PDF Oxu

Siyasət

  • 4 007

Azərbaycan dövləti heç vaxt işğalla barışmayacaq

Azərbaycan dövləti heç vaxt işğalla barışmayacaq

“Cocuq Mərcanlının, qısa müddət ərzində bərpası onu göstərir ki, işğaldan azad ediləcək bütün ərazilərdə biz təmir-bərpa işlərini aparacağıq”
Məlum olduğu kimi, 2017-ci il müstəqil Azərbaycan dövlətinin tarixində bir sıra möhtəşəm hadisələrlə iz qoydu. Prezident İlham Əliyevin apardığı siyasətin nə qədər doğru olduğu ötən il bir daha təsdiqləndi. Azərbaycan, həyatın bütün sahələrində yeni nailiyyətlərə imza ataraq, qarşıya qoyulan hədəflərə doğru inamla irəlilədi. İstər siyasi, istərsə də sosial-iqtisadi uğurlarla zəngin olan 2017-ci il həm də illərdir yurd, torpaq həsrəti ilə yaşayan soydaşlarımızın qəlbindəki ümid çırağının yenidən alışdığı, Qarabağa, doğma yurda qayıdışın başlandığı il oldu. Azərbaycan dövləti ötən ilin iyun ayından Böyük Qayıdış planının icrasına başladı. Cəbrayıl rayonunun işğaldan azad olunan Cocuq Mərcanlı kəndi məcburi köçkünlərin öz yurdlarına qayıtdıqları ilk yaşayış məskəni kimi tarixə düşdü.
İllərdir xalqımızın gözü Qarabağa gedən yoldadır. Hər kəs doğma torpaqlara qayıdacağımız günü səbirsizliklə gözləyir. 2016-cı ilin aprel döyüşlərindən sonra böyük qələbənin bizə nə qədər yaxın olduğuna bir daha əmin olduq. Çünki Prezident, Ali Baş Komandan İlham Əliyevin cəsarətli və qətiyyətli mövqeyi ortadadır. Həm aprel döyüşlərində ordumuzun göstərdiyi şücaət, həm də Cənab Prezidentin prinsipial mövqeyi hər kəsdə əminlik yaradır ki, böyük qələbə yaxındadır. Beləliklə, şanlı aprel zəfərindən sonra Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, ilkin olaraq 4 milyon manat, sonra isə kəndə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncama uyğun olaraq, 4,3 milyon manat vəsait ayırdı.
Sevincinin həddi-hüdudu olmayan 250-dən çox Cocuq Mərcanlı sakini doğma kəndlərinə qayıtmaq üçün ərizə ilə müraciət etdi. Bütün bunlar isə, bir milyondan çox məcburi köçkündə öz ata-baba yurdlarına dönəcəklərinə ümid və inam hissini gücləndirdi.
Cəmi bir neçə ay işğal altında qalan və ermənilər tərəfindən darmadağın edilərək, xarabalığa çevrilən Cocuq Mərcanlı kəndində tikinti-quruculuq işlərinin aparılması üçün tapşırıq verildi. Ötən il martın 22-dən başlayan tikinti işləri mayın 20-də başa çatdırıldı. Cəmi iki ayda, plana uyğun olaraq, ərazidə ilkin mərhələdə 50 (ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20 ikiotaqlı, 25 üçotaqlı və 5 dördotaqlı) fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr və eni 12 metr olan avtomobil yolu çəkildi. Strateji əhəmiyyəti ilə seçilən bu yolun inşası zamanı zəruri olan yerlərdə su keçidləri tikildi və uzunluğu 24 metr olan ikiaşırımlı mövcud körpü bərpa edildi. Yol üzərində 76 yol nişanı və məlumatverici lövhələr quraşdırıldı, piyada zolaqları, yol-cizgi və yolgöstərici xətləri çəkildi.
Subartezian quyusu qazıldı, 100 kubmetrlik su anbarı inşa edildi. Yeni komplekt transformator məntəqəsi, həmçinin, subartezian quyusuna xidmət edəcək transformator quraşdırıldı. Azərişıq” ASC tərəfindən 35/10 kilovatlıq böyük yarımstansiya inşa olundu. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi Cəbrayıl rayonunun ləğv olunmuş avtomobil yolları idarəsini bu kənddə bərpa etdi. Daxili İşlər Nazirliyi polis idarəsi üçün, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bütün rabitə-kommunikasiya xidməti üçün bina tikdi. Sakinlərə operativ və keyfiyyətli xidmət göstərilməsi məqsədilə kənddə “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin Cəbrayıl Sukanal İdarəsinin Cocuq Mərcanlı sahəsi yaradıldı.
“Aztelekom” tərəfindən kəndə 10 kilometr məsafədən optik kabel çəkildi, 64 nömrə tutumlu elektron Avtomat Telefon Stansiyası, kənd daxilində telefon kabellərin yeraltı çəkilişi üçün kabel-kanalizasiya qurğuları quraşdırıldı, 1200 metrədək məsafədə daxili şəbəkə quruldu. Cocuq Mərcanlıda inşa edilən 50 yeni evin hamısı, həmçinin, məktəb telefonlaşdırıldı və internetlə təmin edildi.
İyunun 14-də, Qurtuluş Günü ərəfəsində Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinə səfəri ilə Böyük Qayıdış Konsepsiyasına start verildiyi gün kimi tariximizə yazıldı. Elə dövlət başçısı da bu tarixi günü belə qiymətləndirdi: “Cocuq Mərcanlı kəndinin bərpası, doğrudan da, tarixi hadisədir. İndi bütün Azərbaycan Cocuq Mərcanlı kəndinin tarixini bilir, bütün dünya Cocuq Mərcanlını tanıyır. Bu kəndin Azərbaycan tarixində xüsusi yeri vardır”. Dövlət başçısı Cocuq Mərcanlıya səfəri zamanı işlərin bununla bitmədiyini vurğulayaraq, növbəti mərhələdə kənddə təqribən 100 əlavə ev, tibb məntəqəsinin tikiləcəyini və iş yerlərinin yaradılacağı ilə bağlı əlavə tədbirlərin görüləcəyini söylədi. İyunun 15-də Prezident İlham Əliyev daha bir Sərəncam imzalayaraq, Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən, 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9 milyon manat vəsait ayırdı. Beləliklə, kənddə tikinti-quruculuq işlərinin ikinci mərhələsi başlanıldı.
Sentyabrın 13-də isə, dövlət başçısı “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi tədbirləri haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,5 milyon manat ayrıldı.
17 hektar ərazidə 100 fərdi yaşayış (14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlı) evinin, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparıldı. Hər bir ailə üçün 10 hektar torpaq sahəsi ayrıldı. Qəsəbədaxili yollara asfalt örtük salındı, elektrik, su və qaz xətləri çəkildi. İlin sonunda bütün tikinti işləri başa çatdı. İkinci mərhələdə fərdi yaşayış evlərindən savayı Klub-İcma Mərkəzi, 50 yerlik uşaq bağçası inşa olunub. Klub-İcma Mərkəzinin binası 150 yerlik geniş zaldan, kitabxana və digər otaqlardan ibarətdir. Bina lazımi inventar və avadanlıqlarla təmin edilib. Müasir istilik sistemi və zəruri avadanlıqla təchiz olunan bağçada isə iki qrup fəaliyyət göstərəcək.
Əlbəttə ki, bu gün Azərbaycan Ordusunun aprel qələbəsindən sonra Cəbrayıl, Füzuli rayonlarında vaxtilə işğal altında olmuş torpaqlarda və Lələtəpədə Azərbaycan bayrağı dalğalanır. Cocuq Mərcanlı məscidinin minarəsindən verilən azan səsi həm şəhidlərimizin ölməz ruhunu şad edir, həm də düşmənin canına vəlvələ salır. Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev bunu belə qiymətləndirib: “Azərbaycan dövləti Cocuq Mərcanlının timsalında bir daha göstərib ki, heç vaxt işğalla barışmayacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və bütün köçkünlər bir arzu ilə yaşayırlar ki, tezliklə öz doğma torpaqlarına qayıtsınlar. Cocuq Mərcanlının, qısa müddət ərzində bərpası, yenidən qurulması onu göstərir ki, işğaldan azad ediləcək bütün ərazilərdə biz, qısa müddət ərzində, bütün təmir-bərpa işlərini aparacağıq, şəhərləri, kəndləri yenidən quracağıq və bu gün ağır vəziyyətdə, dağılmış vəziyyətdə olan şəhər və kəndlərimizə tezliklə həyat qayıdacaq”.

“Səs” Analitik Qrupu

Digər xəbərlər