PDF Oxu

Siyasət

  • 5 034

Azərbaycan seçicisi İlham Əliyevə alternativ görmür!

Azərbaycan seçicisi İlham Əliyevə alternativ görmür!

“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2018-ci il Prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə cari ilin fevral-mart aylarında ölkənin 68 rayonunda (Naxçıvan MR-nın ərazisi və işğal olunmuş rayonlar istisna olunmaqla) 1580 respondentin rəy sorğusunu keçirib. Respondentlərin evlərində şəxsi müsahibə üsulu ilə keçirilən rəy sorğusu 18 və yuxarı yaş əhalini əhatə etmişdir. Sorğu xüsusi hazırlıq kursunu keçmiş intervüerlər qrupu tərəfindən aparılmışdır. Yaşayış məntəqələrinin seçimi çoxpilləli stratifikasiya edilmiş təsadüfi ərazi seçimi üsulu ilə aparılmış və rayonların bərabər əhatə olunması təmin edilmişdir. SİA-nın verdiyi məlumata görə, rəy sorğusunun nəticələrinin təqdimatında İctimai Birliyin rəhbəri İradə Yaqubova bildirib ki, sorğunun əhatə etdiyi yaşayış məntəqələrinin 50,4%-ni şəhər, 6,2%-ni qəsəbələr, 43,4%-ni isə kəndlər təşkil edib. Respondentlərin cins və yaş üzrə seçimi ölkə üzrə mövcud statistik məlumat bazasına uyğun aparılmışdır.
Onun sözlərinə görə, sorğuda iştirak edən respondentlərin 49,4%-ni kişilər, 50,6%-ni isə qadınlar təşkil edib. Yaş kateqoriyalarına görə respondentlərin 28,7%-i 18-29 yaş, 22,3%-i 30-39 yaş, 18,8%-i 40-49 yaş, 16,8%-i 50-59 yaş, 13,4%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olmuşlar. Ailə vəziyyətlərinə görə onların 73,3%-i evli, 19,9%-i subay, 5,2%-i dul,1,6%-i isə boşananlar olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 48,3%-i orta təhsilli, 20,7%-i orta ixtisas təhsilli, 4,2%-i natamam ali təhsilli, 20,5%-i ali təhsilli, 6,3%-i isə tam orta təhsili olmayanlardır. Məşğulluqlarına görə respondentlərin 17,3%-i dövlət sektorunda, 21,7%-i özəl sektorda, 15,2%-i özünə işləyən, 3,3%-i tələbə, 11,3%-i işləməyən təqaüdçü, 8,1%-i işsiz, lakin iş axtaran, 23,1%-i isə evdar qadınlardır. 2013-cü il Prezident seçkilərindən sonra dövlətimizin idarə edilməsində qazanılan uğurları qeyd edən respondentlərin 94,3%-i uğurların olduğunu vurğulayıblar. Bu uğurların sırasında təhlükəsiz yaşayış şəraiti (81,6%), sabit siyasi vəziyyət (78,9%), Qarabağ probleminin həlli istiqamətində fəaliyyət (44,3%) və digərləri qeyd olunmuşdur.
Növbəti mərhələdə rəyi soruşulanlara ölkə Prezindentinin həyata keçirdiyi siyasətlə bağlı suallar verilib. Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti qiymətləndirənlərin 94,1%-i bu siyasəti dəstəklədiklərini, 2,9%-i dəstəkləmədiklərini bildiriblər. Rəyi soruşulanların 3,0%-i cavab verməkdə çətinlik çəkiblər.
Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili siyasəti qiymətləndirdikdə rəyi soruşulanların çoxu (86,0%-i) bu siyasəti dəstəklədiklərini, 6,3%-i isə dəstəkləmədiklərini qeyd ediblər. Rəyi soruşulanların 7,7%-i suala cavab verməkdə çətinlik çəkiblər.
Son 5 ildə Qarabağ probleminin həlli istiqamətində ölkə Prezidentinin atdığı addımları qiymətləndirən respondentlər bu fəaliyyəti yüksək qiymətləndiriblər. Onların 65,3%-i atılan addımları çox uğurlu, 23,2%-i - uğurlu, 6,3%-i uğursuz hesab ediblər. 5,2% rəyi soruşulan isə cavab verməkdə çətinlik çəkib.
Azərbaycan-Ermənistan münaqişəsinin həllində 25 ildən artıq iştirak edən beynəlxalq strukturların fəaliyyətinə münasibət birmənalı olmuşdur. Belə ki, ATƏT-in Minsk qrupu, AŞPA, BMT təmsilçilərinin fəaliyyətini uğurlu hesab edənlərin sayı cəmi 7,0% olmuşdur. Bu qurumların fəaliyyətini uğursuz hesab edənlər 86,9%-dir. Cavab verməkdə çətinlik çəkənlərin nisbi sayı 6,0% olmuşdur. Uğursuz fəaliyyəti qeyd edənlərin 28,3%-i, yəni üçdə biri, bu qurumların problemin həllinə münasibətlərini laqeyd, hətta ermənipərəst hesab ediblər.
Sorğu zamanı respondentlərə növbəti Prezident seçkiləri indi, məsələn, gələn həftə keçirilərsə kimə səs verərdiniz sualı ünvanlanıb. Lakin sorğunun Prezident seçkiləri elan olunduğu vaxta təsadüf etdiyindən respondentlər bu suala 2018-ci il aprel ayının 11-də Azərbaycanda keçiriləcək Prezident seçkilərini nəzərdə tutaraq cavab veriblər. Seçkilərdə iştirak edəcəklərinə dair suala cavab verən rəyi soruşulanların 66,5%-i seçkilərdə həmişə iştirak etdiklərini qeyd edərək səs verəcəklərini bildiriblər. Respondentlərin 26,1%-i ola bilər ki, iştirak edəcəklərini, 6,8%-i heç vaxt seçkilərdə iştirak etmədiklərini deyiblər. Cavabdan imtina edənlərin sayı 0,6% təşkil edib.
Sorğu zamanı respondentlərə 2013-ci ildə keçirilmiş ölkə Prezidenti seçkilərində kimə səs verdiklərini barədə sualla müraciət edilib. Onların 83,3%-i İlham Əliyevi, 1,2%-i başqa namizədləri dəstəklədiklərini deyiblər. Rəyi soruşulanların 8,6%-i seçkilərdə müxtəlif səbəblərdən, o cümlədən yaşları çatmaması səbəbindən iştirak etməyiblər. Respondentlərin 6,9%-i cavab verməkdə çətinlik çəkiblər.
Ölkəmizdə 2018-ci ilin aprel ayının 11-də keçiriləcək Prezident seçkilərində edəcəkləri seçimi açıqlayan respondentlərin 84,1%-i seçkilərdə birmənalı olaraq İlham Əliyevə səs verəcəklərini bildiriblər. Rəyi soruşulanların 0,2%-i başqa namizədlərə səs vermək niyyətindədirlər. Rəyi soruşulanların 9,2%-i hələ seçim etmədiklərini bildiriblər. 6,5% respondent isə ümumiyyətlə seçkilərdə iştirak etməyini etiraf edib. Göründüyü kimi, sorğunun nəticələri onu deməyə əsas verir ki, əvvəllər olduğu kimi bu gün də Azərbaycan seçicisi Prezident İlham Əliyevə alternativ görmür, ötən prezidentlik dövründəki fəaliyyətini qənaətbəxş hesab edir və birmənalı olaraq növbəti prezidentlik müddətində ölkənin məhz onun rəhbərliyi altında olmasını istəyir.

Digər xəbərlər