«Bütün zamanlarda cəmiyyətlər qarşısında dayanan əsas suallardan biri bu olub: “nə etməli?” Bir zamanlar N.Q.Çernişevskinin öz məşhur romanı ilə gündəmə gətirdiyi bu sual ziddiyyətlər, gözlənilməzliklər, xalqlara və ölkələrə qarşı qlobal təhdidlərlə dolu indiki dünyamızda daha da aktualdır. Xalq, cəmiyyət o liderə dəstək verir ki, onun bu suala bəlli bir cavabı olsun. Azərbaycan Prezidentinin 2003-cü ildən bəri gördüyü bütün işlərin, uğurla həyata keçirdiyi layihələrin hər biri bu suala cavabdır». Bu fikirləri YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva deyib.N.Əliyeva bildirib ki, dövlətimizin başçısının Yeni Azərbaycan Partiyasının VI Qurultayındakı proqram xarakterli nitqi göstərdi ki, Onun bu suala bütün zamanlara aid cavabı var. O nəinki bu günün, həmçinin bir neçə on il sonranın Azərbaycanında da yerinə yetirilməli olan milli vəzifələr haqqında geniş təsəvvürə, aydın vizyona malikdir. Cənab İlham Əliyev müdrik bir strateq kimi, Azərbaycanın gələcəyi barədə yalnız düşünmür, Onun siyasəti sayəsində insanlar öz təsəvvürlərində parlaq gələcəyi qurub yarada bilirlər. Ən əsası, Prezident İlham Əliyev Azərbaycanı bu təsəvvürün reallaşdığı gələcəyə doğru aparan yolu dəqiqliklə görə bilir.«Cənab İlham Əliyev Azərbaycanın böyük gələcəyə gedən yolunu belə təsvir edib: “Azərbaycan müasirliyə gedən yoldadır. Biz inkişaf etməliyik, biz ən qabaqcıl standartları milli dəyərlərimizə uyğun olan şərtlə tətbiq etməliyik. Biz çox möhkəm milli köklər üzərində dayanmışıq və bu, bizim üçün əsasdır. Eyni zamanda, biz həmişə dünyaya açıq olmalıyıq və ən qabaqcıl texnologiyaları ölkəmizə gətirməliyik”. Bu, möhtərəm Prezidentimizin xoşbəxt gələcəyimiz haqqında inamla söylədiyi məqsəddir. Əminliklə söyləyə bilərik ki, Azərbaycan xalqının 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində hər zaman inanıb güvəndiyi Liderinə - cənab İlham Əliyevə verdiyi dəstəklə bu böyük gələcəyə doğru yol davam edəcək!»- deyə, YAP Qadınlar Şurasının sədri qeyd edib.
yap.org.az