PDF Oxu

Siyasət

  • 4 140

2018-ci il Azərbaycan iqtisadiyyatı üçün çox ciddi uğurlarla başlayıb

2018-ci il Azərbaycan iqtisadiyyatı üçün çox ciddi uğurlarla başlayıb

Prezident İlham Əliyev: “Artıq ölkədə 1 milyon 500 min iş yerinin yaradılmasına çox az qalıb”
2018-ci il Azərbaycan iqtisadiyyatı üçün çox ciddi uğurlarla başlayıb. Bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatı 2,3 faiz artıb. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə təxminən 10 faiz artıb. Bu da ölkəmizdə son illər ərzində aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Kənd təsərrüfatında isə artım 4,2 faizdir. Azərbaycanın valyuta ehtiyatları da 2,2 milyard dollar artaraq hazırda 44,2 milyard dollara çatıb. Prezident İlham Əliyevin Sədrliyi ilə aprelin 9-da Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkəmizin başçısı bu məsələni xüsusi qeyd edib: “Hesab edirəm, 3 ay ərzində 2 milyard dollardan çox artan valyuta ehtiyatlarımız bir tərəfdən, onu göstərir ki, biz ehtiyatlarımızdan çox qənaətlə istifadə edirik, digər tərəfdən, bu, son illər ərzində apardığımız uğurlu neft siyasətinin nəticəsidir”.
Müşavirədə Prezident İlham Əliyev qeyd edib ki, ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulubdur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir: “Bu, onu göstərir ki, ölkəmiz xarici investorlar üçün çox cəlbedicidir”.
Ötən müddət ərzində, Azərbaycanın xarici ticarət dövriyyəsi 31 faiz artıb. Qeyri-nefti ixracı isə 37 faiz artıb. 2018-ci ilin birinci rübündə 34 min yeni iş yeri yaradılıb ki, onlardan 31 mini daimi olub. Artıq ölkədə 1 milyon 500 min iş yerinin yaradılmasına çox az qalıb. İqtisadiyyatdakı ən önəmli faktlardan biri də bu ilin birinci rübündə inflyasiyanın gözləniləndən az olmasıdır. Prezident İlham Əliyev bu barədə müşavirədəki çıxışında vurğulayıb ki, birinci rübdə inflyasiya cəmi 4 faiz olub: “Bu barədə də mən ilin əvvəlində öz fikirlərimi bildirmişdim və qeyd etmişdim ki, əminəm, inflyasiya aşağı səviyyədə olacaq və əhalinin gəlirləri inflyasiyanı qabaqlayacaq. Belə də oldu. Əhalinin gəlirləri təxminən 10 faiz artmışdır, inflyasiya isə cəmi 4 faiz. Bax, budur bizim birinci rübdə əldə edilmiş əsas sosial-iqtisadi göstəricilərimiz. Hesab edirəm ki, hər bir ölkə bu göstəricilərlə fəxr edə bilər, o cümlədən, biz. Bu, onu göstərir ki, biz düzgün yoldayıq. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur. Biz güclü iqtisadiyyat yaradaraq, eyni zamanda, sosial məsələlərin həllində addımlar atırıq. Əgər iqtisadi imkanlarımız olmasaydı, biz nəyin hesabına pensiyaları, maaşları qaldıra bilərdik, nəyin hesabına böyük investisiya qoya bilərdik, infrastruktur layihələrini nəyin hesabına həyata keçirə bilərdik?! İqtisadi güc və ondan əlavə bizim siyasətimiz bütün bu reallıqları yaradır”.
Təbii ki, birinci rübdə əldə edilən iqtisadi uğurlar sosial məsələlərin də problemlərində sürətli həllinə yardım edir. Belə ki, birinci rübdə maaşlar və pensiyalar artırılıb. Bu, artımlar onun təsdiqidir ki, Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır. Müşavirədə xüsusi ilə vurğulanmışdır ki, son 15 il ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulmuşdur. Bu, həm xarici, həm daxili sərmayədir. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan dünya miqyasında lider dövlətlər sırasındadır. Xarici sərmayələrin yönəldilməsi həm də Azərbaycana olan inamın aydın təzahürüdür. Məhz bu xarici sərmayələrin önəmli hissəsi yeni infrastrukturanın yaradılmasına istiqamətlənmişdir. İnfrastruktur layihələrdən danışanda, ilk növbədə, elektrik təsərrüfatına qoyulan böyük investisiyalar qeyd edilməlidir. Son 14 ildə ölkədə 30 elektrik stansiyası tikilmişdir. Onların generasiya gücü 2500 meqavata bərabərdir. Azərbaycan Prezidenti İlham Əliyev bu barədə müşavirədə bildirib ki, 2004-cü ilə qədər Azərbaycanda bütün dövrlər ərzində 9 elektrik stansiyası inşa olunmuşdu. Həmin vaxt Azərbaycan işlətdiyi elektrik enerjisinin bir hissəsini idxal edirdi. Hazırda ölkə özünü elektrik enerjisi ilə təmin edir, eləcə də, onu ixrac etmək imkanları yaranıb. Müşavirədə Prezident İlham Əliyev bildirib ki, 14 il əvvəl Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idi. Bölgələrdə yaşayan əhali, demək olar ki, qazdan istifadə edə bilmirdi. Hazırda ölkədə qazlaşdırmanın səviyyəsi 93 faizdir. Şəhərlər qazla 100 faiz təmin edilib. İndi qaz xətləri sovet dönəmində mavi yanacaq almayan ən ucqar kəndlərədək çatır. İlin sonuna qədər ölkədə qazlaşdırmanın səviyyəsi 95 faizə çatdırılacaq, Həmçinin, 2004-cü ildə ölkədə fasiləsiz içməli su ilə təminat 26 faiz idi. Hazırda bu rəqəm 67 faizə çatıb. Oğuz-Qəbələ-Bakı kimi nəhəng su kəməri istifadəyə verilib. Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay kimi böyük su anbarları tikilib. Bu su anbarlarının həm əkin sahələrinin suvarılmasında, həm də əhalinin içməli su ilə təminatında böyük əhəmiyyəti var. Son 15 il ərzində Azərbaycanda 15 min kilometrdən çox yol çəkilib. Magistral avtomobil yolları ilə yanaşı, yeni kənd yollarının salınması və təmir edilməsi əhaliyə rahatlıq gətirir. Təkcə keçən il icra edilən “40 yol” layihəsi çərçivəsində yüzdən çox kəndin yol problemi həll olunub.
Son illərdə Azərbaycanda 3 mindən çox məktəbin tikilməsi, 640-dan çox tibb müəssisəsinin inşa, yaxud əsaslı təmir edilməsi də şərhə ehtiyacı olmayan faktlardır. İndi bütün rayonlarda olimpiya idman kompleksləri, yaxud digər böyük idman qurğuları fəaliyyət göstərir. Bölgələrdə istifadəyə verilmiş müalicə-diaqnostika mərkəzləri ən müasir tibb avadanlıqları ilə təchiz olunub. Bunlar Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaşların maraqlarının dayandığını bir daha sübut edir. Önəmli faktlardan biri də odur ki, Azərbaycanda infrastruktur layihələrinin həyata keçirilməsi davamlı xarakter daşıyır. Bu isə ölkənin inkişafının dinamik davam etdiyinin, xalqın güzəranının getdikcə yaxşılaşdığının göstəricisidir.

“Səs” Analitik Qrupu

Digər xəbərlər