AXCP sədri “Milli Şura”nın gizli toplantısında əsəbini cilovlaya bilməyib
REAL hərəkatının sosial şəbəkə üzərindən qurultay keçirərək, partiyaya çevrilməsi müxalifətin digər cinahında yer alan “Milli Şura” rəhbərliyini təlaşlandırıb. Xüsusilə, AXCP sədri Əli Kərimli əsəblərini cilovlaya bilməyərək, “Milli Şura”nın gizli toplantısını çağırıb və qurumun sözdə sədri Cəmil Həsənli, eləcə də “koordiasiya şurası” ilə birgə REAL-a qarşı sonrakı addımların necə atılması ətrafında planlarını müzakirə edib. Ə.Kərimliyə yaxınlığı ilə seçilən və bəlli səbəblərə görə adının açıqlanmasını istəməyən cəbhəçi mənbənin bildirdiyinə görə, “Milli Şura”nın hələ mart ayında Müsavat partiyasına, REAL-a, həmçinin bir sıra siyasiləşmiş QHT-lərə birgə mitinq keçirmək çağırışından sonra məhz REAL hərəkatının həmin çağırışı rədd etməsi onun İlqar Məmmədovun sədri olduğu siyasi quruma qarşı antipatiyasını daha da artırmış oldu.
AXCP sədri artıq öz qarşısında onu siyasi cəhətdən məhv edəcək rəqib görməkdədir
Üstəlik, REAL-ın rəhbərliyində yer alan Natiq Cəfərlinin, Azər Qasımlının “Milli Şura”nın Müsavat partiyası və s. müxalif qurumlarla, o cümlədən radikal dindarlarla birgə keçirdiyi mitinqləri sosial şəbəkələrdə, mətbuatda sərt şəkildə tənqid etmələri ortada olan gərginliyi daha da artırmış oldu. Bu baxımdan, REAL-ın partiyaya çevrilməsi belə qənaətə gəlməyə zəmin yaradır ki, AXCP sədri artıq öz qarşısında onu siyasi cəhətdən məhv edəcək rəqib görməkdədir. Çünki onu da etiraf edə bilərik ki, “Milli Şura”-AXCP cütlüyü son zamanlar sıralarını itirməkdə davam edir və nə qədər maraqlı olsa da, cəbhəçilərin əksəriyyəti REAL-a tərəf üz tuturlar. Söz yox ki, Ə.Kərimli bundan qıcıqlanır, üstəlik bu mübarizədə uduzduğunun fərqinə varır.
Bu arada, aprelin 9-da REAL-ın ofisində bu qurumun partiyaya çevrilməsi ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə qurumun idarə heyətinin üzvü Azər Qasımlı çıxış edərək deyib ki, artıq REAL bir partiyadır və bundan sonra belə təqdim olunacaq.
Əli Kərimli yaxşı anlayır ki, onun sədri olduğu partiyaya artıq bir neçə yerdən alternativ partiyalar yaradılır, bunun sonu isə “siyasi ölüm” olaraq qiymətləndirilə bilər
İlginc cəhətlərdən biri də budur ki, REAL-ın icraçı katibi N.Cəfərli AXCP, Müsavat kimi partiyalara eyham vuraraq, Avropadakı “siyasi mühacirlərlə” bağlı sualları cavablandırıb və deyib ki, onlardan fərqli olaraq, bu qurum kimsəyə saxta arayışlar və s. verməyəcək: “Biz qırmızı xətt çəkmişik. Avropada sığınacaq almaq üçün REAL-a edilən müraciətə heç vaxt müsbət reaksiya verməyəcəyik. İndiyə qədər heç kimə arayış verməmişik, bundan sonra da verməyəcəyik”.
Göründüyü kimi, REAL hərəkatı öz statusunu dəyişərək, yəni partiyaya çevrildiyini bəyan etməklə, özünü müxalifətin “anası” kimi zorla ictimai rəyə sırıyan Əli Kərimliyə və onun ətrafına açıq-aşkar meydan oxuyur və bu faktor qarşıdakı zamanlarda düşərgədə kəskin deqradasiyanın yaranmasına, partiyalararası savaşların artmasına zəmin olacaq. Çünki Ə.Kərimli yaxşı anlayır ki, onun sədri olduğu partiyaya artıq bir neçə yerdən alternativ partiyalar yaradılır, bunun sonu isə “siyasi ölüm” olaraq qiymətləndirilə bilər. AXCP sədri də məhz “siyasi ölüm” qorxusundan son çabalarını verərək, ayaqda qalmağa səylər göstərir. Hər halda, REAL-ın hərəkatdan partiyaya çevrilməsi və bu amilin təhlili belə nəticəyə gəllməyə kifayət qədər imkan yaratmaqdadır.
sia.az