Martın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İran Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhanini qarşılayıb.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub. Dövlət başçıları görüşdə çıxış ediblər.
Prezident İlham Əliyev:
-Hörmətli cənab Prezident, Azərbaycan xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Əminəm ki, səfər çox uğurlu olacaq, İran-Azərbaycan dostluq və qardaşlıq əlaqələri inkişaf edəcək. Bizim aramızda çox sıx əlaqələr mövcuddur. Bütün sahələr üzrə çox yaxşı əməkdaşlıq edirik. Həm siyasi, həm iqtisadi, mədəni, enerji, nəqliyyat - bütün sahələrdə yaxşı nəticələr var və bu gün imzalanacaq sənədlər əlaqələrimizin inkişafına yeni təkan verəcək. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir. Görüşlər zamanı əldə edilmiş razılaşmalar, verdiyimiz tapşırıqlar yerinə yetirilir.
Əvvəli-Səh-2
Bunun nəticəsində bu gün İran-Azərbaycan əlaqələri ən yüksək zirvəyə çatmışdır. Bir daha xoş gəlmisiniz.
x x x
Prezident Həsən Ruhani:
-Çox şadam cənab Prezident. Biz bu Novruz bayramı günlərində Sizin ölkənizin və xalqınızın qonağıyıq. Regionun iki böyük milləti, iki böyük xalqı ortaq tarix və mədəniyyətə sahibdir. Eyni zamanda, ortaq məqsədlər də müəyyənləşdirilib ki, qarşıdakı hədəflərə nail olunsun. Çox sevinirəm ki, hər dəfə Sizinlə görüşürük. Bunun şahidi oluruq ki, iki ölkənin əlaqələrində inkişaf əldə etmişik. Ötən bir neçə ildə biz onuncu dəfədir ki, görüşürük, yəni, üzbəüz görüşürük. Bu da göstərir ki, iki ölkənin əlaqələri səmimiyyətə söykənir. Keçmişdə razılaşdığımız məsələlər bu gün öz töhfəsini verir və sabah da biz bir neçə açılışın şahidi olacağıq. Budəfəki səfərimizdə də əldə edəcəyimiz razılaşmalar qətiyyətlə deyə bilərəm ki, iki ölkənin əlaqələrinin inkişafına xidmət edəcək. Biz Azərbaycanın təhlükəsizliyini və suverenliyini öz təhlükəsizliyimiz və suverenliyimiz hesab edirik. İki dövlət, iki millət və iki xalqın iradəsi ilə biz bu əlaqələri daha da inkişaf etdirəcəyik. Zati-alinizin və xalqınızın qonaqpərvərliyinə görə bir daha təşəkkür edirəm. Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Martın 28-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidentliyi arasında Əməkdaşlıq haqqında İcra Proqramını”nı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və İran İslam Respublikası Prezidentinin ailə və qadın məsələləri üzrə müavini Məsumə İbtikar imzaladılar.
“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 2018-2019-cu illər üzrə İcra Planı”nı Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov və İran İslam Respublikasının idman və gənclər naziri Məsud Sultanifər imzaladılar. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2018-2021-ci illər üçün Mədəniyyət və İncəsənət üzrə Mübadilə Proqramı”nı Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbüzər İbrahimi Türkman imzaladılar.
“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna dair Fəaliyyət Proqramı”nı Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev və İran İslam Respublikasının səhiyyə nazirinin müavini İrəc Hərirçi imzaladılar. “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və İran İslam Respublikasının neft naziri Bijən Namdar Zəngənə imzaladılar.
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə İran İslam Respublikasının Sənaye, Mədən və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriətmədari imzaladılar.
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiyan imzaladılar. “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran İslam Respublikası ərazisində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş”i Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiyan imzaladılar.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani mətbuata bəyanatlarla çıxış ediblər. Martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin şərəfinə rəsmi qəbul təşkil edilib.