Azərbaycan Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edib
Aprelin 5-də Bakı Konqres Mərkəzində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edib.
Nazirlər konfransında Qoşulmama Hərəkatında iştirak edən, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri olmaqla ümumilikdə 800-dən artıq şəxs iştirak edir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı müasir dünyada öz aktuallığını daha da artırır. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rola malikdir. Azərbaycan Respublikası da Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına və 2019-cu ildə Bakıda keçiriləcək Zirvə görüşünə ev sahibliyi, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verir.
Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçiriləcək 18-ci Sammitinin böyük rəmzi mənası var. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi edəcək. Bununla da Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha bütün dünyaya nümayiş etdirəcək. Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olub. Onu da deyək ki, Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat isə Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.
Konfransdan əvvəl birgə foto çəkdirildi. Qoşulmama Hərəkatına sədrlik edən Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserrat çıxış edib:
“Biz Azərbaycan Respublikasına, Azərbaycan Prezidentinə və Azərbaycan Respublikası hökumətinə Qoşulmama Hərəkatının XVIII nazirlər konfransında yüksək qonaqpərvərliyə görə minnətdarlığımızı ifadə etmək istərdik. Ötən dövrdə əldə olunmuş nailiyyətləri, milli və beynəlxalq vəziyyəti, o cümlədən Qoşulmama Hərəkatının rolunu qiymətləndirmək bu gün bizim üçün vacibdir. Zati-aliləri, Prezident Əliyev, nazirlər, nümayəndə heyətlərinin rəhbərləri, bacılar və qardaşlar.
2016-cı ilin sentyabrında keçirilən tarixi Sammitdə Qoşulmama Hərəkatının sədrliyini qəbul edərkən biz birlik və müxtəliflik əsasında üzvlüyü təmin etmək, həmçinin üzv ölkələr arasında həmrəyliyi gücləndirmək, bu mühüm hərəkatın canlandırılması prosesində irəliləyişə nail olmaq üçün üç əsas hədəfi müəyyənləşdirdik. İl yarımdan sonra bu gün biz qarışıqlıq, qeyri-müəyyənlik və başqa ölkələrin suverenliyi üçün problemlər yaratmaq istəyən bəzi ölkələrin yürütdüyü siyasət nəticəsində daha da ciddiləşən bir çox çağırışlarla üzləşirik. Bu, sülh və beynəlxalq həmrəyliyə ziddir. Bəşəriyyət çox dinamik və mürəkkəb vəziyyətlə üz-üzədir. Çünki bəzi ölkələrin yürütdüyü siyasət getdikcə daha da eqoist və qərəzli olur. Halbuki reallıqda kompleks yanaşma olmalı, eyni zamanda, dialoq və həmrəylik ruhu hökm sürməlidir.”
Sonra Qoşulmama Hərəkatının Venesuelanın Marqarita şəhərində keçirilən sonuncu Sammitindən ötən müddətdə dünyasını dəyişən prezidentlərin və liderlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlətimizin başçısı açılış mərasimində nitq söylədi.
Azərbaycan Prezidenti İlham Əliyev öz nitqində bildirib ki, yarım əsrdən çoxdur ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliği ilə məşğuldur. Dünyanın ən böyük təşkilatlarından olan Qoşulmama Hərəkatı dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında vacib rol oynayır. Qoşulmama Hərəkatı beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü prinsiplərinə, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadiqdir:
“Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür. Biz bu ailəyə 2011-ci ildə qəbul olunduq, dərhal təşkilatın və onun üzvlərinin dəstəyini hiss etməyə başladıq. Bu dəstək Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi proseduru zamanı nümayiş olundu. Bu 2011-ci ildə, ölkəmizin təşkilata qəbul olunduğu eyni ildə baş verdi və biz tərəfdaşlarımızın güclü dəstəyini hiss etdik. Bu, o qədər də asan məsələ deyildi, çünki bizim güclü rəqiblərimiz var idi və həmin rəqiblər təşkilatımıza üzv olmayan ölkələr idi. Seçilməyimiz üçün 16 raund tələb olundu və biz 155 dövlətin dəstəyi ilə qeyri-daimi üzv seçildik. Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının dəstəyi bizim ən mötəbər beynəlxalq quruma üzv seçilməyimizdə həlledici rol oynadı.
Bu, bir daha bizim gücümüzü nümayiş etdirir. Onu nümayiş etdirir ki, birlikdə olanda nailiyyətlərimiz çox ola bilər. Bu, üzv dövlətlər arasında həmrəyliyin təzahürüdür. Bu, eyni zamanda, təşkilatımızın imkanlarının göstəricisidir. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş Azərbaycan iki il ərzində orada təşkilatımızın bütün üzvlərini təmsil etdi. Bəyan etdik ki, biz uzun illərdir bir çox hallarda pozulan ədalət və beynəlxalq hüququ müdafiə edəcəyik.
Azərbaycan beynəlxalq hüququn və ədalətin pozulmasının şahidi olub və bunu öz üzərində hiss edib. İyirmi beş ildən artıqdır ki, ölkəmizin ərazisinin bir hissəsi Ermənistanın işğalı altındadır. Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonumuz erməni işğalı altındadır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan tərəfindən bizim xalqa qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib. Həmin soyqırımı dünyanın 10 dövləti tərəfindən tanınıb. Ümidvaram ki, üzv dövlətlər də bu məsələni müzakirə edəcək və insanlığa qarşı olan həmin cinayətlə bağlı mövqelərini bildirəcəklər. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın və 63 uşaq vəhşicəsinə işgəncəyə məruz qalıb və qətlə yetirilib. Minlərlə insan yaralanıb və ya itkin düşüb. Bu, insanlığa qarşı olan bir cinayətdir.
Təəssüf ki, işğal bu günə qədər davam edir. Fürsətdən istifadə edərək, Qoşulmama Hərəkatının üzv dövlətlərinə, bu ailəyə təşəkkürümü bildirirəm ki, təşkilatımızın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamədə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə edilib. Biz bu dəstəyə görə çox minnətdarıq. Digər təşkilatlar da oxşar qətnamələr qəbul ediblər.
BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib ki, orada Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Təəssüf ki, həmin qətnamələr həyata keçirilməyib, çünki icra mexanizmi mövcud deyil. İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT və digər aparıcı təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edən qətnamə və qərarlar qəbul ediblər, lakin onlar icra olunmayıb. Təəssüflər olsun ki, beynəlxalq hüququn kobud şəkildə pozulması və ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına baxmayaraq, bu ölkə sanksiyalara məruz qalmayıb. Münaqişənin əvvəlində Ermənistana qarşı sanksiyalar tətbiq edilsə idi, düşünürəm ki, münaqişə çoxdan öz həllini tapmış olardı. Yəni, biz münaqişənin beynəlxalq hüququn normaları, Azərbaycanın suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipinə əsasən həllinin tərəfdarıyıq.
İşğal olunmuş ərazilər tamamilə viran edilib. ATƏT faktların toplanması məqsədilə oraya iki dəfə araşdırıcı missiya göndərib və onların hesabatlarına əsasən, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz, məzarlıqlarımız və muzeylərimiz erməni vandalları tərəfindən dağıdılıb. Bu, bizim mədəniyyətimizə qarşı olan cinayətdir. Azərbaycan ərazisinin işğalına son qoyulmalıdır və yalnız ondan sonra regionda sülh bərqərar oluna bilər. Ermənistan ölkədə ksenofobiya bəsləyir, bu, bir monoetnik dövlətdir. Orada heç bir başqa millət yaşamır və Ermənistan əhalisinin 99,9 faizi ermənilərdən ibarətdir. Bu ölkədə yaşayan azərbaycanlılar və digər millətlərin nümayəndələri orada etnik təmizləməyə məruz qalıblar.
Ermənistandan fərqli olaraq, Azərbaycan mədəniyyətlərarası, sivilizasiyalararası və dinlərarası dialoqun dünya səviyyəsində tanınmış mərkəzlərindəndir. Biz multikulturalizm mərkəzlərindən biriyik. Azərbaycanda multikulturalizm dövlət siyasətidir. 2016-cı il ölkəmizdə “Multikulturalizm İli” elan edilib. Biz multikultural dəyərləri, dinlərarası sülh və əməkdaşlığı təbliğ edən çoxsaylı beynəlxalq tədbirlər təşkil etmişik. BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya Dini Liderlərinin Forumu, Bakıda mütəmadi qaydada təşkil olunan Mədəniyyətlərarası Dialoq Forumu və təşkil etdiyimiz digər beynəlxalq tədbirlər multikulturalizmə öz töhfəsini verir. Azərbaycan özünün tarixi ilə qürur duyur. Müxtəlif dinlərin nümayəndələri ölkəmizdə əsrlər boyu sülh və ləyaqət şəraitində yaşayıblar. Bu gün bizim tarixi abidələrimiz həmin mədəni müxtəlifliyi özündə əks etdirir. Bizim gücümüz mədəni müxtəlifliyimizdədir. Multikulturalizmin alternativi yoxdur. Onun alternativi ayrı-seçkilik, ksenofobiya və islamofobiyadır. Hesab edirəm ki, bu məsələlər müzakirə edilməlidir və Azərbaycan bu dəyərlərin təşviqində öz vacib rolunu oynamaqda davam edəcəkdir.
Azərbaycan Qoşulmama Hərəkatının yeganə üzvüdür ki, “Ekspo 2025”ə öz namizədliyini irəli sürüb. Bu addımın özü göstərir ki, fikrimizcə, biz bu cür mühüm qlobal tədbiri keçirməyə qadirik. Müstəqilliyini cəmi 26 il öncə bərpa etmiş ölkə üçün, hesab edirəm ki, həmin tədbir qazandığımız nailiyyətləri və həqiqi olaraq, müstəqil olduğunuz təqdirdə əldə edilə biləcək nəticələri nümayiş etdirmək fürsəti olardı. Əgər siz heç bir tərəfdən asılı deyilsinizsə, siz bir çox nəticələri əldə edə bilərsiniz. Buna görə mən namizədliyimizə gəldikdə, üzv dövlətlərin dəstəyinə ümid edirəm və bu, həmrəylimizin növbəti təzahürü olacaqdır. Biz bir-birimizi dəstəkləməliyik. Qarşımızda demək olar ki, oxşar çağırışlar, problemlər dayanır. Keçmişimiz də, müəyyən dərəcədə, oxşardır. Hamımız öz həyatımızı, müstəqil həyat sürməyi arzulayırıq. Biz hamımız istəmirik ki, kimsə bizdən nə etməyi tələb etsin, işlərimizə müdaxilə etsin, bizə diktə etsin. Bunun üçün biz güclü olmalıyıq. Biz yalnız birlikdə olduqda güclü ola bilərik.” Nazirlər konfransı işini çıxışlarla davam etdirib.