“Milli Şuranın birgə mitinqlər keçirmək təşəbbüsü ilə Müsavat Partiyasına və REAL hərəkatına müraciət etməsi və bu qüvvələrin birgə mitinqi planı, cəmiyyət tərəfindən dəstəklənməyəcək”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.Onun sözlərinə görə, seçki dövründə mitinqlərin olması, demokratik ənənələrə söykənir: “Bu qüvvələr bütün dünyaya göstərəcəklər ki, Azərbaycanda keçirilən prezident seçkilərində radikal müxalifət də seçki prosesində bu formada iştirak edir. Bu günə kimi bu qüvvələr birgə onlarla mitinq keçirdiblər, nə dəyişib ki? Bu qüvvələrin mitinqində ən yaxşı halda 3000-5000 nəfər iştirak edib. Bu adamların arasına - yüzlərlə polis heyəti, jurnalistlər, tum və su satanlar da daxildir. Radikal siyasətə Azərbaycan cəmiyyəti ciddi dəstək verməyib və bunun səbəbi də xalqın radikallığı dəstəkləməməsidir.Bir neçə ay bundan qabaq Əli Kərimli mitinq keçirmişdi. Həmin mitinqə müsavatçılar da, realçılar da və digərləri də qatılmışdır. Bu şəxslər sosial şəbəkədə həmin mitinqdən şəkillər yayırdı. Yəni, dediyim odur ki, indi sadəcə, rəsmi şəkildə bəyan edirlər ki, mitinqi bir keçiririk. Ancaq dediyim kimi, bütün mitinqlərdə eyni adamlar iştirak edirlər. Süni görüntü yaratmaq üçün adını bu cür qoyublar. 11 apreldə keçiriləcək prezident seçkilərində radikal müxalifətin boykot qərarı seçki marafonuna hər hansı bir formada təsir etməyəcək. Onsuz da radikal müxalifət cənab İlham Əliyevin qorxusundan 20 ildir seçkidə iştirak etmir”.
sia.az