“Azərbaycan Konstitusiyasının üçdə iki hissəsi insan haqlarına, fikir plüralizminə, söz və mətbuat azadlığına xidmət edir. Ölkəmizdə cəmiyyətin inkişafını təmin edən kifayət qədər qanunlarımız var. Amma ən başlıcası siyasi iradədir ki, ölkəmizdə bu təmin edilib”. SİA-nın xəbərinə görə, bu fikirləri Səs Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib.Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə BMT-də etdiyi çıxışı xatırladan B.Quliyev söyləyib ki, ölkə başçısının qeyd etdiyi kimi ölkəmizdə fundamental azadlıqlar qorunur: “Hər kəsə məlumdur ki, vaxtilə Ulu Öndər Heydər Əliyev senzuranı ləğv edib, mətbuatın üzərindən əlavə dəyər vergisini götürüb, mətbuatın inkişafı ilə bağlı tapşırıq və tövsiyələrini verib. Təbii ki, mətbuatın inkişafının bünövrəsi həmin dövrdən qoyulub. Azərbaycan mətbuatının 143 illik ömrü olsa da, müstəqil mətbuatdan, onun demokratik inkişafından danışdıqda 1993-cü ildən sonrakı zamanı götürürük. Ümumiyyətlə, Ümummilli Liderin mətbuatın inkişafında xüsusi xidmətləri var. Bu gün də biz görülən işlərə fundamental proqram kimi yanaşırıq”.Səs Media Qrupun rəhbəri qeyd edib ki, 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin mətbuatın inkişafı ilə bağlı imzaladığı konsepsiya isə mətbuatın inkişafının ikinci mərhələsinə keçidi təmin etdi: “Bu konsepsiyaya uyğun olaraq Kütləvi İnformasiya Vasitələrinə İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyət göstərməkdədir. Bütün bunların hamısı dövlətin demokratik dəyərlərə yanaşmasıdır. Artıq bütün dünya Azərbaycanda gedən tendensiyaları yaxşı mənada təqdir edir. Aprelin 11-də keçirilən seçkilərdə beynəlxalq müşahidəçi kimi Azərbaycana gələn jurnalistlər də etiraf etdilər ki, bu gün Azərbaycan dünyaya yeni model təqdim edir. Dünyanın heç yerində kütləvi şəkildə jurnalistlərə mənzil verilməsi ənənəsi yoxdur. Azərbaycanda jurnalistlərə verilən mənzillər heç bir şərt qoyulmadan, jurnalisin əqidəsinə, tutduğu mövqeyə baxmadan təqdim edilir. Bu cür yanaşma dövlətin həm jurnalist qayğısı, həm jurnalistikaya verilən dəyər, həm də dünyada demokratik dəyərlərə yanaşmanın yeni formasıdır. Bir sözlə, Azərbaycanda söz və mətbuat azadlığı yetərincə təmin edilib”.
sia.az