“Ermənistanda 1 may tarixində parlamentdə baş nazirin seçkiləri ilə bağlı vəziyyətdə iki istiqamət üzrə proseslər nəzərdən keçirildi. Birincisi, “Yelk” partiyası, “Çiçəklənən Ermənistan” partiyası və Daşnaksütun partiyası və hakim Respublika Partiyası Nikol Paşinyanı müdafiə edəcəyi təqdirdə Paşinyan Ermənistanın baş naziri olur. İkincisi isə üçtərəfli dəstək alan Paşinyanın hakim Respublika Partiyası tərəfindən müdafiə edilməməsi nəticə etibarilə onun baş nazir seçilməsinin qarşısını alır. Bu ikinci variant öz təsdiqini tapdı. Təbii ki, bu da gözlənilən idi”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirli deyib.“Çünki Ermənistanın hakim respublikaçılar partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan elə səsvermə günü söyləmişdi ki, Paşinyanı dinlədilər və Paşinyan onları inandıra bilmədi və biz onun lehinə səs verməyəcəyik. Beləliklə Ermənistanda indiki situasiya belədir ki, konstitusiyaya görə bir həftə ərzində ikinci dəfə Ermənistan parlamentində baş nazirinin seçimi ilə bağlı səsvermə keçirilməlidir. Bu səsvermə nəticəsində də Respublika Partiyası Paşinyanı müdafiə etməyəcəyi təqdirdə konstitusiyaya görə parlament buraxılmalıdır və növbədənkənar parlament seçkiləri keçirilməlidir. Yəni hadisələrin siyasi və konstitusiya üzrə ssenarisi bu cür cərəyan edə bilər. Amma onu da nəzərdən qaçırmaq olmaz ki, Paşinyan seçkinin nəticələri bəlli olduqdan sonra dərhal üzünü xalqa tutdu. Artıq müddətsiz mitinqlər elan edilib. Ümumiyyətlə Ermənistanda vətəndaş müharibəsi qaçılmaz ola bilər. Ya da ki, Respublika Partiyasının öz daxilində mərkəzdən qaçma prosesi güclənə bilər”-deyə, deputat fikirlərini tamamlayıb.
sia.az