tutur. Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. “ASAN Həyat” kompleksi vətəndaşların rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir. Kompleksin kinoklubunda Azərbaycan filmləri ilə yanaşı, xarici ölkələrin ekran əsərləri də nümayiş etdiriləcək.
Könüllülər “ASAN xidmət” fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın komponentidir. Bu prosesə 14 min könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 1000 təlim, 300 layihə həyata keçirilib. Habelə 850-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub. “ASAN Məktub” və “ASAN Kadr” layihələri qabaqcıl təcrübələr kimi BMT-nin “Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Qabaqcıl Mexanizmlər və Həllər” portalına daxil edilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “ASAN Həyat” kompleksinə daxil olan “ASAN Peşə” ilə tanış oldular.